Həbib Səmədbəylini tanıyanlara və tanımayanlara sözardı
“Alim olmaq asandır, insan olmaq isə çətin”. Bu müdrik kəlam istər atalarımızdan bizə mənəvi miras qalsın, istərsə də elm adamlarının, filosofların aforizmləşmiş deyimlərindən biri olsun, nə fərqi var? Elm insanı alimlik, müdriklik, böyüklük, dünyəvilik, bəşərilik kimi xarakterlər isə adamlıq mərtəbəsinə yüksəldir. Bu, hər kəsin həyatında dəfələrlə qarşılaşdığı hadisələrlə də özünün təsdiqini tapıb.
Birinin haqqında nəsə demək-yazmaq istəyəndə də ilk növbədə onun adamlığına fikir verirsən. Adamlıq isə yalnız ailəsi, özü, doğmalarının deyil, el-obanın sevimlisinə çevrilmək deməkdir.
Azərbaycan xalqının taleyində belə müdrik deyimli, adam olaraq, alimlikdən də gərəkli mərtəbəyə ucalanlarımız az olmayıb. Bu da xalqımızın özünün mənəviyyatını maddiyyatdan daim vacib amil hesab etməsindən irəli gəlir.
Əlbəttə, alimliklə adamlığın meyarlarını təhlil etmək fikrində deyiləm. Söz sözü çəkdi. Haqqında söz açmaq istədiyim şəxsiyyət də belə müdrik deyimlərlə tərbiyələnib və özü də onların təbliğatçısına çevrilib.
İllərlə uzaq-yaxın əlaqəmiz olsa da, yaxından həmsöhbət olmadığım bir şəxsiyyətdən söz açmaq istəyindəyəm. Həm də illərdir ki, bu barədə düşünürdüm. Düşüncələrim uzaq bir yola çıxmışdı: Kəlbəcər-Bakı-Gəncə-Kəlbəcər-Göyçə... marşurutu ilə. Kəlbəcərədək, Tanrım imkan yaradıb, gedib çıxmışam. Diləyim odur ki, bir vaxtlar (mən uşaq olan illərdə) gedib gəzib-dolaşdığım Göyçə mahalını ziyarət etməyə ömrüm yetə. Onda Kəlbəcər rayonunun “Dikyurd” yaylağından qalxıb, “Sümüktökülən” dərədən keçib, Göyçə gədiyindən üzü Basarkeçərədək olan yurd-yuvaların xarabalıqlarına boylanıb, “Pərixan bulağı”ndan (sonradan “Qumlu bulaq” adlandırılmışdı) dolaylanıb, Zərzivilə (Zərkəndə) getmək üçün yolüstü Dədə Ələsgərin viran edilən, talan olunan Ağkilsə kəndində ayaq saxlayıb, ustadın dağıdılan abidə-məzarında diz çöküb, bir doyunca ağlayım və elə “Göyçəgülü” saz havası üstündə deyim:
Tanış gəlir, bu səs mənə, ün mənə,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?!
Unutmuşam, unutmusan yoxsa ki,
Xəyalıma “Göyçə gölü”n salırsan,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?!
Düşmüsən gədikdə borana-qara,
Almısan sinəndən çal-çarpaz yara?!
Didərgin düşəndən gəlmisən zara,
Sən qadasın ona görə alırsan,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?!
Ələsgərim bu havada dillənib,
Təcnis Alı dağ çayı tək sellənib.
Dədə Şəmşir gül vurduqca güllənib,
Kərəm kimi gədiklərdə qalırsan,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?!
Dayan, qardaş, Nəcəfimi anıram,
Onun kimi samovarla yanıram.
Bu havanı mən baş hava sanıram,
Bir havada min xəyala dalırsan,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?!
Bənzədirsən bu havanı gülə sən,
Çəmənə sən, çiçəyə sən, gülə sən.
Yalvarırsan mizrabınla telə sən,
Məhəmmədəm, bulud kimi dolursan,
Yoxsa, aşıq, "Göyçəgülü" çalırsan?!
