Nəqliyyat Nazirliyi yeni ildən taksiçilik fəaliyyəti ilə bağlı son hərəkətlənməyə start verəcək
Ziya Məmmədovun şərtsiz və şəriksiz şəxsi gəlir sahəsi hesab olunan nəqliyyat sektorunda yeni qaydaların tətbiqinə hazırlaşılır. Bununla bağlı qəzetimizə danışan mənbənin sözlərinə görə, nazir Ziya Məmmədovun göstərişi ilə nəqliyyat sektorundakı durumu öyrənməyə məsul olan xüsusi komissiya yaradılıb və həmin komissiyanın rəyindən sonra bu sahədə bəzi dəyişikliklərin ediləcəyi gözlənilir. Mənbəmiz bildirir ki, yanvar ayından sonra Nəqliyyat Nazirliyi Bakıda və ölkənin iki digər iri şəhərində bütün taksiləri badımcani »tısbağa»larla əvəzləmək fikrindədir. Bu məqsədlə aparılan danışıqların nəticəsi kimi, ilin sonu-gələn ilin əvvəlinə kimi, Bakıya, Gəncəyə və Sumqayıta minlərlə yeni taksilərin gətiriləcəyi planlaşdırılır. Həmin taksilərin böyük qismi paytaxt üçün, yerdə qalanları isə digər iki şəhər üçün nəzərdə tutulub. Amma işin təhlükəli məqamı odur ki, Ziya Məmmədov bu gün şəxsi maşınları ilə taksi sürücülüyü edən və evinə bir tikə çörək aparan taksi sürücülərinin evini yıxmağı düşünür. Apardığımız araşdırma zamanı belə məlum olub ki, təkcə Bakıda şəxsi avtomobili ilə taksi sürücülüyü edənlərin sayı on minlərlədir. Bundan başqa, yerli iş adamlarının da illərdən bəri qurduqları taksi şirkətləri var. Buraya Gəncə və Sumqayıtı da əlavə etsək, bu rəqəmin həddindən artıq böyük olduğu ortaya çıxar. Qeyd edək ki, Ziya Məmmədov artıq bir neçə ildir ki, şəxsi taksiçilik sektorunu tam şəkildə ləğv etməyə cəhdlər göstərsə də bu günə qədər məqsədinə nail olmayıb. Ciddi sosial etirazlardan ehtiyyatlanan nazir hər dəfə geri çəkilmək zorunda qalıb. Mənbəmiz isə deyir ki, Z.Məmmədov artıq bu məqsədini gələn ilin ilk ayından yerinə yetirmək niyyətində qərarlıdır. Amma nəzərə almaq lazımdır ki, nəqliyyat nazirinin ölkədəki bütün takisləri »London»la əvəz etmək planını yumuşaq formada həyata keçirmək isə asan məsələ deyil. Bunun üçün təkcə Nəqliyyat Nazirliyinin müfəttişlərinin də gücləri kifayət etmir. O zaman işə polisin də qoşulacağı gözlənilir. Etibarlı mənbələrdən daxil olan məlumata görə, yanvar ayından etibarən qeyd olunan istiqamətdə addımların atılmasına başlanılacaq. Belə ki, Bakı, Gəncə və Sumqayıtda şəxsi maşınları ilə taksiçilik edənlərin fəaliyyətinə qadağa qoyulacaq. Buna qarşı çıxanları isə ya nəqliyyat müfəttişləri, ya da polisin əliylə zərərsizləşdirəcəklər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?