Daş-qaş alverinə qara müdaxilə; Hakimiyyətdəki inhisarçı qrup xaricdən ölkəyə qızıl, brilyant gətirilməsini yasaqladı; kiçik biznesmenlər bazardan çıxarıldı; bu böyük gəlir gətirilən sahəyə “brilyant əl” qoyan kimdi? Azərbaycanda daha bir sahə tam monopoliyaya alınıb. Artıq ölkədə ancaq bir qrup qızıl, brilyant, daş-qaş alveri ilə məşğul ola bilər. Bu barədə “Yeni Müsavat”a danışan kiçik biznesmenlərin sözlərinə görə, əvvəllər də bu sahədə monopoliya mövcud olub. Amma bu işlə məşğul olan kiçik biznesmenlər üçün xırda bir nəfəslik saxlanıbmış. Onlar da mümkün qədər bu imkandan istifadə edərək özlərinə orta səviyyəli biznes qururlarmış. Ancaq son aylarda qızıl, brilyant biznesi tam inhisara alınıb. Hakimiyyətdəki bir qrupdan başqa hər kəsin ölkəyə qızıl, brilyant, daş-qaş gətirməsi yasaqlanıb. Bu barədə danışan şəxslərin sözlərinə görə, son vaxtlarda bu bizneslə məşğul olan bir neçə nəfər hətta həbs olunub, onların neçə illər ərzində topladıqları pul əllərindən alınıb və özlərinə də xəbərdarlıq ediblər ki, bu sahəni birdəfəlik unutsunlar. Məlumatda qeyd edilir ki, bu sahədə orta səviyyəli bizneslə məşğul olan şəxslər qızıl və brilyantı Azərbaycana əsasən Dubay, Hindistan və Pakistandan gətirirmişlər. Onlar inhisarçılarla rəqabətə girə bilməsələr də, hər halda özlərinə kiçik bir biznes qura biliblərmiş. Ancaq son aylarda yuxarıdan gələn göstərişə əsasən onlara bu işlə məşğul olmaq qadağan edilib. Dubaydan və Hindistandan Azərbaycana mal gətirən bir neçə nəfər isə aeroportdaca həbs olunublar. Onlar bir neçə gün həbsdə saxlanılıblar, uzun sorğu-sualdan və işgəncələrdən sonra əllərində olan pullarını və gətirdikləri malları təhvil verərək canlarını satın ala biliblər. Qızıl, brilyant alverçilərinə deyiblər ki, Azərbaycanda bu bizneslə yalnız bir qrup məşğul ola bilər. Bu sahəyə göz dikən başqa şəxslər isə cəzalandırılacaqlar. Xəbərdə o da bildirilir ki, bu qadağalardan və keçirilən əməliyyatlardan sonra Mərkəzi Univermaqda və onun ətrafında, eləcə də şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən qızıl dükanları və sexləri bağlanıb. Həmçinin Mərkəzi Univermaqda və “Moskva” univermağında, “Laçın” Ticarət Mərkəzində qızıl, brilyant satışı demək olar ki, bir əldə cəmlənib. Mərkəzi Univermaqda isə qızıl alveri ilə məşğul olanlar və qızıl sexi sahiblərinin çoxu univermağın direktoru, deputat Ərəstun Cavadovun adamları tərəfindən sıxışdırılaraq sıradan çıxarılıblar. Qızıl biznesi inhisarçıları qrupuna bağlı olmayan biznesmenlərin çoxu ilə icarə müqaviləsi birtərəfli qaydada pozulub və onlar zorla univermaqdan çıxarılıblar. Bu isə univermaqda ciddi narazılıq yaradıb. Bundan başqa digər sahədə fəaliyyət göstərən bir sıra ticarətçilərin də səbəb göstərilmədən univermaqdan çıxarıldığı barədə məlumatlar var. Uzun illərdi Mərkəzi Univermaqda fəaliyyət göstərən bir sıra ticarətçilər heç bir əsas göstərilmədən çölə atılıblar. Qızıl biznesi sahəsinə tətbiq olunan tam monopoliyadan sonra isə qiymətlərdə artım müşahidə olunur. İqtisadçılar bu sahəyə nəzarətin tam və vahid ələ keçirilməsinin qızılın, brilyantın qiymətində ciddi artıma səbəb olacağını düşünürlər. Qızılın qiymətinin artmasının isə digər sahələrə də təsir edəcəyi proqnozlaşdırılır.
Sorğu
Yeni dizaynımız necədir?