“Barlı bağa bənzərdi”
Bilmək istədinizmi kimdən söz açmaq istəyirəm? Yox, bilmədiniz, deyəsən, Zərkəndə gedib, bir vaxtlar qapısını döydüyümüz həyətə çatıb səsləməliyəm. Onda biləcəksiniz ki, kimi haraylayıram.
İntizarda saxlamaq mənim işim deyil. Elə bu düşüncələrlə baş-başa qalan dəqiqələrdə “Sovet Ermənistanı” qəzetində İ. İbrahimovun “Barlı bağa bənzərdi” başlığı altında bir məqaləni oxudum. Əslində, bildiklərimdən idi. Lakin məqalədə bəzi maraqlı faktlar olduğu üçün, onun müxtəlif məqamlarına nəzər salmaq istədim. Ona görə ki, Həbib müəllimi kənardan necə görüb, duyub və təqdim edib “Sovet Ermənistanı” qəzetinin müxbiri.
Yəqin ki, diqqətcil oxucu söhbət uzun illər Basarkeçər rayonunun Zərkənd kənd orta məktəbinin direktoru vəzifəsində çalışmış Həbib Səmədbəylidən getdiyini duydu. Gəlin birlikdə həmin məqalə ilə yenidən tanış olaq. Müəllif yazır: “Onun haqqında söhbət açarkən xəyal məni 20 il geriyə qaytardı. Həbib müəllim Şişqaya kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edirdi. Onun qəlbindən gələn odlu fikirləri, doğma, mehriban çöhrəsi şagirdlərini məftun edərdi. O, sonsuz bir məhəbbətlə bizə Azərbaycan ədəbiyyatını sevdirərdi. Kiçik sinif otağı bizim üçün dünyaya açılan bir pəncərə idi. Bu pəncərədən müəllim bizə tarixin yollarını göstərir, bədii sözün qüdrətini izah edirdi. Onun səsində elə bil ki, şair və yazıçılarımızın gur səsini eşidirdik.
Həbib müəllim öyrədir və tərbiyə edirdi. Doğruçuluq, insana məhəbbət, beynəlmiləlçilik, səmimilik hissləri onun şəxsində cəmləşmişdi. Biz şagirdlər ona oxşamağa çalışardıq.
Elin dərin hörmətini qazanmış Həbib müəllim 1960-cı ildən öz kəndində - Zərkənddə məktəbin direktoru vəzifəsində çalışır. Onun təşkilatçılıq qabiliyyəti və pedaqoji ustalığı sayəsində məktəb rayonun qabaqcıl maarif ocaqlarından birinə çevrilmişdir. Burada yeni məktəb binası tikilmiş və buna görə də dərslər birnövbəli aparılır.
Həbib müəllim Zərkənddə pedaqoji fəaliyyətə başlayanda məktəbin 8 müəllimi, 100 şagirdi var idi. İndi burada (söhbət 1983-cü ildən gedir-M.N.) təhsil alan 535 şagirdin təlim-tərbiyəsi ilə 46 müəllim məşğuldur. Məktəbi bitirənlərdən 160 nəfəri ali təhsil alıb. Onların səs-sədası Moskvadan, Bakıdan Kirovabaddan (Gəncə-M.N.) və başqa yerlərdən gəlir.
Təlim-tərbiyənin yüksək təşkil edilməsi sevindirici bəhrə verir. Təkcə keçən il (məqalə 1983-cü ildə dərc edilmişdir-M.N.) məktəbi bitirən şagirdlərdən 16 nəfəri müxtəlif ali məktəblərə, 5 nəfəri isə texnikumlara qəbul olmuşdur.
Həbib Səmədov ustad müəllimdir. O, şagirdlərin elmin əsaslarına dərindən yiyələnməsinə, təlim prosesinin təkmilləşdirilməsinə, ideya-siyasi tərbiyə işlərinin və əmək tərbiyəsinin qoyuluşuna ciddi fikir verir.
