“Borcluların əlindən əmlakının alınması, icra proseslərinin, girovların satılmasının tezləşdirilməsi kimi məsələlər var”
Bankların kredit probleminin həll ediləcəyi artıq mümkünsüz işə çevrilməkdədir. Birinci devalvasiyanın ikinci “ildönümü” yaxınlaşsa da, hələ də dollar kreditləri ilə bağlı problem həll olunmayıb. Üstəlik, problemin həlli istiqamətində hansısa normal addımın atıldığı da görünmür. Problemin həlli rəsmilərin müəyyən açıqlamalarından irəli getməyib. Nəticədə ölkədə təkcə dollar kreditlərinin deyil, ümumilikdə kreditlərin geri qaytarılmasında ciddi problem yaranıb. Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, artıq ölkənin ödəniş sistemi iflic olub, heç kim ödəniş etmir: “Hamı gözləyir ki, devalvasiya olacaq. Sahibkarlar da fəaliyyətlə məşğul ola bilmirlər. Ona görə ki, onlar öz mallarını ucuz manata satmaq istəmirlər. Qiyməti dollara bağlamaq isə qanunsuzdur. Buna görə belə iflic vəziyyət yaranıb. Növbəti kəskin devalvasiyalar isə ölkədə kütləvi qiymət artımına aparacaq. Çünki biz ən sadə malları belə idxal edirik, xaricdən dollarla alınır. Valyutamızın dəyərdən düşməsi məhz ona gətirəcək ki, ölkədə bütün qiymətlər qalxacaq. Bu baxımdan, ürəkaçan bir vəziyyət deyil”.
Ekspertin sözlərinə görə, ötən il ölkənin bank sistemi faktiki olaraq çöküb: “11 bank bağlanıb. Qalanlarının da vəziyyəti çox pisdir. Bu il azı 10 bank da bağlanacaq. Əmanətlərin banklardan çıxarılması prosesi güclənəcək. Faktiki olaraq pul kütləsi xeyli azalacaq. Bankların problemli kreditləri, dollar kreditləri ilə bağlı məsələ dolların bahalaşması fonunda daha da gərginləşəcək. Bu il bank-borclu münasibətləri daha da şiddətlənəcək. Əhalinin əlindən əmlakının alınması artacaq. Hökumət isə mövcud qanunvericiliyi dəyişdirməyə hazırlaşır. İqtisadiyyatla bağlı ”yol xəritələri”ndə bu göstərilib. Borcluların əlindən əmlakının alınması, icra proseslərinin, girovların satılmasının tezləşdirilməsi kimi məsələlər var. Bunlar borc verənin hüquqlarını müdafiə mexanizmi olacaq. Əgər istehlakçının ödəmə qabiliyyəti yoxdursa, özünü müflis elan edə biləcəkmi? Yəni bununla bağlı bir çox suallar yaranır. Amma hələlik belə görünür ki, bu il bu problem daha da ağırlaşacaq. Sahibkarların banklara borcları var. Sahibkarlara dair də belə tədbir görülməsə, onlara öz borclarını uyğun şərtlərlə qaytarmaq üçün şərait yaradılmasa, onlar borclarını qaytarmayacaqlar. Bu da bütövlükdə bank sisteminə böyük zərbə vuracaq”.
Ekspert həmçinin qeyd edib ki, bankla yazılı razılıq əldə etməyincə, borcluların kreditlərini ödəməsi onların Azərbaycanın zərərinədir: “Borclu vətəndaşlarımız tez-tez soruşur: ”Dollar kreditim var. Bank dedi ki, köhnə məzənnə ilə ödə, mən də ödədim, amma indi məzənnə fərqini də tələb edir. Nə edim?” Həm manat, həm də dollar kreditlərinə dair başqa sual da verirlər: “Bir az gecikməm oldu, amma sonra bankla razılaşıb ödəməyə davam etdim və krediti bağladım. Lakin indi bank deyir ki, hələ xeyli borcum qalıb, çünki ödənişlərimin çox hissəsi cərimə kimi tutulub. Bu necə ola bilər?” Belə hallar ona görə baş verir ki, insanlarımız sadəlövhcəsinə bankların şifahi vədinə inanır. Heç bankirin sözünə inanmaq olar? Qətiyyən olmaz! Bankla hər hansı razılığa gəlmisinizsə, mütləq onun yazılı şəkildə ifadə edilməsini tələb edin. Məsələn, götürək dollar kreditlərini. Bank güzəştə getmək istəmir. Amma bilir ki, sizə bunu desə, ödənişləri dayandıra bilərsiz. Odur ki, yalandan vəd verir ki, sən əvvəlki məzənnə ilə ödə, narahat olma. Siz də ödəyirsiz, amma bank ödənişi yeni məzənnə ilə uçota alır və nəticədə borcunuz nəinki azalmır, bəlkə də artır, çünki bank gecikməni də qeydə alır və cəriməni də yükləyir. Sonra siz etiraz edəndə, bank deyir ki, aramızda elə razılıq olmayıb, canın çıxsın, məzənnə fərqini də, cərimələri də ödə. Böyük ehtimalla, heç olmasa üzünə tüpürmək üçün sizə vədi vermiş adamı da tapmayacaqsız: ya işdən çıxıb, ya da başqa bölməyə keçirilib”.
