Əmlak məsələləri üzrə dövlət komitəsi kimin əmlakıdır?
Azərbaycanda uzun illər formalaşdırılmış sistemin mahiyyətinə uyğun olaraq hakim komandaya təyinat alan kadrlar ilk öncə şəxsi sədaqətini tam sübuta yetirməli,daha sonra isə bu sədaqətləri müqabilində onlara çatan “mükafata” sahiblənməlidirlər.Beləliklə “mükafatlandırılan” kadrlar artıq onlara verilmiş sahələrin “mütləq hakiminə” çevrilərək özlərinin şəriksiz monopoliyalarını yaradırlar.Hakimiyyət daxilində bir-birinə rəqib olan və daima aralarında daha çox səlahiyyət sahibi olmaq uğrunda mübarizə gedən bir neçə komandanın olması hamıya məlumdur.Məmurlar hakim elitada təmsil olunan bu komandalarda yer almaqla öz mövqelərini möhkəmləndirməyə üstünlük verirlər.Bu gün Azərbaycan hakimiyyəti daxilində vəzifə səlahiyyətlərindən istifadə edərək milyonlarla dövlət vəsaitini mənimsəməklə böyük sərvətə sahib olan iri məmur-oliqarxlar komandası yer alır ki,onlar demək olar bütün həyati vacib sahələrdə nəzarəti tam əllərinə almışlar.İqtisadiyyatın müxtəlif sahələri məhz iri məmurların nəzarətinda olan şirkətlər tərəfindən yönləndirilir.Vəzifə pillələrində yüksələrək məmur oliqarxlar sırasına adını yazdıran şəxslərdən biri də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Hakim komandanın tərkibinə bir vaxtlar bu komandada xüsusi çəkiyə sahib olan həmyerlisi sabiq İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin təqdimatıyla daxil olan Kərəm Həsənov sonralar “öz şəxsi sədaqətini” yüksək səviyyədə sübut etməklə mövqelərini möhkəmləndirməyi bacarmışdır.Fərhad Əliyevin inanaraq hakim komandaya daxil etdiyi həmyerlisi isə 2005 –ci ildə sabiq nazirə qarşı başladılan kompaniyanın ən fəallarından biri olmaqla onun “vurulmasında” mühim rol oynadı.Fərhad Əliyevin biznes imperiyasının xarabalıqları üzərində Kərəm Həsənov öz biznes imperiyasının ilk təməllərini atdı.2005-ci ilin sentyabrında İqtisadi İnkişaf Nazirliyinin parçalanması nəticəsində dövlət əmlakının özəlləşdirilməsi idarəetməsi funksiyası yeni yaradılmış Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət komitəsinə verildi.Daha sonra isə Kərəm Həsənov daha böyük səlahiyyətləri də əlində cəmləşdirməyə nail oldu.Belə ki,Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti də ləğv olunaraq komitənin tabeliyinə verildi və iki qurumun bazasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yaradıldı və Kərəm Həsənov komitənin sədri təyin olundu. Kərəm Həsənovun öz karyera yüksəlişi pillələrində oyundan kənarlaşdırmağı bacardığı kadrlardan biri də 20 ilə yaxın müddətdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəhbərlik etmiş Arif Qaraşov oldu.Müxtəlif hakimiyyətlərin dönəmində öz vəzifə kürsüsünü qorumağı bacaran və “yenilməz kadr” təsiri bağışlayan Arif Qaraşov yeni yaradılmış komitədə də öz mövqelərini qorumağa çalışsa da, Kərəm Həsənov tərəfindən sözün əsl mənasında “bitirildi”.Beləliklə artıq K.Həsənov özünün əsas rəqibini də sıradan çıxarmaqla komitədə tam nəzarəti əlinə almağı bacardı.O,”təkhakimiyyətliyini” bərqərar etdikdən sonra demək olar ki,bütün postlarda tam inandığı,etibar etdiyi adamları yerləşdirməklə ona gələcək planlarının icrasında mane ola biləcək bütün əməkdaşları kimliyindən asılı olmayaraq sıradan çıxartdı.Bu komitədə bütün vəzifə təyinatları məhz Kərəm Həsənovun kriteryalarına cavab verən şəxslər əsasında aparılır ki,burada iş təcrübəsi,təhsili,bacarığı olmaq kimi anlayışlar heç də mühim rol oynamır.Kərəm Həsənovun maraqlı kadr siyasətinin detallarından biri də rəhbərlik etdiyi komitənin dəhlizlərində hakimiyyət kürsülərində təmsil olunan şəxslərin yaxınlarını görmək istəməməsidir.