Məktəbdə qabaqcıl müəllimlərin gözəl bir dəstəsi işləyir. Rəşid İsayev, Köçəri Hüseynov, Əhliman Hənifəyev, Həqiqət Süleymanova, İbad İsayev, Əmirverdi Ələkbərov və başqaları camaatın dərin hörmətini qazanmışdır.
Məktəb 15 ildir ki, nailiyyətlərini davam etdirir. Bu müvəffəqiyyətdə məktəbin direktoru Həbib Səmədovun gərgin zəhməti, şərəfli əməyi vardır. O, respublikanın “Əlaçı maarif işçisi” fəxri adına layiq görülmüşdür. Kənd Sovetinin deputatıdır. Sovetliyin əhatə etdiyi Zod, Azad və Zərkənd kəndlərində maarif və mədəniyyət işlərinin təşkilində yaxından kömək edir. Kənd sakinləri Həbib müəllimi həm də bağban adlandırırlar. O, kəndin yaşıllaşdırılmasında ilk təşəbbüsçülərdən biridir. İndi kənd meyvə bağlarına bürünmüşdür. Həbib müəllimin mənalı ömrünün barlı bağa bənzəri var”.
Anamın istəkliləri
...Xəyalımdan çıxmaz ki, anam biz balalarına doğmaları haqqında danışmaqdan, onları tanıtmaqdan yorulmazdı. Xüsusən də Göyçə mahalındakı doğmalarını xatırlayanda Nərgiz xalasının adını birinci çəkirdi. Xalası oğlu Həbib müəllimin adını isə, az qala, dilində əzbər etmişdi.
Bir dəfə (o vaxtlar orta məktəb şagirdi idim) anam məni də özü ilə Göyçəyə apardı. Ayna xalamın qızı Zemfiranın toyuna hazırlıq gedirdi. Nərgiz xalagildən (Həbib müəllimin anası, Allah hər birinə rəhmət eləsin!) cehizlik xalça-palaz, kilim toxumaq, yorğan-döşək tikmək üçün yun gətirməli idik. Anam və Ayna xalamla Dikyurddan Zərzivilə yola düşdük. Hərəmiz bir at minmişdik. Xalam at minməkdən yamanca qorxurdu. Atının cilovundan tutmuşdum (bu kəndin adının mənası da tarixi bir hadisə ilə bağlıdır. Bu barədə elə həmin kəndin yetirməsi olan, şair, hərbi qulluqçu Səyyad Əhmədlinin çapa hazırlanan “GÖYÇƏ-könlümün sarı simi” kitabında maraqlı açıqlama var-M.N.).
Biz yaylaq yolu ilə Zərkəndə getdik. İlk dəfə idi ki, bu kəndə, oradakı doğmalarla görüşə gedirdim. Buna görə də həyacanlı idim. Həbib müəllimi də ilk dəfə həmin gün gördüm. Təbiətən sakit, aramla danışan, sözü-söhbəti doyulmayan bu el ziyalısının hər kəlməsi “can” ilə başlayırdı.
Belə yaxın qohumumuz olmasından orada qürur duydum. Anam Həbib müəllimə dedi ki, Məhəmməd yaxşı saz çalır, həm də şirin səsi var. İstəyirəm ki, ya aşıq olsun, ya da artist:
-Xala oğlu, dədəsi fəhlə adamdı. Kim oxudacaq ki? Elə hayfım gəlir ki, yaxın olsaydın, Məhəmmədə kömək edərdin. Gözümüzü ona dikmişik. İstəmirəm atası kimi, onu da məktəbdən ayırıb, kolxozun naxırçısı eləsinlər. Atası-Nəriman məktəbdə mənə ilk müəllimim kimi, dərs deyirdi. Onu çıxardıb kolxozun malını otarmağa yolladılar. Səbəbi olmasa da, bəhanə var idi. Nərimanın ulu babaları İrandan, Təbrizdən gəliblər axı. Həm də sovetliyimizdəki beş-para kənddə onun babası Səfərin mal-qarası, naxırçı-çobanı olub. Məşədi Atakişinin mal-heyvanı çox olduğuna görə, sovet hökumətinin düşməni hesab edib, mal-mülkünü əlindən alıblar, amma, özünə, yaşına görə dəymədilər. İndi istəyirəm ki, Məhəmməd yaxşı oxuyur, onu bir yana çıxardaq...
