Hər il sayğac dəyişən qurum bu biznesdən nə qədər qazanır?
gundemxeber.az Abşeron Rayon Su İdarəsi yeni növ sayğacların quraşdırılmasına başlayıb. Bu barədə redaksiyamıza etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, demək olar ki, hər il sayğac dəyişikliyi həyata keçiriən adıçəkilən qurum bu biznesdən külli miqdarda vəsait qazanmaqdadır: “Abşeron Su İdarəsi bir il bundan öncə vətəndaşlara qiyməti 250 manat dəyərində sayğaclar payladı. Bildirildi ki, həm obyektlərdə, həm də fərdi yaşayış evlərində bu sayğaclardan istifadə vacibdir. Su idarəsinin məlum tapşırığından sonra vətəndaşlar məcburən bu bu sayğaclardan istifadə etmək zorunda qaldı. Lakin bugünlərdə yeni sayğac tətbiqinə başlayan Abşeron Su İdarəsi bu kəs yeni növ sayğacların satışına start verib. Dəyəri 350 manat məbləğində olan bu sayğaclardan istifadə etməyən vətəndaşların sərt şəkildə cərimələnəcəyini bildirən idarə yetkililəri, köhnə sayğaclardan istifadənin qanunsuz olduğunu bildirir, hər vasitə ilə yeni sayğacların satışına çalışırlar”. Mənbənin məlumatına görə, su sayğaclarının hər il dəyişdirilməsi vətəndaşların haqlı narazılığına səbəb olur: “İnsanlar heç cür anlaya bilmirlər ki, eyni bir idarə hər il özünün quraşdırdığı sayğacları növbəti ildə hansı əsasla qanunsuz elan edir və bu sayğacların hər il dəyişdirilməsinin qanuni əsası varmı? Abşeron sakinlərinin böyük əksəriyyəti hesab edir ki, sayğac dəyişikliyi yalnız və yalnız Abşeron Su İdarəsinin rəhbərliyinin maraqlarına xidmət edir. İnsanlardan hər il su sayğaclarının dəyişdirilməsi adı ilə 200-300 manat vəsait toplamaq, onları əzab-əziyyətlə qazandıqları pulu sayğaclara verməyə məcbur etmək bir tək Abşeron Su İdarəsinin yetkililərinin marağına cavab verir. Odur ki, sayğac dəyişikliyi adı ilə vətəndaşların soyulması kampaniyası Abşeron sakinlərinin qəzəb və narazılığını artırmaqdadır. Vətəndaşlar hesab edir ki, sayğacların dəyişdirilməsi prosesinə son qoyulmazsa, o zaman sözügedən qurumla vətəndaşlar arasında münasibətlər daha da gərginləşəcəkdir”. Proseslərin bu şəkildə inkişafının Abşerondakı sosial gərginliyi artırdığını bildirən mənbə, gələcəkdə hadisələrin daha təhlükəli məcrada cərəyan edə biləcəyini vurğuladı: “Şübhəsiz, Abşeron Su İdarəsinin insanların ailə büdcəsi və əsəbləri ilə oynaması insanlarda daxili gərginlik və narazılığı artırır. Heç şübhə yoxdur ki, proseslər bu şəkildə cərəyan edərsə, yaxın günlərdə Abşeronda ciddi sosial partlayışın baş verəcəyi birmənalıdır. Çünki artan basqı və təzyiqlər fonunda insanların başqa alternativi mövcud deyil”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?