"Space" telekanalının ətrafında gedən söz-söhbətlər səngimək bilmir. Ən əsası 5 gün öz vəzifəsini icra edən Ülviyyə Mikayılovanın qəflətən istefa verməsi isə elə bil bu oda bir az da benzin səpdi. Ondan sonra diqqətlər televiziyanın yaradıcılıq böhranına deyil, maliyyə məsələlərinə yönəldi.
Gundemxeber.Az "Bizim.media"ya istiandla xəbər verir ki, işçilərin bir çoxu kanalda aylarla maaşlarını ala bilmədikləri üçün ümumiyyətlə işə gəlib, öz səlahiyyətlərini yerinə yetirmir.
Bu barədə onlara irad bildirdikdə isə "Nə vaxt maaş olar, onda gələrik" deyə cavab alırlar. Kanalın əməkdaşlarının bir kəsimi isə sentyabra qədər maaşlarının bütöv ödənilməsini gözləyib, kanalı tərk edəcəklərini bildirirlər.
Mənbə bildirir ki, işçilərə maaşlar 2-3 aydan bir ödənilir. Belə ki, dekabr ayında iyunun maaşını alanlar yanvar, fevral və mart ayında məvacib almayıb. Daha sonra aprel ayında maaş alarkən işçilərə keçən ilin avqust ayı üçün əmək haqqı ödənilib. Hazırda işçilərə ödənilən son məvacib avqust ayı üçün nəzərdə tutulduğunu hesablasaq, kanalın əməkdaşları 9 aylıq əldə edə bilmədikləri pullarını gözləyirlər. Mənbə bildirir ki, zamanında maaş ala bilməyən əməkdaşlar bu vəziyyətə etiraz etdikdə isə, kanal rəhbəri tərəfindən dərhal qeyir-şərtsiz kanaldan uzaqlaşdırılırdı.
Gizli mənbə bildirir ki, heç nəyə baxmayaraq, bəzi sadiq işçilər kanalda proseslərin yaxşılığa doğru dəyişəcəyinə ümid edir.
Kanalın bəzi işçiləri isə maaşlarını kanalın keçmiş rəhbəri Vaqif Mustafayevdən və proqram departamentinin direktoru olmuş Tamara Məmmədovadan tələb edir. Mənbə bildirir ki, kollektiv arasında "Vaqif müəllimin sağ əli" kimi tanınan "Toma" ləqəbli bu xanım son zamanlar kanalın bütün müqəddəratını həll edirdi. İşçilər arasında o, hamıya "qan udduran" və "torba tikən" kimi tanınırdı.
Ağzı "süddən yanan", aylarla maaş üzünə həsrət qalan kollektiv isə bu şəxslərdən halal zəhmətlərini, haqqlarını tələb edirlər:
"Vaqif Mustafayev "Space"in pulları ilə özünə nə qədər evlər, obyektlər aldı. "Toma"sına hələ nə qədər ev, obyekt alıb. Burada bir yol var bu əmlaklar onlardan müsadirə edilib, satışa çıxarılmalıdır ki, biz əmək haqqlarımızı alaq və kanal borc bataqlığından qurtulsun. Yoxsa bunun başqa yolu yoxdur",- deyə, əməkdaşlar etiraz edirlər.
Xatırladaq ki, 2006-cı ildən kanalın rəhbəri olmuş Vaqif Mustafayev 2021-ci il fevralın 5-də vəzifəsindən azad edilib.
Onu kanalda müvəqqəti olaraq, Kamil Şahverdiyev əvəz edib. Daha sonra isə may ayının 5-də rəsmi olaraq bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb. Lakin 5 gündən sonra o, qəfildən ərizə yazaraq istefa verib. Buna səbəb kimi isə kanalın borcunun həddən artıq çox olması göstərilib. Hazırda kanalı, yenə müvəqqəti olaraq, Kamil Şahverdiyev idarə edir.
Sorğu
Yeni dizaynımız necədir?