Anamın sanki dərdi açılmışdı, Həbib müəllimə, elə bil ki, “nağıl” danışırdı. Həbib müəllim bir ziyalı təmkini ilə başını aşağı dikib, bəlkə də sovetlərin saxta, kasıb, “fəhlə-kəndli hökuməti” olması barədə olan uydurmalar barədə düşünürdü.
Zərkənd orta məktəbinin direktoru idi. Məktəbdən, yaxşı oxuyan şagirdlərdən, daha sonra isə Göyçə mahalındakı ziyalılardan mənə xeyli danışdı. Ürək-dirək verməsi məni ruhlandırsa da, o quruluşun üzdə mələk, arxada kələk olmasından duyuq düşdüm. Orta məktəbin sonuncu sinfində oxuyurdum, o qədər də uşaq deyildim axı.
Həbib müəllim məni ana dili və ədəbiyyatdan xeyli sorğu-suala tutduqdan sonra Dədə Ələsgərdən, Səməd Vurğunla Aşıq Şəmşirin görüşündən suallar verdi. Deyəsən, cavablarım müəllimi qane edirdi. Ona görə də hər suala cavab verdikcə, başını astaca tərpədir və hiss edilməyəcək dərəcədə gülümsəyirdi.
Birdən sanki mənə bir güc gəldi. Heç kimə demədiyim bir siirimi açdım. Utana-utana olsa da dedim:
-Müəllim, aşıq və şair olmaq üçün hansı ali məktəbi oxumaq lazımdır?
Sualım Həbib müəllimin, deyəsən, xoşuna gəlmişdi. Ya da müəllim mədəniyyəti ilə, zorla eşidiləcək qədər sakit səslə dilləndi:
-Bala, şairlik Allah vergisidir, elə aşıqlıq da. Amma bunun üçün sən ananın dilini, ədəbiyyatı mükəmməl bilməlisən. Alim ola bilərsən, amma, bu, hələ adam olmaq deyil. Şairliklə aşıqlıq divanəlikdir. Sən dediklərimi yadında saxlasan, şair də ola bilərsən, aşıq da. Sənin südündə aşıqlıq da olub, şairlik də. Dayın Əlini şair kimi tanıyıb kəlbəcərlilər. Xəbərin olsun, onun gözəl şeirləri var imiş. Anam deyir ki, Əlinin şeirlərini toylarda aşıqlar oxuyardı. Sən ədəbiyyatı daha yaxşı oxusan, istəklərinə yol açılar. İnanıram ki, sən qələm adamı olacaqsan...
Bu söhbətimiz illər öncə olsa da, sonralar, mən Kəlbəcərin işğalda qaldığı illərdə qələmə sarılıb, qanlı-qadalı tarixini kitablaşdıranda, sən demə, Həbib müəllimin xəbəri olurmuş. Xeyir-şərdə görüşürdük. Göyçə-Kəlbəcər dərdi bizi, deyəsən, elə “şair” eləmişdi. Mən Həbib müəllimi Göyçədə görəndə bilmirdim ki, o, özü şair təbli ədəbiyyatçıdır. Nə özü dedi, nə də mən hiss elədim. Çünki Həbib müəllimi mən orada ancaq sayılıb-seçilən bir məktəb direktoru kimi gördüm. Məndən neçə-neçə şairin şerini soruşan Həbib müəllim hiss elətmədi ki, o, özü də duyğulu neçə-neçə poetik nümunələrin müəllifidir.
Bütün bunları sonradan, Göyçəsiz, Kəlbəcərsiz günlərimizdə, qaçqınlıq-köçkünlük illərimizdə itirdiyimiz istəklilərimizin yas mərasimlərində öyrənəcəkmişəm.
