Bir neçə dəfə yoxlamalar aparılmasına baxmayaraq, saxta qızıl və brilyant satışı barədə məlumatlar səngimək bilmir
Azərbaycanda qızıl və brilyant satışı ilə məşğul olan mərkəzlərdə saxtakarlıq faktlarının olması barədə dəfələrlə yazmışıq. Yazılanların məntiqi nəticəsi olaraq müvafiq dövlət qurumları belə obyektlərdə yoxlamalar keçirirlər. Ötən ilin iyul ayında Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti "Laçın" Ticarət Mərkəzində apardığı dövlət əyar nəzarəti zamanı kütləvi pozuntu halları aşkarlanmışdı. Həmin vaxt aparılan araşdırma nəticəsində bəlli oldu ki, Ticarət Mərkəzində çalışan Məmmədov Emil Mahal oğluna məxsus obyektdə satışda olan bütün məmulatlar, toplam 907 ədəd zərgərlik məmulatının heç biri dövlət əyar damğası ilə damğalanmayıb. Mərkəzdə bir neçə dəfə yoxlamalar aparılmasına baxmayaraq, saxta qızıl və brilyant satışı barədə məlumatlar səngimək bilmir. Ticarət mərkəzində keyfiyyətsiz qızıl satışının əsas səbəblərindən biri kimi qızıl şöbəsində arenda qiymətlərinin fantastik dərəcədə baha olması ilə bağlıdır. Verilən xəbərlərə görə, qızıl şöbəsində aylıq icarə haqqı həddindən artıq yüksəkdir. Burada hər metrə görə icarədarlardan 400-800 manat məbləğində pul yığılır. Bu isə satıcılara normal qazanc əldə etməyə imkan vermir. Buna görə də onlar keyfiyyətsiz qızıl məhsullarını keyfiyyətli zinət əşyası kimi yüksək qiymətə satmağa məcbur olur, vətəndaşları aldatmaq hesabına vəziyyətdən çıxmağa çalışırlar. "Laçın"da qızıl bölməsində çalışanların alqı-satqı zamanı istifadə etdiyi çirkli metodlardan biri qızıl satışı zamanı məmulatın üzərindəki etiketin də çəkiyə əlavə edilməsidir. Halbuki, qızıl məmulatı həmin etiket olmadan çəkilməli, bundan sonra onun üzərinə əlavə edilməlidir. "Laçın"da qızıl şöbəsində baş verən olaylarla bağlı yayılan məlumatlarda, brilyant alqı-satqısında da vətəndaşların aldadıldığı vurğulanır. "Ticarət mərkəzində keyfiyyətsiz qızılla yanaşı, keyfiyyətsiz brilyant da dövriyyədədir. Alqı-satqı zamanı alıcılara keyfiyyətsiz brilyantlar satılır ki, vətəndaşların bunun nə həqiqi keyfiyyəti, nə də gerçək qiyməti haqqında heç bir təsəvvürü yoxdur. Məhz alıcıların məlumatsızlığından istifadə edən qızıl şöbəsinin işçiləri aşağı növ brilyantları alıcılara ən bahalı və keyfiyyətli məhsul adı ilə təqdim edir", deyə bildirilir. Qeyd edək ki, ticarət mərkəzində buna oxşar hallar əvvəllər də baş verib. Hətta satıcılardan biri 2009-cu ildə misi qızıl adı ilə Kürdəmir rayon sakininə satmaq istəyərkən yaxalanıb. Təəssüf ki, "Laçın"ın sahibi "Laçınlı Maqsud" kimi tanınan Maqsud adlı şəxs burda baş verən özbaşınalıqlara göz yumur. O, qızıl şöbəsini yaxın adamlarından birinə verib və həmin şəxs də kirayə haqlarını istədiyi vaxt qaldırır. Vətəndaşların aldadılmasının qarşısını almaq üçün aidiyyəti dövlət orqanları "Laçın"ı ciddi nəzarətə götürməlidirlər. Növbəti saylarımızda qanunsuzluğun baş alıb getdiyi qızıl şöbəsindən reportaj hazırlamağa çalışacağıq. Şamil Əlibəyli
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?