Problem tikintidə işlədilən üzlük şüşələrin keyfiyyətsiz olması ilə bağlıdır
Əgər bir müddət öncə komplekisin sürüşmə zonasında olduğundan bu tikintinin sürüşməyə məruz qalması idisə, indi isə binanın üzlük şüşələri ilə bağlıdır. O zaman “Alov Qüllələri”nin tikintisini həyata keçirən “DİA Holdinq” şirkəti nümayəndəsi Akif Musayev sürüşmə ilə bağlı deyilənlərin həqiqətə uyğun olmadığını bildirmişdi. A.Musayev onda qeyd etmişdi ki, bina çox etibarlı tikilib: “Həmin üç qüllənin hər birinin 40 metrə qədər özülü var. O, heç bir halda sürüşə bilməz. Azərbaycanda tikilən binalar içərisində “Üç Alov” ən etibarlı binadır. Gərək bütün Bakı sürüşsün ki, “Üç Alov” da sürüşsün. Ona görə də bu məlumatlar yanlışdır”. Amma indiki problem tikintidə işlədilən üzlük şüşələrin keyfiyyətsiz olması ilə bağlıdır. Belə ki, tikintidə istifadə edilən üzlük şüşələr keyfiyyətsiz olduğundan sınmağa başlayıb. Adının çəkilməsinin istəməyən əməkdaş bildirdi ki, həmən şüşənin birinin qiyməti 3000 dollar civarındadır və Türkiyədə hazırlanaraq gətirlir. Artıq kompleksdə quraşdırılmış şüşə üzlüklərdən 35-dən çoxu öz-özündən sınaraq düşüb. Bunun nəticəsində tikinti işlərini aparan “DİA Holdinq”lə şüşə üzlüklər istehsal edən müəssisə arasında ciddi problem yaranıb və tərəfələr bir-birini günahkar sayır. Vəziyyət o yerə çatıb ki, “DİA holdinq” şüşə üzlük istehsal edən türk şirkətini məhkəməyə verməyə hazırlaşır. Xatırladaq ki, 2008-ci ildə tikintisinə başlanılan Bakı Alov Qüllələri Bakının vizit kartı olacaq. 3 binadan ibarət bu möhtəşəm tikili ayrı-ayrı funksiyaları yerinə yetirəcək. Yəni, binalardan biri 328 yerlik mehmanxana, digəri biznes mərkəzi, o biri isə 140 mənzilli rezidensiya - yaşayış binası kimi fəaliyyət göstərəcək. Tikinti şirkətinin şöbə müdiri Akif Musayevin sözlərinə görə, otel kompleksi 37, biznes mərkəzi 34, rezidensiya 39 mərtəbədən ibarət olacaq. Binanın ən hündür mərtəbəsi isə dəniz səviyyəsindən 300 metr hündürlükdə yerləşir. Memarların hesablamalarına görə, bu hündürlük Bakının digər binaları ilə müqayisədə ən hündür nöqtədir. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?