Goranboy rayonunun Qızılhacılı kəndində yaşayan xalam Aynanın ömür-gün yoldaşı, Göranboy (o vaxtlar Qasım İsmayılov adlanırdı-M.N.) rayon Mədəniyyət Evi Xalq Aşıqlar Ansamblının rəhbəri, yaradıcı aşıq-şair Salehin qəfil ölümü Həbib müəllimlə məni yenidən görüşdürdü. Təəssüf ki, sonrakı görüşlərimiz də heç xeyir işlərdə olmadı: hər dəfə qohum-əqrabanın yas mərasimlərində (Heydər dayımın, Əhməd dayımın, Hacı Sabirin... hüzr yerlərində) dərdləşməyə imkanımız yaranıb. Hər dəfə də Həbib müəllimin ucalığını təsdiqləyən daha bir xarakterini kəşf etdim.
Budur, indi əlimdə və dilimdə Həbib Səmədbəylinin neçə-neçə könüloxşayan şeirləri var. Bəzi yaltaqlara, simasızlara ünvanlı bir qoşmasına baxaq:
Qəlbləri gözlərdən oxuyuram mən,
Elə hiss etmə ki, qanmazlardanam.
Daxili qurdların aşkar görünür,
Od içinə düşsəm, yanmazlardanam.
Bil, vicdanım pakdır, ürəyim təmiz,
Amma onu duymaz sənin tək aciz.
Açıqdır qarşımda qorxulu yol-iz,
Namərdlər toruna qonmazlardanam.
Özümə uyğundur dostum-yoldaşım,
Öz ürək həmdəmim, ürək sirdaşım.
Yeri gəlsə, onlara qurbandı başım,
Həbibəm, bu yolda dönməzlərdənəm.
Həbib müəllimin qələm dostlarının əksəriyyəti ilə deyişmələri də az deyilmiş. Aşıq Saleh, Əli Qurban Dastançı və onun qardaşları, Hacı Sabir, Müşkül Musa və başqaları ilə məktublaşma-deyişmələri də bunu təsdiq edir. Həmin deyişmələrdən birinə baxaq:
Musa:
Əzizim, mötəbər, mehriban qardaş,
Təbib ol, dərdimi ara, ay Həbib.
Hökmü-kəcmidara neyləmişəm mən,
Etdi taleyimi qara, ay Həbib?!
Həbib:
Gəl, elə danlama iqbalı, baxtı,
Görünən dağların yolu uzaxdı.
Yusifə qalmadı Yaqubun taxtı,
Nadir kimi hökmdara, ay Musa!
Musa:
Namərdlə dost oldum, bəhsə girmədim,
Nanəcib, nakəsə sirrim vermədim.
Mən fələkdə insaf, mürvət görmədim,
Saldılar tərlanı tora, ay Həbib.
Həbib:
Yar sevənlər sevdi, yetmədi yara,
Biri də Ələsgər baban-biçara.
Dilqəm nələr çəkdi açıq-aşkara,
Tərlan baş endirməz sara, ay Musa!
Musa:
Ömür məndən küsdü, mən də ömürdən,
Dağları-daşları eylədim Vətən!
Yoxsulluq cismimə oldu dar kəfən,
Qoydu məni ahu-zara, ay Həbib.
Həbib:
Boşla dərdi-qəmi fikirdən əl çək,
İgiddə dözümlə dağ ürək gərək.
Əzəldən bu işə başlayan fələk,
Eyləyir axırda çara, ay Musa!
Musa:
Dilqəm gəldi, göz önündə dayandı,
Şirin nalə çəkdi, Fərhad oyandı.
Yazıq Musa Kərəm kimi, ha yandı,
Axır ki, yetmədi yara, ay Həbib!
“Gözəlliyə gül olmaqdan”...
