“Azərbaycanın Avropa Şurasında fəaliyyətinin başlıca istiqaməti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunmasıdır. Çox təəssüf ki, bu problemlə bağlı məsələlər araşdırılarkən münaqişə tərəflərinə bərabər münasibət sərgilənirdi.Bu cür münasibətin nəticəsi olaraq aprelin əvvəlində Ermənistan tərəfi Azərbaycana qarşı növbəti təxribat törətdi”.
Turanin xəbərinə görə, bu sözləri Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramuntla görüşündə deyib.
Görüş Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleyası Şurası iclası çərçivəsində gerçəkləşib.
Dağlıq Qarabağ münaqişəsi barəsində danışan O. Əsədov prezidentlərin Vyana görüşü barədə məlumat verib. O, P.Aqramuntun münaqişənin həlli ilə bağlı öncə açıqlamış olduğu mövqeyini təqdir edib.
“Siz düzgün söyləmisiniz ki, bu münaqişə BMT-nin qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnməlidir. Biz bu sözləri AŞPA-nın ədalətli mövqeyi kimi qəbul edirik” - deyə O.Əsədov bildirib.
Pedro Aqramunt isə bildirib ki, bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.
“Bu mövqeyimə görə, Ermənistan tərəfi və hətta bəzi parlamentarilər məni kəskin tənqid etmiş, haqqımda xoş olmayan fikirlər söyləmişdilər. Mən mövqeyimin ədalətli olmasına əminəm. Mənim üçün əsas məsələ münaqişənin tezliklə həll olunmasıdır və bu istiqamətdə səylərimi əsirgəməyəcəyəm”.
Görüşdə həmçinin, 90 saylı Ağdaş Seçki Dairəsində keçiriləcək təkrar seçkilər, ölkə başçısının martda imzaladığı əfv fərmanı, ölkə başçısının xanımı Mehriban Əliyevanın amnistiya təşəbbüsü haqda danışılıb.
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.
1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.
Hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi Azərbaycan rayonlarının qeyd şərtsiz boşaldılması haqqında qərar verib. Ancaq qərar, hələ də, yerinə yetirilməyib.
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın növbəti Şura iclaslarında iştirak etmək üçün mayın 18-dən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə gedib. Səfər mayın. 20-dək davam edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?