Borc içində Kasıb da borc içində, kalan da borc içində, Ölən də borc içində, qalan da borc içində. Xəzinələr həmişə ilanlar altda olmuş, Fəqət, bu səltənətdə, ilan da borc içində. Atan bibindən istər, anan xalandan istər, Bibin də borc içində, xalan da borc içində. Nişan da borcnan oldu, toyun da borcnan oldu, Yəqin olar gələn il, balan da borc içində. Filan klana borclu, klan filana borclu, Filan oğlu, filan da, klan da borc içində. Acından ölməmək üçün, gedin yalana doğru, Bu məmləkətdə doğru, yalan da borc içində. Vətən acdı, vəkil tox, yemək azdı zibil çox, Zibil pulun verən yox, dalan da borc içində. Bu torpağa imamın ayağı dəydiyiçün, Bu torpağı satan da, alan da borc içində. Əgər bu canı, Pünhan, Xuda veribsə borca, Günahı olmayan da, olan da borc içində.
İkinci devalvasiyadan sonra qeyri-iradi olaraq ölməz qəzəlxanımız Baba Pünhana rəhmət dilimdən düşmür. Artıq onun “Borc içində” şeirini zümzümə etməkdən dodağım yara olub, dilim qabar. Bu gün ölkə iqtisadiyyatının mövcud acınacaqlı durumu, sahibkarların çətin günlər yaşaması, varlının da, kasıbın da zinhara gəldiyi bu dönəm şeirdə necə ifadə olunubsa adam müəllifə milyon kərə rəhmət oxumaqdan özünü saxlaya bilmir.
Bəli, gerçəkdən kasıb da borc içində, kalan da borc içində, ölən də borc içində, qalan da borc içində…
Yaxud “Nişan da borcnan oldu, toyun da borcnan oldu, yəqin olar gələn il, balan da borc içində” misrası bu gün toya da, yasa da borc alıb gedənin, ginekoloqlara pul verə bilmədyindən evdə doğuş keçirərək özünün və körpəsinin həyatını riskə atan vətəndaşımızın humanitar fəlakətlə üz-üzə qaldığının təkzibedilməz sübutu deyilmi? Səhiyyəmiz adımızı dünyada rüsvay etmədimi, sağlam ayaqla xəstə ayağı dəyişik salıb kəsən Hippokrat andlı həkimin olduğu məmləkətdə tibbin hansı səviyyədə olduğunu demək üçün mütəxəssis olmağa gərəkmi var?
“Acından ölməmək üçün, gedin yalana doğru, bu məmləkətdə doğru, yalan da borc içində” misrası da elə bu günümüzlə səsləşmirmi? Artıq bu məmləklətdə yalan nəinki ayaq tutub yeriyir, hətta milli rəqslərimizi, lap istəsən “Lambada” da oynayır. Nədən? Çünki artıq Ulu Tanrının əhatə dairəsindən çıxmışıq, daha doğrusu, Allah da üz döndərib bizdən. Nankor, xalqına yuxarıdan aşağı, kölə kimi baxan, prezidentin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq xalqın xidmətiçisi olmağı özünə rəva bilməyən qudurğan məmurlara və onların harınlamış övladlarına görə…
“Vətən acdı, vəkil tox, yemək azdı zibil çox, zibil pulun verən yox, dalan da borc içində” misrası da ellikcə zibilə düşdüyümüzü olduğu kimi əks etdirir. Məmləkət insanı nəinki zibil pulunu, heç bankdan od qiymətinə götürdüyü “kredit” adlı virusdan qurtulmaq şanslarını büsbütün itirib. Amma səlahiyyət sahibləri sanki əllərində yağlı kəndir gözləyən cəlladlar kimi millətin dar ağaclarına düzülməsini gözləyir və yaranmış mənzərəni seyr etməklə kifayətlənirlər. Bir - birinin ardınca uzundərə adları olan qurumlar yaradılır, yığışırlar, xısınlaşırlar, bayıra çıxanda soruşurlar ki, noolduuuu, nə qərara gəldiniz, kredit faizlərinin taleyinə, millətin gələcək aqibətinə çarə tapdınızmı? Cavab verirlər ki, müzakirələr davam edir və hələlik dəqiq bir şey demək mümkün deyil. Siz öləsiniz, mən indidən deyirəm ki, dəqiq cavab da hamını, kredit götürəni də, banka pul qoyanı da əməllicə peşman edəcək. Sonda maliyyə naziri Samir Şərifovdan betər cavab veriləcək ki, canınız çıxsın, gedin necə götürmüsünzsə o cür də ödəyin, dövlət sizin üçün xeyriyyə cəmiyyəti deyil ki… Fikrimi rəhmətlə andığım Baba Pünhanın şeirindəki sonuncu misra ilə yekunlaşdırmaq istəyirəm. Əslində bu bir xəbərdarlıq və insanları bu günə qoyanlara imamların qənim olacağının ismarışıdır: “Bu torpağa imamın ayağı dəydiyiçün, bu torpağı satan da, alan da borc içində”…
Torpağı alıb-satanla işimiz yox, amma imamların ayağı dəyən bu torpaq imam övladlarına qənim kəsilənlər üçün gec-tez cəhənnəm olacaq, buna kimsənin şübhəsi olmasın…
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?