İlk baxışda sual oluna bilər ki, vəzifə sahiblərinin yaxınlarını ətrafına toplamaqla daha böyük şəbəkə formalaşdırmaq imkanını görəsən Kərəm Həsənov niyə dəyərləndirmir?Onun komitə sistemindən uzaqlaşdırdığı şəxslərin bir neçəsinə nəzər salsaq mənzərə tam aydın olar.Kərəm Həsənov mümkün olan bütün vasitələrdən istifadə edərək Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı Nazim Fərəcova Sumqayıtın əmlak şöbəsinin müdiri vəzifəsində cəmisi 15 gün işləməyə imkan verib.N.Fərəcov “öz xahişi” ilə işdən getməklə canını qurtara bilib.Başqa bir real təhlükə olan kadr isə həbs olunmaqla sıradan çıxarılıb.Bu şəxs Abidin Fərzəliyevin qardaşı və Auksion Mərkəzinin sabiq rəhbəri olan Ağaəli Fərzəliyevdir.Məlumatlı mənbələrin dediyinə görə, bu və adını çəkmədiyimiz bir çox iri məmurların yaxınlarını Kərəm Həsənov planlı şəkildə işdən uzaqlaşdırır.Çünki,həmin şəxslər komitədə baş verən müdhiş olaylardan məlumatlı şəxs kimi öz qohumlarına hər hansı informasiyanı ötürə bilərlər.Bu isə həmin məlumatların dolayı yollarla birbaşa prezidentə çatmasına səbəb ola bilər.Təbii ki,özünü belə bir təhlükədən sığortalamağın ən optimal yolu həmin “təhlükəli şəxslərin” sıradan çıxarılmasıdır ki,K.Həsənov da bunu çox yaxşı bacarır. Ümumiyyətlə, Kərəm Həsənovun tabeliyində olan şəxslərlə qeyri-etik davranışları,onlarla kobud rəftarı haqqında ölkə mətbuatında kifayət qədər məlumatlar yayılıb.Hətta verilən məlumatlara görə, bir K.Həsənova xüsusi yaxınlığı ilə seçilən şəxslər belə bu idarəetmə üsuluna dözməyərək komitədən könüllü olaraq uzaqlaşıblar. Sahib olduğu vəzifənin səlahiyyətlərindən istifadə edən K.Həsənov dövlət əmlakının özəlləşdirilməsindən kifayət qədər “yararlanmağı” bacarıb.Bu işə o,hələ sabiq nazir Fərhad Əliyevlə sıcaq münasibətləri olduğu dövrdə start vermişdi.Fərhad Əliyevin inamından istifadə edən K.Həsənov bir çox iri müəssisələri “su qiymətinə” özəlləşdirərək nəzarətə almışdır.Məsələn,Mingəçevirdə yerləşən və real dəyəri 300-400 min dollar qiymətləndirilən “Neftbaza”nı köhnə pulla cəmisi 12 milyon manata özəlləşdirən K.Həsənov son anda indiki müavini Rafiq Cəlilovu “qurban” verməklə Fərhad Əliyevin qəzəbindən xilas olmuşdu.Mingəçevirdə həyata keçirilən başqa bir özəlləşdirmə “oyunun” qurbanı isə Yol təmiri maşınqayırma zavodu (Remdormaş) olmuşdur.Bazar qiyməti 1 milyon dollardan artıq dəyərləndirilən müəssisə isə Kərəm Həsənovun bazarında cəmisi 35 min dollara özəlləşdirilib.Qeyd edək ki,həmin zavod 10 hektardan artıq ərazini əhatə edir. Ümumiyyətlə, Kərəm Həsənov mühim obyektləri ələ keçirərkən hərrac haqqında qanunları kobud şəkildə pozaraq müxtəlif vasitələrlə öz yaxınlarının nəzarətində olan şirkətləri alqı-satqı prosesinin qalibi etməklə bir çox mühim müəssisələri ələ keçirə bilmişdir.Sumqayıt Aşqarlar zavodu və bu kimi bir çox müəssisələr “gizlin hərraclar” vasitəsilə ələ keçirilmişdir.