Nəqliyyat Nazirliyinin digər səlahiyyətləri də ASAN xidmətə verilə bilər; intellektual idarəetmə sistemi batırıldı
Nəqliyyat Nazirliyinin son proyektlərində biri də “brak” çıxdı. Nazir Ziya Məmmədovun korrupsiyaya uğramış nəqliyyatın intellektual idarəetmə sistemi tezliklə iflasa uğradı. Dövlət nəqliyyatdakı bu yeniliyi analoqsuz bir layihə kimi təqdim etməyə başlasa da, qısa bir vaxt ərzində Z.Məmmədovun bu projesi fiasko etdi. Bu da səbəbsiz deyil. Çünki nəqliyyat sistemindəki korrupsiya, mənimsəmə, yeyinti halları bu layihəni batırdı. Z.Məmmədovun qollarını çırmalayıb, əlini qoyduğu bütün işlər belə yekunda deqradasiyaya uğrayır. Nazir Azərbaycana gətirilən bütün yenilikləri eybəcər hala salır. Hökumət müasir dünyada tətbiq olunan ən son texnologiyaları ölkəmizdə həyata keçirmək istəyəndə bayağı, uğursuz və nəticəsiz alınır. Bunu da bir çox hallarda yeni layihələrin iqtidarın vərdiş etdiyi korrupsiyaya bulaşması, xərclənən vəsaitlərin effektsiz olması ilə əlaqələndirmək olar. Ziya Məmmədov nəqliyyatın elə bir sahəsi qalmayıb ki, korrupsiyaya bulaşdırmasın. Nazirin iqtidarda ən çox korrupsioner məmur kimi təqdimatı da əsassız deyil. Görünən dağa nə bələdçi. Məmmədovun nəinki tətbiq etdiyi sistem korrupsiyaya uğrayıb, dələduzluq, özbaşınalıq, müfəttişlərin qoçuluğu artıq hamını bezdirib. Qoçu dəstəsi saxlayan və kriminallaşmış bir məmurlar ölkəni məhvə sürükləyir. Son xəbərə görə, nəqliyyat sahəsində bir sıra sənədləşmə və önəmli işlər ASAN xidmətə veriləcək. Prezident hansı sahədə vəziyyətin acınacaqlı olduğunu görürsə, dərhal ASAN xidmətə səlahiyyət verir. Bununla ölkədəki sosial gərginliyi yatırmaq mümkündür. Çünki ASAN xidmətdə həqiqətən minlərlə vətəndaşın illərlə qalaqlanmış problemi qısa vaxtda həllini tapıb. Bakıda nəqliyyatın tənzimlənməsi, tıxacların aradan qaldırılması üçün İntellektual İdarəetmə Sistemi (İİS) yaradılıb. Amma bu sistem özünü doğrulda bilmədi. Hökumətin şabaş kimi səpdiyi pullar isə havaya sovruldu. Nəqliyyat naziri Ziya Məmmədov günahı sürücülərdə, cihazların arabir nasaz işləməsində və sərnişinlərdə axtarır. Ancaq gündəlik ictimai nəqliyyatdan istifadə edənlər təsdiqləyər ki, İİS yararsızdır. Baxmayaraq ki, sistemin yaradılmasına, tətbiqinə kifayət qədər vəsait ayrıldı. Azərbaycana xarici ölkələrdən mütəxəssislər də cəlb edildi. Bakı və Bakı ətrafı ərazilərdə xüsusi intellektual avtobus dayanacaqları da gətirilib quraşdırıldı. Marşrutların qrafikini təqdim edən cihazlar kəllə-mayallaq işləyir, zamanı yanlış göstərir, bəzən də işləmir. Olur ki, sərnişinin gözlədiyi avtobusun gəlişinə 3 dəqiqə alıb, amma monitor 13 yaxud 7-8 dəqiqəni göstərir. İctimai nəqliyyatda xaos və basabas hökm sürür. Əslində bu monitorlarda avtobusların hərəkət xətti, dayanacaqların sayı, hansı dayanacaqda hansı dəqiqədə olması və hansı dəqiqədə həmin dayanacağı tərk etməsi vaxtları göstərilməlidir. Bundan başqa, dayanacağın kənar sütununda havanın temperaturu göstərilir. Amma dayanacaqda avtobus gözləyən sərnişin aldanır. SAMİR
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?