Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunan jurnalist Cəmil Məmmədli birinci məhkəmə prosesində özünü təqsirli bilməyib. O, ittihamların qondarma olduğunu bildirib. Qeyd edək ki, dünən jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi ilə əlaqədar məhkəmə istintaqı başlayıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkən qismində tanınan Fuad Həbibov ifadə verib.
O, Cəmil Məmmədlinin 2017-ci ildən tanıdığını deyib. Fuad Həbibovun sözlərinə görə, Cəmil Məmmədli onun anası mərhumə Nəcimə Babayevanın qətl işi ilə bağlı araşdırma aparıb. Fuad Həbibov bu müddət ərzində Cəmil Məmmədliyə hissə-hissə 3500 manat verdiyini bildirib. O, əlavə edib ki, bacısı Gülnarə Həbibova da jurnalistə hissə-hissə 6500 manat verib.
Fuad Həbibov əlavə edib ki, jurnalist özü onlardan pul tələb etməyib. "Özümüz vermişik”, - deyə o bildirib.
Cəmil Məmmədlinin vəkili Fariz Namazlı zərərçəkəndən pulun verilməsi ilə bağlı hər hansı sübutun olub-olmadığını soruşub. Fuad Həbibov sübutunun olmadığını deyib.
Cəmil Məmmədli isə bildirib ki, ümumiyyətlə ona pul verilməyib. “Sübut ola bilməz. Çünki pul verilməyib. Deyilənlər hamısı yalandır”, - deyə jurnalist vurğulayıb.
Qaynarinfo-nun məhkəmədə iştirak edən əməkdaşı növbəti prosesin oktyabrın 5-i təxirə salındığını bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?