Göyçə ilə Kəlbəcərin oxşarlığı insanlarının da təbiətinə hakim idi. Sanki əkiz idilər insanları da, təbiəti də. Həbib müəllim dayısı oğlu Sabir Mikayılın şeirlərini əzbər bilirdi. Xüsusən də “Nə mən doydum, nə sən, dağlar” rədifli gəraylısını. Ömrünün son illərinə yaxın bir dəfə mənə dedi:
-Məhəmməd, sağ ol ki, atanın adını öz imzanla qoşalaşdırıb yaşadırsan. Eşitdim ki, anan - xalam qızı Güllərlə dayım oğlu Hacı Sabirin şeirlərini toplayıb, kiçik də olsa, kitablarını buraxmısan. Buna görə sən layiqli övlad, dəyərli qohumsan. Kaş, övladlar öz valideynlərinə belə sədaqətli olaydı. Adını çəkmirəm, elə yaradıcı insanlar olub ki, özündən sonra izi-tozu qalmayıb, unutdurublar balaları. Amma sənə güvənim çoxdur, indidən atdığın addımla bunu təsdiqləmisən. Hə, yaxşı yadıma düşdü. Aşıq Saleh və oğlu Valehlə bağlı məqaləni də oxumuşam, Əhsən, afərin. Unutmamısansa, Göyçədə sənin qələmin olduğunu demişdim. O vaxtlar verdiyim suallara elə cavab almışdım ki, daxildən çox sevinirdim. Şükür, yenə də fikrimdə yanılmamışam demək. Kitablarından da xəbərim var, jurnalistliyində də. Yolun uğurlu olsun. Amma bircə tövsiyəm olacaq sənə: Göyçə ilə Kəlbəcəri eyni vurğuda de. Ayırma onları. Çünki Kəlbəcər-Göyçə əkiz qardaşlar kimi, bir-birinə arxa-dayaqdır. Göyçə arxasından gedəndən sonra Kəlbəcəri düşmən təklədi...
Həbib müəllim heç vaxt indiki şairlər kimi, “özünü öymədi”-“mən də yazıram”,-demədi. Kəlbəcərin ədəbi mühitilə qaynayıb-qarışmışdı. Neçə-neçə kəlbəcərli qələm-söz adamlarının yaddaşında Həbib Səmədbəyli təkcə müəllim deyil, ilk növbədə şair olaraq qaldı.
Eşidəndə ki balaları Həbib müəllimin ədəbi-bədii dünyasına ayna tutacaq kitab hazırlayırlar, sevincimdən ağladım. Bəlkə də bu, Həbib müəllimin ən ümdə arzularından idi. Var olsun balaları. Pərviz Səmədbəyliyə fikrimi bildirəndə, məmnuniyyətlə, bir xatirə yazısı istədi. İndi bilmirəm xatirələrə üz tutum, yoxsa, Həbib Səmədbəylinin ÖZ-SÖZ dünyasına...
Bir dəfə, yas yerlərinin birində mənə dedi:
-Məhəmməd, sən, vallah, deyəsən, Kəlbəcərdən daha çox Göyçəyə bağlısan ey. Qınamıram. Amma bunun səbəbi maraqlıdır. Bir şeirin var ey: “Düşübdü könlümə Göyçə”. Bəzi bəndlərini bilirəm. Onu yazıb mənə verərsən.
Utanan kimi oldum. Amma, baş üstə,-dedim:
-Həbib müəllim, mən utanaram sizə şeir yazıb verim. Uşaqlardan yollayaram, baxarsınız. Vallah mən ayda-ildə bir dəfə qəhərdən boğulanda üz tuturam şeiriyyata. Mənim peşəm-ixtisasım jurnalistlikdir. Onunla da nə bacarıramsa, mədhiyyədən uzaq, nəsə axtarıb-tapıb yazıram. “Şişqaya faciəsi-qiyamətə qalan qisas” kitabını da bu ehtiyacdan yazmışam. Sağ olsunlar, göyçəli qələm dostlarım, xüsusən də Ələddin Həsənli (Ardanışlı Ələkbər müəllimin oğlu), Şişqayada uzun müddət kolxoz sədri işləmiş Mikayıl Bayramovun qardaşı oğlu Əli Bayramov, Qəşəm Aslanovun, Zülfü Hacıyevin qohumları, Çaxırlıdan Əmir kirvənin balaları, həmkarım, qələm dostum, “Göyçə şəhidləri” kitabının müəllifi Qədir Aslan kimi göyçəsevərlər mənə faktların əldə edilməsində dəstək oldular.
