Rusiyanın dövlət neft-qaz şirkəti “Rosneft” bazardakı digər oyunçuları da “udmağa” hazırlaşır; Ələkbərov bu plana sərt reaksiya verdi: “Bizim şirkəti almaq mümkün deyil”
Bu ilin əvvəllərində BP-nin Rusiyadakı törəmə müəssisəsi olan TNK-BP şirkətinin aktivlərini 23 milyard dollara alandan sonra dünyanın ən nəhəng neft şirkətinə çevrilən “Rosneft” azərbaycanlı maqnata məxsus “LUKoil”u almaq üçün planlar qurur. Virtualaz.org Rusiya qaynaqlarına istinadən xəbər verir ki, səhmlərinin 75 faizi dövlətə məxsus olan “Rosneft” şirkətinə bazardakı digər rəqibləri də “udmaq” təlimatı verilib.
Hazırda şirkət Rusiyanın neft bazarındakı digər iri oyunçuları, o cümlədən “LUKoil”u almaq planlarını nəzərdən keçirir.
“LUKoil” prezidenti Vahid Ələkbərovun bu plana reaksiyası isə sərt olub: “Bizim şirkəti almaq çox mürəkkəb məsələdir və praktiki olaraq mümkün deyil. Çünki səhmdarları kifayət qədər stabildir və onların məqsədi birdəfəlik gəlir əldə etmək yox, şirkəti uzunmüddətli perspektivlər üçün inkişaf etdirməkdir”.
Vahid Ələkbərov bildirib ki, bazarda oyunçulardan birinin həddən artıq böyüməsi müsbət heç nə vəd etmir, çünki rəqabət mühiti onsuz da çox daralıb.
Rusiyanın Antiinhisar Xidmətindən isə neft sahəsində iri sövdələşmə barədə müraciət almadıqlarını deyiblər. “Rosneft” TNK-BP şirkətini alandan sonra hazırda özəl qaz şirkəti sayılan və bir vaxtlar Rusiya qazının Azərbaycana satışı ilə məşğul olan “İtera”nın səhmlərinin 100 faizinin alınması prosedurunu başa çatdırmaq üzrədir. Həmçinin “Rosneft” “ALROSA” şirkətinin qaz aktivlərini də alır.
Qeyd edək ki, Kreml neçə vaxtdır neft-qaz hasilatı və satışı bazarından özəl şirkətləri sıxışdırıb çıxarmaq siyasəti yürüdür. Könüllü şəkildə aktivlərini satmağa razılaşmayanlara qarşı təzyiqlər başlayır. Digər azərbaycanlı maqnat, Rusiyanın Uzaq Şərqində 90-cı illərin əvvəllərindən etibarən qaz hasilatı biznesi ilə məşğul olan Fərhad Əhmədov da ona məxsus “Nortqaz” şirkətini dövlət qaz nəhəngi “Qazprom”un uzun müddət davam edən təzyiqlərindən sonra prezident Vladimir Putinin dostuna bağlı şirkətə ötən il 1,5 milyard dollara sataraq bazardan çəkilməyə üstünlük vermişdi.
Qeyd edək ki, sürətlə böyüyən “Rosneft” Azərbaycanın Xəzər şelfinə də daxil olmaq üzrədir. Şirkət 1 trilyon kubmetr qaz ehtiyatına malik “Abşeron” yatağından, habelə “Şahdəniz-II”dən pay almaq üçün danışıqlar aparır. Rusiya mətbuatı yazır ki, “Rosneft” şirkətinin Xəzərdəki qaz yatağında paya iddiası ilə bağlı məlumatlar onun qaz nəhəngi “Qazprom”a rəqib olacağı məsələsi ətrafında şərhlərə zəmin yaradıb. Belə ki, “Rosneft” özünün genişlənməkdə olan qaz biznesini prioritet hesab edir. Bu da onu qaz nəhəngi “Qazprom”un bilavasitə rəqibinə çevirir.
Şirkətin rəhbəri İqor Seçin açıq çəkişmədən yayınaraq “Qazprom”a məhəl qoymamağa çalışır. “Rosneft”in “ExxonMobil” şirkəti ilə birlikdə Sakit okean sahilində hasil edilən qazın emalı üçün qaz mayeləşdirilməsi zavodunun tikilməsi üzrə layihəsi məhz buna dəlalət edir. “Reuters” agentliyinin təhlilində belə deyilir.
Kreml tərəfindən mayeləşdirilmiş qaz ixracına dair debatların açılması məhz ixracda inhisarçı olan “Qazprom”dan narazılıq əlaməti kimi yozulur. Hərçənd ki, prezident Putin digər şirkətləri Avropaya ixracda “Qazprom”la rəqabətə girməməyə çağırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?