“Avropa Şurası və onun seçki müşahidə missiyası Azərbaycanda özünü tamamilə gözdən salıb. Artıq Avropa Şurasının özündə də onlardan çox ciddi şəkildə narazılıq var”.
Bunu virtualaz.org-a Milli Şuranın sədri Cəmil Həsənli AŞPA Monitorinq Komitəsi həmməruzəçilərinin Azərbaycana planlaşdırılan səfərinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, həmməruzəçilərin təmsil olunduqları ölkələrin mətbuatında 9 oktyabr seçkiləri ilə bağlı verdikləri qeyri-obyektiv, təmənnalı, tərəfli qiymətlə bağlı xeyli məlumat dərc olunub: “Ola bilsin ki, onlar gəlib burada nəyisə araşdıracaqlar. Biz 2001-ci ildə Avropa Şurasına üzv olanda düşünürdüm ki, bu qurum tədircən bizi öz qaydalarına uyğunlaşdıracaq. Amma tamamilə əks proses getdi və Avropa Şurası Azrbaycan qaydalarına uyğunlaşdı”.
AŞPA nümayəndələri ilə görüşü boykot etmək məsələsinə gəlincə, C.Həsənli bildirib ki, bu, müzakirə olunmalıdır: “Bu məsələ müzakirə olunmalıdır ki, yekun bir qərara gələk”.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debono Qrexin və Pedro Aqramuntun gələn ilin əvvəlində Azərbaycana səfəri planlaşdırılır. Səfər zamanı həmməruzəçilər Azərbaycanda rəsmi şəxslər, siyasi partiyalar və QHT nümayəndələri ilə görüşlər keçirəcəklər. Səfərin əsas məqsədi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası ilə bağlı vəziyyəti müşahidə etməkdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?