Ə.Həsənovun sözlərinə görə, ikinci məsələ də banklarımızın məşhur fırıldaqlarından biridir, bu da gecikdirilmiş borc üzrə ödənişdən ilk növbədə dəbbə pulunun, cərimənin, sonra faizlərin və yalnız yekunda əsas borcun tutulmasıdır: “Bu gedişlə də vətəndaş ömrünün axırına kimi banka borclu qalacaq. Lakin bunu əvvəldən bilmir. Çünki əksər hallarda bank ödənişdən cərimənin tutulduğunu vətəndaşa heç demir. Vətəndaş hərdən vaxtında, hərdən də gecikdirmə ilə birtəhər ödənişini davam etdirir. Düşünür ki, borcu azalır, lakin azalmır. Amma bunu gec başa düşür. Onda başa düşür ki, borcun tam və ya xeyli hissəsinin ödənildiyini zənn edir, bank isə ona: ”Nə danışırsan, sənin bizə hələ filan qədər borcun qalıb”, deyir”.
Ekspert belə halda, vətəndaşın nə etməli olduğuna da aydınlıq gətirir: “Kredit müqavilələrində borclunun ödənişindən ilk növbədə cərimənin tutulması haqda müddəa qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 440.2-ci maddəsinə əsasən, əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Əlbəttə ki, əsas borc borclu üçün daha ağır tələbdir, çünki üstünə faiz gəlir. Buna görə də cərimənin ilk növbədə tutulması qanunsuzdur. Gecikdirilmiş borcunuzu ödəmək istədikdə, əmin olun ki, ödənişinizdən cərimə tutulmayacaq.
Buna görə banka təklif edin ki, ya kredit müqaviləsindən cərimə haqda müddəanı çıxartsın, ya da ödənişlərinizdən cərimənin tutulmayacağı barədə sizinlə yazılı razılaşma bağlasın. Hər ödənişinizdən sonra da bankdan yenilənmiş və bankın imza və möhürü ilə təsdiqlənimiş ödəniş qrafikini tələb edin. Həmin qrafiki yoxlayıb əmin olun ki, ödənişiniz məhz əsas borcun və faizlərin ödənişi kimi nəzərə alınıb. Lap elə indinin özündə də gedin banka və yenilənmiş ödəniş qrafikini tələb edin. İndiyədək etdiyiniz ödənişləri ilkin ödəniş qrafiki ilə tutuşdurun. Sizi əmin edirəm ki, əksəriyyətiniz ciddi fərqlər tapacaqsız.
Özünüzü aldatmağa qoymayın. Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin. Qoy bank sizi məhkəməyə versin. Sizi əmin edirəm ki, ömrünüzün sonunadək cərimə ödəməkdənsə, işə məhkəmədə baxılması qat-qat yaxşıdır. Əvvəla, ona görə ki, məhkəmədə bankın yol verdiyi qanun pozuntularını mübahisə edə bilərsiz. Məsələn, faizlərin qanuna zidd olaraq ildə bir dəfə deyil, ayda bir dəfə tutulmasını, ödənişlərinizdən ilk növbədə cərimənin tutulmasını və s.
Digər tərəfdən isə Mülki Məcəllənin 467-ci maddəsini nəzərə alın: ”Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Yəni məhkəmədə dəbbə pulunun azaldılmasını tələb edə bilərsiz. Əksər hallarda məhkəmələr bu tələbi təmin edir. Lakin dəbbə pulunu artıq ödəmisinizsə, məhkəmə əvvəlki ödənişlərinizi azalda bilməyəcək.
Düzdür, ödənişlərinizdən ilk növbədə dəbbə pulunun tutulmasının qanunsuz olduğunu yenə də sübut edə bilərsiz, amma hər halda bu, daha çox səy və vaxt tələb edir. Onu da nəzərə alın ki, banklar indi problemli kreditlərin içində batır. Buna görə də kreditini az-çox ödəyən borclu öz iradəsini banka diktə edə bilər. Bankın onsuz da başqa yolu yoxdur. Ya növbəti və ona baha başa gələn məhkəmə prosesinə başlamalı olacaq və az-çox hansısa ödənişdən məhrum olacaq, ya da heç olmasa müntəzəm olaraq hansısa ödənişi alacaq. Buna görə də haqqınızı tələb edin. Cərimələri silməyincə, sizdən onları tutmadıqlarına əmin olmayınca, kreditləri ödəməyin”.
Ekspertlər qeyd edir ki, bank sistemi faktiki olaraq çökmüş durumdadır: Heç bir bank dollar satmırsa, hətta bankın özünün verdiyi dollar hesab-kartında əməliyyat həyata keçirmək mümkün deyilsə, bu, bank sisteminin artıq məhv olduğunun göstəricisidir. Ekspertlər bildirir ki, hökumət təcili olaraq bank sistemində vəziyyəti tənzimləməlidir. Əks təqdirdə növbəti devalvasiya baş verəcək, iqtisadiyyat da çökə bilər(musavat.com).
Sorğu
Yeni dizaynımız necədir?