Məktəblərə verilən kompüterlərin direktorların və icra başçılarının katibələrində olmasının gerçək səbəbləri
gundemxeber.az Rəsmi məlumatlara görə bu gün respublika ərazisində hər 27 şagirdə bir kompüter düşür. Yəni orta məktəblərimizin əksəriyyəti kompüterlə tam təchiz edilib. Lakin Təhsil Nazirliyində keçirilən son kollegiya iclasında təhsil naziri Misir Mərdanovun orta məktəblərə verilən kompüterlər barədə açıqlaması bu mövzunu yenidən gündəmə gətirdi. Noyabrın 17-də keçirilən kollegiya iclasında M.Mərdanov orta məktəblərdə dövlət vəsaiti hesabına alınan kompüterlərin təyinatı üzrə istifadə edilməməyini kəskin tənqid edib. Nazirin sözlərinə görə, bəzi rayonlarda dövlət vəsaiti hesabına alınan kompüterlər icra başçılarının katibəsinin, ya da məktəb direktorlarının katibəsinin evindədir. M.Mərdanov dövlətin puluna alınan vəsaiti belə israf etməyin cinayət olduğunu deyib. O qeyd edib ki, bu cür qanunsuz fəaliyyətlə məşğul olan adamlara 1 ay vaxt verilir: “Əgər bu müddətdə aşkarlanan nöqsanları düzəltməsələr, o şəxslər haqda cinayət işinin qaldırılması üçün müraciət edəcəyəm”. Nazirin “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə” Dövlət Proqramının nəticəsi ilə bağlı verdiyi məlumatda göstərilir ki, 4 min 522 məktəbdən 3769-u kompüterlə təmin olunub. Proqramın nəticələrindən biri kimi qeyd olunub ki, məktəblər üzrə hər 27 şagirdə 1 kompüter düşür. Bu proqramın nəticəsi olaraq məktəblərə 31700 kompüter verilib, onlarınsa 21 min ədədi “Kür” şirkətinə məxsus olub. Amma aparılan araşdırmalar göstərir ki, məktəblərə verilən kompüterlərin də mütləq biri direktorun, biri katibənin otağında, kompüter az olan məktəblərdə isə təkcə direktorun otağındadır. Səbəbsə məktəbin dəftərxana işlərinin görülməsi göstərilir. Baxmayaraq ki, idarəçilikdə işlədilən bu kompüter də şagird sayına düşən kompüter kimi hesablanır. Məlumatda həmçinin bildirilir ki, rayon məktəblərində də vəziyyət ürəkaçan deyil. Belə ki, kompüterlər ya istifadə olunmur, ya da direktorların otağındadır. Nazirliyin yuxarıda qeyd olunan məlumatlarını oxuduqdan sonra belə bir sual yaranır: Deyək ki, əvvəllər kompüterlərin sayı az idi deyə, istifadəsi də məhdud idi. Madam ki, hər 27 şagirdə bir kompüter düşür, indi nədir problem, nə üçün məktəblərdəki kompüterlər tam olaraq şagirdlərin istifadəsinə verilmir? Ekspertlər bunu məktəblərdə bu işlə məşğul ola biləcək mütəxəssislərin olmaması ilə əlaqələndirirlər. Orta məktəblər kompüterləşdirilərkən heç bir müəllim hazırlığı həyata keçirilmədi. İndi isə məktəblərin zirzəmiləri kompüterlərlə doludur. Sonra başa düşdülər ki, şagirdlərə dərs keçəcək nə müəllim var, nə texnologiya ilə bağlı dərsliklər var. Bu səbəbə görə, hazırda acınacaqlı vəziyyət yaranıb. Mümkündür ki, bir neçə məktəbdə kompüterlər işlək vəziyyətədir, müəllimlər var. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda 4 mindən çox orta məktəb var. Rayonlarda isə vəziyyət acınacaqlıdır. Kənd məktəblərində kompüterdən istifadə, internetə daxil olma kimi problemlərlə yanaşı, müəllim çatışmazlığı da mövcuddur. Bir sözlə ölkəmizin iqtisadi cəhətdən inkişaf etməsi o anlama gəlmir ki, təhsilimiz də iqtisadi inkişafımıza bərabərdir. Yəni biz elə hesab edirik ki, iqtisadiyyatımız inkişaf edirsə, təhsilimiz də o səviyyədədir. Deyək ki, Harvard Universitetində təhsil haqqı yüksəkdir və bizdə də təhsil haqları qaldırılmalıdır. Amma gəlin görək Harvardla bizim universitetlərin keyfiyyəti bərabərdirmi. Kompüterləri məktəblərə doldurmaqla deyil ki! Elgün Mənsimov
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?