Azərbaycanda 2011-ci ildə 600 lombard fəaliyyət göstərirdisə, indi onların sayı 1200-ü ötüb. “Mediaforum”-a istinadən məlumata görə, iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, lombardların artımı Mərkəzi Bankın bank sektorundakı sərtləşdirmə addımları ilə əlaqədardır: “Bankların kütləvi kreditləşməni, demək olar, dayandırması kredit axtaran vətəndaşları ya lombardlara, ya da sələmçilərə üz tutmağa vadar edib. Bank sektorundakı son dəyişikliklərdən əslində daha çox faydalanan da məhz lombardlardır. Öncədən bəlli idi ki, Mərkəzi Bankın inzibati islahatları ya lombardların fəaliyyətinə geniş imkanlar yaradacaq, ya da banklar özləri qara bazar formalaşdıracaqlar. Banklar hələlik belə bazar formalaşdırmağa tələsməsələr də, lombardlar artıq təngnəfəs olublar.
İlk baxışdan burada qeyri-adi heç nə yoxdur. Lombardlar borc verirlər, vətəndaşlar isə bundan faydalanırlar. Amma məsələ heç də göründüyü kimi sadə deyil. Əvvəla, banklardakı kredit böhranı lombardların təklif etdiyi borclar üzrə faizləri artırmasına gətirib çıxarıb. Səbəb da sadədir: kütləvi kredit təklif edən bank yoxdur, tələb isə yüksək olaraq qalmaqdadır. Lombardlar bu tələbdən yararlanmağa çalışırlar. İstehlak kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif etdiyi pullara tələbatın kəskin artması müşahidə edilir. Yanvar ayının yekunları göstərir ki, lombardların aylıq faiz dərəcələrində 1-1.5 faiz artım var. Bu isə o deməkdir ki, artıq lombardların təklif etdiyi borclar üzrə faiz dərəcələri illik olaraq 40 faizdən artıqdır.
İkincisi, lombardlarda girovun qiymətləndirilməsi mexanizmi yoxdur. Məsələn, bu xidmət 3000 manatlıq kredit təklif edən zamanı ən azı 5000 manatlıq qızıl-zinət əşyalarını girov kimi tələb edir. Bu isə o deməkdir ki, yüksək faizlə verilən pul girovun təxminən yarısı dəyərində olur. Faizlər yüksək olduğundan pulun geri ödənilməsində risk faktoru yüksəkdir. Əgər faizləri nisbətən aşağı olan kommersiya banklarına əhalinin qaytara bilmədiyi borc 1 milyard dollardan çoxdursa və son 1 ildə 10 faiz artım olubsa, deməli, lombard borclarında da vəziyyət ürəkaçan deyil. Götürdüyü pulu və ya onun yüksək faizlərini geri qaytara bilmədikdə vətəndaş bazar qiymətindən dəfələrlə aşağı dəyərləndirən girovundan da olur.
Üçüncüsü, zirzəmilərdə və ya balaca qaranlıq otaqlarda məskunlaşan lombardlar istənilən zaman itə və ya yerlərini dəyişə bilirlər. Bu baxımdan xidmətin davamlılığı və təminatı ilə bağlı ciddi risklər qalmaqdadır. Vətəndaşlar bahalı girovlarını lombarda təqdim edir, pul götürür və müəyyən ödənişlər də edir, amma müəyyən müddətdən sonra lombardın ofisi bağlanır və təbii ki, sonradan onu tapmaq və girovu geri almaq problemə çevrilir. Son zamanlar vətəndaşlardan pul alıb yoxa çıxan lombard sahibləri barədə açılan cinayət işləri də məhz bundan xəbər verir.
Dördüncüsü, lombardların fəaliyyətinə nəzarətin zəif təşkil edilməsi vətəndaşların risklərdən sığortalanmasına imkan vermir. 2002-ci ilədək lombardlar Maliyyə Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərirdi. Lakin həmin ildən etibarən nazirliyin lombardlara nəzarəti aradan qaldırılıb. İndi hüquqi və fiziki şəxslərin sərbəst fəaliyyət növünə çevrilmiş lombardların fəaliyyəti Mülki Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Onlar yerli vergi idarəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayır və öhdəliyi sadəcə zamanında vergini ödəməkdir. Mülki Məcəllədə isə əşyanın lombard girovu təsbit edilir. Bu isə o deməkdir ki, hətta Mərkəzi Bank da lombardların fəaliyyətinə nəzarət həyata keçirmək səlahiyyətinə malik deyil.
Nəhayət, əgər kredit verən kommersiya banklarının və hətta bank olmayan kredit təşkilatlarının fəaliyyəti ilə bağlı konkret tələblər varsa, qanunvericilikdə lombardlar üçün belə tələblər yoxdur. Bu isə o deməkdir ki, əhalidən qızılları toplayıb yüksək faizlə borca verə bilərsən, dar məqamda gizlənməyə də macal taparsan”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?