Həbib müəllim istədiyi gəraylını sonralar yazıb göndərdim, amma, bilmədim ki, çatdı, yoxsa-yox.
Göyüm-öyümynəyirəm,
Düşübdü könlümə Göyçə.
Özgə bir yurd neynəyirəm,
Yuxuma gəlib bu gecə,
Düşübdü könlümə Göyçə.
Yaralıyıq ikimiz də,
İmkan yoxdu əlimizdə.
Gətirmişik gözümüzdə,
Ağlaşırıq biz gizlicə,
Düşübdü könlümə Göyçə.
Əsir qalıb Göyçə gölü,
Sazımdakı "Göyçəgülü".
Bir haraylı, bir ah-ünlü,
Sızlayıram mən görüncə,
Düşübdü könlümə Göyçə.
Nağıldımı, dastandımı?
Unutmaq heç asandımı?
Bu möhnətdən usandımı,
Dözəmmərəm mən gedincə,
Könlümə düşübdü Göyçə.
Dağılıfdı neçə dəfə,
Alandan yağı hədəfə.
Orda dığa baxır kefə,
Burda halımız gör necə,
Düşübdü könlümə Göyçə.
Məhəmmədi dərdinə tuş,
Ömür qısa, yollar yoxuş.
Budur sinəmizdə “naxış”,
Çox da müqəddəsdi Gəncə,
Düşübdü könlümə Göyçə.
Həbib müəllim yaradıcılığında heca vəzninin daha çox yer alması da təbiidir. Divani, təcnis, qoşma, gəraylı, müxəmməs kimi klassik aşıq şeir növləri Həbib Səmədbəylinin könül çırpıntılarında, məncə, daha geniş yer alıb. Əli Qurban Dastançıya ünvanladığı “Sənsən” rədifli qoşması da həmin şeirlərindəndir:
Yenə nədir, özün haqda şəkdəsən,
Alınmaz qalalar-qalası sənsən!
Harda olsan ellər səni əzizlər,
Ellərin ən şirin balası sənsən.
Könüllər işığı, sabahısan sən,
Bunu unudursan deyəsən hərdən.
Söz mülkün ucadı min dürlü zərdən,
Dünyada əbədi qalası sənsən.
Əlisən – həyatda ən ulu insan,
Bax belə düşünür, kimdə var vicdan.
Həbibin qəlbində həbibi olan
Yeni zirvələri, qalası sənsən!
...Həbib müəllim bu gün cismən aramızda yoxdur, lakin onun bir pedaqoq kimi dərsləri bizi Vətənkeş edib, yurda bağlayıb. Həbib müəllimin mənə tövsiyələri ilə alim olmaqdansa, adam olmağı seçdim. Alimlər tanıyıram ki, ailəsindən və iş yerindəkilərdən başqa onu kimsə tanımır. Lakin vətənkeşlilərimizi dünya sevir. Ölməz Bəhmən Vətənoğlu ilə Sücayətimizin şeirləri dillər əzbəridir. Bundan böyük fəxri ad olarmı? Alimlər hələ də Dədə Ələsgərimizi, Təcniz Alımızı... aça bilmirlər. Göyçə ədəbi məktəbinin yetirmələrini saymağa nə ehtiyac?! Hər biri bir Ələsgər, Alı kimi sözün əsgəri və generalıdır! Adlarını çəksəm, çəkməsəm də bu ulu yurdun Həbib Səmədbəyli kimi unudulmaz söz sərraflı, alimlikdən də yuxarı adları ilə qürur duyduğumuz göyçəlilərimiz olub, var və olacaq da.
...Göyçə-Kəlbəcər bir-birinə arxa-dayaq olub həmişə. Bu qardaşlıq, qonşuluq əsrlərdir ki, kəlbəcərlilərlə göyçəlilərin qaynayıb-qarışmasına səbəb olub.
