Bu ilin sentyabrın 17-də məhkəmənin çağırışı ilə Bakı Apellyasiya Məhkəməsinə gedən Qarabağ əlilinin məhkəmənin həyətində “hava almasına” mühafizə polisi imkan verməyib. Etiraz edən savaş qazisinə polis bu qadağanın rəhbərliyin göstərişi olduğunu bildirib. Axı məhkəmə sədrinin binanın çölündə, həyətdə “hökmünü gözləyən” insanlara qadağa qoymaq hüququ yoxdur! Hakimlər üçün giriş qapısında keşik çəkən polis məhkəmə rəhbərliyinin “qadağan etdiyi” sahədə gəzişməyə çaba göstərən qazini polislə (?) ərazidən götürəcəyini bildirib. Xidmətə baxın, polis vətəndaşı polislə hədələyir!
Maraqlıdır, bəyəm məhkəmə sədri otağından həyətdəki insanları güdür, kim xoşuna gəlmədi , polisə “şillə vurdurub” cəzalandırır” ? Bu hansı məhkəmə qaydasında, hansı məcəllədə yazılıb? Yaxşı, tutaq ki, rəhbərlik polisə göstəriş verib, bəs polisə nə gəlib, görəvini bilmir, “Polis haqqında” qanunu oxumayıb? Bəyəm polis məhkəmə sədrinin “şilləvuranıdır”? Məhkəmə də, polis də hüquq qoruyan orqanlardır, hüquqa qadağa qoyan orqan yox! Elə həmin gün 102 xidmətinə özünü təqdim etməyən mühafizə polisinin “şilləvuranlıq” xidmətindən şikayət edən Qarabağ qazisi, ümumiyyətlə, məhkəməyə gələnlərin həyətə, zala girəndə polis yoxlanışından keçməsinin də yolverilməz olduğunu bildirir. Polis yalnız binanın mühafizəsinə cavabdehdir, məhkəmədə qaydaların pozulmasına məhkəmə icraçıları məsuldur.
Görəcəkli günlərimiz varmlş, məhkəmənin həyətində hava almağa da məhkəmə sədrinin razılığı olmalıdır!(?)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?