İctimaiyyətə qapalı şəraitdə baş verən bu hərraclar adətən çox sadə üsulla baş tutur.Belə ki,komitə tərəfindən lazımi mətbuat orqanlarında nəzərəçarpmaz hərrac elanları dərc olunsa da,sonradan nəticələr haqqında informasiya vermək “məqsədəuyğun” hesab olunmur.Beləcə “hərrac baş tutur” və lazım olan müəssisələr lazımi şəxslər tərəfindən özəlləşdirilir.Belə müəssisələr sırasında “Gəmi təmiri” Açıq Səhmdar Cəmiyyəti,”Bakı Kondinsioner” Açıq Səhmdar Cəmiyyəti,”Saxsı Qablar” Aşıq Səhmdar Cəmiyyəti və onlarla digərləri yer tutur. Talan olunmuş milyonlarla manat dövlət vəsaiti hesabına məmurlarımız ölkə daxilində və ölkə xaricində böyük biznes şəbəkəsi formalaşdırmağa müvəffəq olurlar. Təbii ki,nəzarətlərində olan şirkətləri yaxınlarının və daha çox etibar etdikləri başqa soyadlı şəxslərin adına qeydiyyatdan keçirən məmurlar bu yolla özlərini mümkün təhlükələrdən sığortalamaq istəyirlər. Məlumdur ki,əksər hallarda Azərbaycanda sıradan çıxarılan məmurların sərvəti digərləri tərəfindən talan olunaraq yağmalanır.Odur ki,hər an bu təhlükədən sığortalanmaq üçün məmurlarımız xarici ölkələrdə də öz biznes şəbəkələrini formalaşdırmağa üstünlük verirlər.Bu sahədə Fərhad Əliyev təcrübəsinin canlı şahidi və iştirakçısı olan Kərəm Həsənov da istisna təşkil etmir.Onun ölkə daxilində olduğu kimi, xaricdə də güclü bizneş şirkətləri fəaliyyət göstərir.Ölkə daxilində bir çox sahələrdə,xüsusilə daşınmaz əmlak bazarında,restoranlar şəbəkələrində,bir çox istehsal sahələrində xüsusi payı olan Kərəm Həsənov doğulub boya başa çatdığı Cəlilabadın abadlığı naminə bu rayonun demək olar ki, bütün gəlirli sahələrini nəzarətə götürüb.Burada bütün mühim postlar onun yaxınlarının əlində cəmləşdirilib.Lakin yuxarıda qeyd etdiyimiz təhlükəsizlik faktoru baxımından K.Həsənov öz biznes şəbəkəsini daha çox ölkə hüdudlarından kənarda inkişaf etdirməyə üstünlük verir.Bu məqsədlə də komitə sədri tərəfindən bir çox Avropa ölkələrində ciddi layihələr həyata keçirilir.Məlumatlara əsasən, komitə sədri ölkədə qazandığı milyonlar hesabına Çexiyada,Birləşmiş Ərəb Əmirliklərində,Bolqarıstanda böyük biznes strukturlar formalaşdırmışdır.Onun Çexiyanın müxtəlif bölgələrində,xüsusilə Benetiçe,Karlovı Varı şəhərində mineral su zavodları fəaliyyət göstərir.Bu zavodlarda istehsal olunan məhsullar təkcə Avropa bazarında deyil,Azərbaycan bazarında da satılmaqla K.Həsənova hər ay böyük məbləğdə gəlir gətirir.Ölkə daxilində olduğu kimi, Çexiyada da spirtli içkilər bazarında xüsusi payı olan komitə sədrinin Pilzen şəhərində böyük pivə zavodunun olduğu da bildirilir.Lakin xaricdəki biznes şəbəkəsini təkcə istehsal müəssisələri ilə yekunlaşdırmaq istəməyən K.Həsənovun Çexiya,Birləşmiş Ərəb Əmirliklərində çox böyük istirahət və əyləncə məkanları da fəaliyyət göstərdiyi məlumdur.Bir müddət öncə Bolqarıstanın daşınmaz əmlak bazarında yaranmış ucuzlaşmadan yararlanan məmurlar arasında Kərəm Həsənovun da adı çəkilirdi.Verilən məlumatlara görə, komitə sədri Bolqarıstanda da artıq öz biznes şəbəkəsini formalaşdırmağa başlamışdır.Kərəm Həsənovun İsveç və BƏƏ-də yerləşən bir çox banklardakı gizli hesabları haqqında da zamanında ölkə mediasında kifayət qədər məlumatlar verilib. Kərəm Həsənovun cəmisi 400 nəfərdən bir qədər artıq işçisi olan Komitəsi üçün təqribən 100 milyon dollarlıq inzibati binanın tikilməsi də məlumdur.Axı milyonların taleyi məhz yüz milyonluq ofislərdə həll oluna bilər.Azərbaycansayağı məntiq belədir!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?