Biz hər kəsimizi itirdikdən sonra onun qədrini bilməyə can atırıq. Məncə, bu, çox gec olur. Şəxsiyyəti ilə özünə sevgi qazanmış Həbib Səmədbəyli kimi ziyalılarımız isə əbədiyaşar bir ömür sahibidirlər.
...Göyçə də 1988-ci ildə yenidən yerindən dərbədər olmuşdu. Mən o vaxtlar Kəlbəcərdəki “Yenilik” qəzetində çalışırdım. O müdhiş qaça-qaç günlərdə qəzetdə xüsusi bir səhifə açdıq Zahid Muxtarla: “Göyçə deyə...” Göyçəmizin bir neçə dəfə erməni mənfurlarının işğalı ilə bağlı tarixi materiallar dərc edirdik. O günlər heç ağlımıza gəlməzdi ki, kəlbəcərlilər də göyçəliləri kimi, yurd-yuva həsrətiylə qaçqın-köçkün həyatı yaşamağa məhkum olacaq, həm də 30 il. Bu illər ərzində çox şey dəyişdi. Dəyişməyən isə kəlbəcərlilərlə göyçəlilərin saza-sözə, elmə, mədəniyyətə sədaqəti və ülfiyyəti oldu.
Göyçədən əli üzülmüşlər Kəlbəcərin yaylaqlarına qalxıb (Kəlbəcərin 5 illik mühasirə dövründə), Göyçəyə, doğma ata-baba yurdlarına baxmaq istəkləri dəfələrlə gerçəkləşmişdi. O arzuda olanlardan biri də Həbib müəllimin Pərviz balası idi. Bilmirəm, yadındadır, yoxsa-yox, Pərvizimiz də ata ocağına, ana qucağı Zərkəndə boylanmaq üçün Dikyurda gəlmişdi. Göyçə gədiyinə Hacı Sabir Heydər oğlu (Sabir Mikayıl o vatlar könüllü batalyonun tərkibində düşmən qabağına çıxanlardan biri idi - “Dikyurd” zastavasının komandiri idi) çıxarmışdı. Bunu mənə Müzəffər Əliyev, Həşim Nəcəfov, Fərman Bəylərov... demişdilər. Onda Pərviz Həbiboğlunun qəlbindən nələr keçdiyini olduğu kimi ifadə edə bilməsəm də, təəssüratlarını “Yenilik” qəzetinin “Göyçə deyə...” səhifəsində dərc eləmişdik.
Nərgiz nənənin, Həbib müəllimlə ömür-gün sürmüş Nabat xalanın valideyn tərbiyəsi almış övladları Azərbaycan cəmiyyətində, böyük Türk-Turan ellərində ictimai-siyasi mövqeləri, vətən sevdalı olmaqları ilə tanınır və sevilirlər.
Vaxt hər şeyi həll etməsə də, çox həqiqətlərə ayna tutur. Bu gün Qarabağ, o cümlədən də Kəlbəcər işğaldan azaddır! Tarixi və milləti ulu məkanlarımızda min şükür, yenidənqurma, bərpa-quruculuq işləri görülür, yollar çəkilir, tunellər tikilir. Bir sözlə, Zəngəzur-Göyçəyə də öz doğma balalarının qayıtması şansı yaradılmaqdadır. İnanırıq ki, kəlbəcərlilər kimi, göyçəlilər də öz doğma, ata-baba yurdlarına dönəcəklər. Onda yenidən qurulacaq, bərpa ediləcək Zərkənd orta məktəbinə, yəqin ki, Həbib Səmədbəylinin adı veriləcək, inşallah!
O günlər də uzaqda olmaz.
Məhəmməd Nərimanoğlu,
“Tərəqqi” medallı tədqiqatçı-jurnalist, “Yenilik-press” qəzetinin baş redaktoru, Ç. Aytmatov adına “Altın kalem” beynəlxalq və Azərbaycan KİVHİK-nin “Qızılı qələm” ali media mükafatları laureatı, TURAN ədəbi məclisinin və ASKEF-in üzvü.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?