Bir müddət bundan əvvəl gundemxeber.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Qaradağ rayonu ərazisində, hansı ki, Abşeron rayonunun Perekeşkül qəsəbəsinə yaxın sahədə yerləşən və Müdafiə Nazirliyinin tabeliyində olan “N” saylı hərbi hissənin təlim mərkəzlərinə məxsus olan torpaq sahələrinin, hərbi hissə komandanlığı ilə əlbir olan Akif Axundov adlı fiziki şəxs tərəfindən kənar insanlara satılması barədə sensasion məlumatlar daxil olmuşdu. Daxil olan məlumatlarda qeyd olunur ki, müəyyən məbləğ “haqq-hesab”ın qarşılığında “N” saylı hərbi hissənin təlim mərkəzlərinə məxsus torpaq sahələrini ələ keçirən şəxslər, bu günə kimi həmin sahələrdə özləri üçün fərdi yaşayış evləri, ictimai-iaşə obyektləri, kiçik müəssisələr, mal-qara saxlamaq məqsədilə fermalar və s. inşa ediblər.
Bəli, redaksiyamıza belə bir məlumatlar daxil olduqdan sonra qeyd olunan ərazilərdə jurnalist araşdırmaları həyata keçirdik və bir çox həqiqətlərin canlı şahidi də olduq. Yəni, bəlli olan o oldu ki, “N” saylı hərbi hissəyə rəhbərlik edən komandanlıq, deyəsən iştahasını heç cür cilovlaya bilmədiyindən o, daha çox var-dövlətə sahib olmaq üçün belə bir addımını atır. O halda ortaya bir çox düşündürücü suallar çıxır ki, deməli Perekeşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissə komandanlığı üçün Azərbaycan ordusunun hazırlıq göstəricisinin necə olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Əməkdaşlarımızın əraziyə baxış keçirərkən məlum oldu ki, tək piyada hərbiçilərin deyil, hətta zirehli hərbi texnikaların da təlim keçirməli olduğu ərazilər də Akif Axundov tərəfindən satışa çıxarılıb.
Onu da öyrənə bildik ki, həmin ərazidə torpağın bir sotu 2000 manata satılır. Əgər komandanlıq üçün qeyd olunan göstərici əhəmiyyət kəsb etsəydi, deməli o, belə bir addımın atılmasına qəti şəkildə etiraz edərdi. Bu da onu söyləməyə əsas verir ki, komandanlıq rəhbərlik etdiyi hərbi hissədən əldə etdiyi gəlirlərlə iştahasını cilovlamağı bacarmır və Akif Axundov adlı fiziki şəxslə şərikli iş birliyinə girir.
Qeyd edək ki, gundemxeber.az xəbər portalının redaksiyasına belə bir məlumatlar daxil olduqdan sonra, məsələlərə aydınlıq gətirilməsi məqsədilə Akif müəllimə və digər müvafiq qurumlara rəsmi qaydada məktubla müraciət etdik. Çox təəssüflər olsun ki, məktubda qeyd olunan faktlara münasibət bildirmək, yaxud da hansısa formada aydınlıq gətirmək və s. əvəzinə susmağa üstünlük verdi. Torpaqların qeyri-qanuni satışını həyata keçirən Akif müəllimin və digər aidiyyəti qurumların belə bir yanaşması həm Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələrinin məlumat əldə etmək hüququnu (Maddə 8.), həm də “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun (Maddə 10.) tələblərini kobud surətdə pozmuş olurlar. Çü nki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Bu əməllərə görə “N” saylı hərbi hissənin ərazisində baş verən qanunsuz addımlarla bağlı müraciət ünvanlamağımıza baxmayaraq 3 aydır ki, qarşı tərəflər heç bir cavab verməyib. Deməli, “N” saylı hərbi hissə komandanlığı üçün Azərbaycan ordusunun hazırlıq göstəricisinin əhəmiyyəti olmadığı kimi, KİV və “Vətəndaşların müraciətləri haqqında” Qanunun da heç bir əhəmiyyəti yoxdur. Qarşı tərəflərin də mövqeyini dinləyə bilərik.
Sorğu
Yeni dizaynımız necədir?