... və 16 manatlıq «çörəkpulu» reallığı arxasındakı həqiqətlər
gundemxeber.az Azərbaycandakı mövcud sosial-iqtisadi şərait və istehlak bazarındakı qiymətlərlə müqayisədə orta əməkhaqqı çox aşağıdır. Bütün sosial şəraiti və istehlak tələbatını nəzərə alsaq, orta əməkhaqqı ən azı 800 manat səviyyəsində olmalıdır. Çünki bir Azərbaycan ailəsinin orta kommunal xərcləri 150 manatdan az deyil. İstehlak xərclərinin əsas hissəsi olan yemək xərcləri adambaşına təxminən 116 manat təşkil edir. Bir-iki həftə əvvəl keçmiş millət vəkili Nazim Məmmədovun bu hesablamaları ətrafında mətbuatda və sosial şəbəkələrdə gedən mübahisələrin fonunda çox mühüm bir sual ortaya çıxarır: orta əməkhaqqının ən azı 800, adambaşına minimum yemək xərcinin 116 manat olması barədə açılan müzakirələrdə 84 manat pensiya, anadangəlmə xəstəliyinə görə 35 manat sosial təqaüd alan insanlar niyə diqqətdən kənarda qaldı? Bəs, torpağını, ev-eşiyini, yeddi arxadönəninin necə deyərlər, dişi-dırnağı ilə yığdığı var-dövləti, hələ üstəlik iş yerini də itirmiş 700 mindən yuxarı məcburi köçkünə verilən 16 manat 50 qəpik məbləğində yemək xərci? Orta əməkhaqqının 400 manat civarında olduğu (Dövlət Statistika Komitəsinin rəsmi məlumatında orta əməkhaqqının bu qədər olduğu göstərilir - E.S.) ölkədə hər şeyindən məhrum olmuş bu insanlara adambaşına 16 manat 50 qəpik yemək xərci vermək nə dərəcədə ədalətlidir? Hələ onun da adını qoyalar «çörəkpulu». Azərbaycanda 4 nəfərlik ailənin orta aylıq yemək xərcləri 464 manat, nəqliyyat xərcləri 120 manat, xırda geyim xərcləri isə adambaşına 200 manat edir. Belədə ayda adambaşına 800 manat əməkhaqqı almalı olan ailənin təhsil və səhiyyə kimi vacib xərclərə pulu qalmır. Bu hesabla, 4 nəfərdən ibarət məcburi köçkün ailəsinin aldığı 66 manat «çörəkpulu» onun hansı ehtiyacını ödəyir ki?! Üstəlik də nəzərə alaq ki, bu insanların yaşamağa mənzili, əkib-becərməyə torpağı, icarəyə verməyə əmlakı yoxdur! Rəsmi qurumlar məcburi köçkünlərə verilən «çörəkpulu»nun məbləğinin bu qədər az olmasını bu təbəqədən olan insanların bir hissəsinin özlərinə iş yeri tapması və mülk sahibinə çevrilməsi ilə əlaqələndirə bilər. Amma daimi işi, şəxsi mənzili, əmlakı, avtomobili olan bu insanlar 700 min məcburi köçkünün olsa-olsa 1-2 faizi qədərdir. Bir də ki, mənzili, ya avtomobili yemək olmur ki! İndi bir məsələ var ki, onu aydınlaşdırmağa ehtiyac var: ölkədə minimum əməkhaqqının məbləği Əmək Məcəlləsinə uyğun olaraq ölkə başçısının sərəncamları, minimum pensiya Əmək pensiyaları haqqında qanunla tənzimlənir və haqqı pozulan şəxs bu qanunlara söykənərək hüquqlarını müdafiə edə bilər. Hətta ölkənin ən kasıb insanları üçün nəzərdə tutulan ünvanlı sosial yardımın məbləği də ehtiyac meyarına uyğun müəyyənləşdirilir. Üstəlik hər il büdcə zərfi hazırlananda müvafiq olaraq həm ehtiyac meyarı, həm də yaşayış minimumun məbləği artırılır. Bəs, məcburi köçkünlərə verilən «çörəkpulu» necə, hansı kriteriyalarla müəyyənləşir? Niyə məhz 16 manat 50 qəpik? Hansı hesablamalarla? Niyə neftlə zəngin, var-dövləti başından aşan məmləkətimizdə bütün növ pensiya və müavinətlər içərisində ən aşağı məbləğ məcburi köçkünlərə ayrılan «çörəkpulu»ndadır? Hansı məntiqlə və ya hüquq qanunvericiliyi ilə? Bu sahədəki qanunvericilik, eləcə də normativ qaydaları saf-çürük etdikdə məlum olur ki, məcburi köçkünlərin aylıq yemək xərcinin məbləğini hesablamaq üçün heç bir normativ sənəd və kriteriya yoxdur. Yalnız Nazirlər Kabineti 1993-cü ildə məcburi köçkünlərin aylıq yemək xərcləri üçün müavinətin ayrılması barədə qərar verib. Ancaq bu qərarda müavinətin məbləğinin hansı kriteriya və normativ aktlarla müəyyən edildiyinə dair bir kəlmə də yazılmayıb. İndi qayıdaq sualın ikinci tərəfinə. Əslində bütün növ müavinətlər aztəminatlı əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilən dövlət siyasətidir. Amma göründüyü kimi, məcburi köçkün dövlət tərəfindən ayrılan 16 manat 50 qəpiklə heç vaxt sosial müdafiəsini gücləndirə bilməz. Çünki bu məbləğ nə ehtiyac meyarına, nə yaşayış minimumuna, nə də istehlak səbətinin dəyərinə uyğun deyil. Bu müavinətlər heç bazar qiymətləri və digər kateqoriyalar üzrə nəzərdə tutulan aylıq müavinətlərlə də uzlaşmır. Deməli, məcburi köçkünlər üçün nəzərdə tutulan 16 manat 50 qəpik məbləğində «çörəkpulu» formal xarakter daşıyır. Halbuki normal düşüncəsi olan hər kəs başa düşür ki, bu pulla heç bir həftə də yaşamaq mümkün deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?