Abid Şərifovun himayəsində olan ASC dövlət tenderlərini əslində digər müəssisələrdən daha münasib şərtlər təqdim etmədən qazanır
Nədənsə bu gün “kölgə iqtisadiyyatı” ifadəsini eşidərkən əksəriyyətimizin şüurunda qeyri-ixtiyari olaraq məhz keçmiş SSRİ-də qanundan kənar fəaliyyət göstərən iş adamlarının surəti canlanır. Demək olar ki, vahid mərkəzdən idarə olunan planlı iqtisadiyyatın hegemonluğu şəraitində bu insanlar mahiyyət etibarı ilə özləri üçün bugünkü qanunlara uyğun müəyyən biznes şəbəkəsi qururdular. Həmin biznesi “kölgəyə” çəkən yeganə faktor isə vergilər idi. Belə ki, mövcud sosialist cəmiyyətinin qanunları prinsip etibarı ilə fərqli olmaqla özəl biznes fəaliyyətinin nə özünü, nə də təbii ki, bu fəaliyyətdən əldə olunan gəlirlərdən tutulacaq vergiləri qəbul edə bilməzdi. Bu gün vəziyyət tam fərqlidir. Dövlət azad sahibkarlığı dəstəkləyir, ölkə iqtisadiyyatında özəl sektorun payı getdikcə artır. Düşünmək olar ki, “kölgə iqtisadiyyatı” məvhumu da sosializmin digər atributları kimi zaman keçdikcə unudulmalıdır. Amma bu baş vermir. Əksinə, bu gün bir çox özəl şirkət və müəssisələrin fəaliyyətində nəinki bu gizlin iqtisadiyyatın bütün göstəricilərini müşahidə etmək, hətta bir çox hallarda “kölgə”nin qatılaşaraq tam zülmətə çevrildiyini belə aşkar görmək olur. Məlumdur ki, bu gün Azərbaycanda fəaliyyət göstərən əksər səhmdar cəmiyyətlər öz səhmləri üzrə az-çox qaneedici divident vermirlər. Buna səbəb kimi isə həmin cəmiyyətlərin rəhbərləri müəssisələrinin guya ki, zərərlə işlədiklərini göstərirlər. Lakin Azərbaycan kimi möhtəşəm iqtisadi inkişaf mərhələsi yaşayan bir ölkədə, məsələn “Azərkörpü” ASC kimi inşaat nəhənginin belə bir bəhanəyə istinad etməsi tamamilə absurddur. Ən azından ASC rəhbərliyinin və ilk növbədə səhmlərin 51%-nə nəzarət edən Əfəndi İsmiyevin şəxsi sərvətinin müəssisənin qazandığı hər yeni tenderlə artması bu iddiaları tamamilə rədd edir. Aydındır ki, bu bəhanələrə az-çox inandırıcı don geyindirmək üçün ikili mühasibatın aparılması, xərclərin süni şişirdilməsi və digər bu kimi vasitələrdən istifadə olunur. Respublikanın fond bazarı üzrə ixtisaslaşan ekspertlər də bildirirlər ki, milyonlarla manat mənfəət əldə edən “Azərkörpü” ASC illərdən bəridir ki, hər səhm üçün 0,90 manat dividend elan edir. Hərçənd şirkət bu dividendi ən azı 10 dəfə artırmaq iqtidarındadır. Aşkardır ki, ASC-nin rəhbərliyi qanunvericilikdə dividendlərin həcminə dair tələbin olmamasından sui-istifadə edir. Mövcud qanunvericiliyə görə, dividend cəmiyyətin xalis mənfəətindən onun iştirakçılarına ödənilir və məbləği Direktorlar Şurası tərəfindən ümumi yığıncağa tövsiyə olunur. Mənfəətin qalan hissəsi isə digər zəruri məqsədlər üçün yönəldilə bilər. Maraqlıdır ki, “Azərkörpü”ASC Bakı şəhərində SSRİ-nin Nəqiliyat Tikintisi Nazirliyi yanında 1968-ci ildə yaradılıb və fəaliyyətə “Mostootryad”-100” kimi başlayb. 2001-ci ildə həyata keçirlən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət satusunu alıb. Görünür məhz bu məqam da ASC rəhbərliyinin “kölgə iqtisadiyyatı”na meyilliliyini şərtləndirir. Qeyd edək ki, ASC-nin verə biləcəyi dividendlərə dair başqa, daha maraqlı ekspert rəyləri də mövcuddur. Məsələn bildirilir ki, hələ 2010-cu ilin təsərrüfat fəaliyyətinin nəticələrinə görə, “Azərkörpü” ASC-nin hər səhmi 75 manat mənfəət gətirib. Bu, əvvəlki ildəkindən 56,57 manat çoxdur. Lakin səhmdarlara əvvəlki illərdə olduğu kimi bir səhm üçün 0,90 manat dividend ödənilib. Hər il “Azərkörpü” ASC mənfəət və əsas vəsaitlərin amortizasiyası hesabına kapital qoyuluşları edərək, 10 milyonlarla manat dəyərində əsas vəsait əldə edir. Buna baxmayaraq, nəzarət səhm sahibləri minoritarların təkliflərini rədd edərək, kapital qoyuluşlarının cəmiyyətin nizamnamə kapitalına yönəldilməsini əngəlləyirlər. Onlar buna qarşı əsaslı arqument qətirməsələr də, səbəb aydındır. Belə ki, Nizamnamə kapitalının yüksəldilməsi proporsional qaydada səhmlərin nominalının artırılması ilə nəticələnəcək. Bu isə majoritarların kiçik səhm sahiblərini səhmdar cəmiyyətindən sıxışdırıb şıxarmaq siyasətinə uyğun deyil. Bu siyasətə görə isə mülkiyyətində olan az miqdarda səhmdən xırda məbləğdə dividend alan səhmdar əvvəl-axır ondan yaxa qurtarmaq barədə qərar vermək məcburiyyətində qalacaq. Hərçənd, “Azərkörpü” ASC səhmlər üzrə yuxarıda qeyd olunduğu kimi 90 qəpik deyil, 75 manat 4 qəpik ödəmək iqtidarındadır. Bu isə hər səhmin nominal dəyərindən 37,5 dəfə çoxdur. Lakin Əfəndi İsmiyevin rəhbərlik etdiyi ASC-nin fəaliyyətinə “kölgə” salan məqamlar tək bunlardan ibarət deyil. Belə ki, Abid Şərifovun himayəsində olan bu ASC-nin dövlət tenderlərini əslində digər müəssisələrdən heç də daha münasib şərtlər təqdim etmədən qazanması da kifayət qədər şübhələrə əsas verən bir məqamdır. Belə ki, bir çox mənbələr iddia edir ki, dövlət tenderini qazanmaq üçün “Azərkörpü” ASC ilə paralel olaraq müsabiqəyə qatılan, daha doğrusu buraxılan əksər digər müəssisələr əslində yalnız sənəd üzərində mövcud olurlar. Təbii ki, tenderi qazanacaq şirkət rəhbərlərinin qeyri-rəsmi nəzarətində olan bu “ilğım-şirkətlərin” yeganə funksiyası da daha “sərt şərtlər” təqdim etməklə “Azərkörpü” ASC-nin “üstünlüklərini” nümayiş etdirməkdən ibarət olur. Həm də qeyd etmək lazımdır ki, bu mexanizm bəzi məmur və iş adamlarının məhz birgə fəaliyyətlərinin məhsulu olmaqla, bu gün dövlət vəsaitlərinin mənimsənilməsi baxımından çox geniş tətbiq sahəsinə malikdir. Şamil Əlibəyli
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?