Dövlət Gömrük Komitəsindəki büdcə oğurluqları ilə bağlı bu günlərdə məlumat vermişdik və bildirmişdik ki, hətta rəsmi rəqəmlərdən belə DGK-nın ən azından 60 milyon manata yaxın vəasiti mənimsədiyi üzə çıxır. Bildirək ki, mətbuatda yayılan araşdırma materialının ardından DGK tərəfindən dekabr ayı üçün yeni hesabat xarakterli məlumat yayılıb ki, bu məlumatdan da ilkin olaraq yaranan təəssürat ondan ibarətdir ki, yazdıqlarımız DGK rəhbərliyinə elə təsir edib ki, büdcə oğurluqlarının ifşasının doğru olmadığını sübut etməyə çalışırlar. Odur ki, qurum tərəfindən yayılan hər iki açıqlamanı diqqətinizə təqdim edirik ki, fikrimiz daha da aydın olsun. 1. Noyabr ayı üçün hesabat: Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) noyabrda gömrük rüsümları və vergilərinin yığılması sayəsində dövlət büdcəsinə 104,23 milyon manat köçürüb. Bu barədə Komitədən məlumat verilib. Noyabrda gömrük rüsumlarından daxilolmalar 7,59 milyon manat, idxal edilən malların ƏDV-si 87,54 milyon manat, aksizlər üzrə 7,67 milyon manat, yol vergisi üzrə 1,44 milyon manat təşkil edib. Ümumilikdə, 11 ay ərzində DGK-nın dövlət büdcəsinə köçürmələri 1,09 milyard manatı ötüb. 2011-ci il üçün DGK xətti üzrə ödənişlərin proqnozu 1,14 milyard manat məbləğində müəyyənləşdirilib. 2012-ci il üzrə proqnoz 1,2 milyard manat təşkil edir. 2. Dekabr ayı üçün hesabat: Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dekabrda gömrük rüsümları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 116,23 milyon manat köçürüb. Bu barədə Komitədən məlumat verilib. Dekabrda gömrük rüsumlarından daxilolmalar 13,51 milyon manat, idxal edilən malların ƏDV-si 95,18 milyon manat, aksizlər üzrə 6,08 milyon manat, yol vergisi üzrə 1,46 milyon manat təşkil edib. Ümumilikdə, DGK ölkənin dövlət büdcəsinə köçürmələri 2012-ci il üzrə 1,2 milyard manat səviyyəsində müəyyənləşdirilən proqnozu ötüb. 2011-ci il üçün DGK xətti üzrə ödənişlərin 1,14 milyard manat məbləğində proqnozu da yerinə yetirilmişdi. Yəqin ki, diqqətli oxucular da sezdi ki, dekabr ayında rəqəmlər noyabr ayına aid hesabatdakı rəqəmlərdən daha böyükdür. Bu isə təbii ki, büdcə oğurluğu ilə bağlı yazdığımız materialın təsirinin nəticəsi kimi qəbul olunmalıdır. Ən azından ona görə ki, dekabr ayının gömrükçülər üçün heç də intensiv iş ayı olmadığı məlumdur. Nə hansısa idxal olunan məhsulun sezonu deyil, nə də hansısa iqtisadi sahədə dinamik artım müşahidə olunmayıb. Və bu rəqəmlər də təsdiqləyir ki, bu gün Aydın Əliyevin rəhbərlik etdiyi Azərbaycanın gömrük sistemində hər ay on milyonlarla manat pul dövlətdən oğurlanır. “İqtisadiyyat şöbəsi”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?