Dünya Bankı Bakı-Şamaxı və Yenikənd-Şorsulu avtomobil yollarının yenidən qurulmasını nəzərdə tutan “üçüncü yol layihəsi”nin bağlanmasını 2020-ci il iyun ayının sonundan 2021-ci ilin mart ayının sonunadək təxirə saldı.
DB-nin Bakı nümayəndəliyindən bildiriblər ki, bu qərar hökumətin müraciətinə əsasən verilib:
“Həmin müddət ərzində hazırlanacaq yeni yol layihəsi üçün “üçüncü yol layihəsi”nə ayrılmış kreditdən istifadə olunmamış qalan 64 milyon ABŞ dolları sərf ediləcək”.
Yeni layihə çərçivəsində adı hələlik çəkilməyən region avtomobil yolunun yenidən qurulacağı da diqqətə çatdırılıb.
Qeyd edək ki, “üçüncü yol layihəsi” üçün ayrılan kreditdən iyun ayının ortalarınadək 310,1 milyon ABŞ dolları həcmində vəsait xərclənib. Bu da DB-nin öhdəliklərinin 82,4 faizi deməkdir. Sözügedən layihə üç hissədən ibarətdir. Birinci hissə Bakı-Şamaxı magistral yolunun 94 kilometrlik və Yenikənd-Şorsulu magistral yolunun 48 kilometrlik hissələrinin dördzolaqlı olaraq yenidən qurulmasını, ikinci hissə magistral yollarının texniki xidmətləri sahəsindəki islahatın dəstəklənməsini, üçüncü hissə isə layihənin idarə olunması və “Azərbaycan Avtomobil Yolları” QSC-nin təşkilat olaraq dəstəklənməsi, o cümlədən texniki yardımı və əlavə xərcləri əhatə edir. Birinci hissənin dəyəri 448,1 milyon ABŞ dolları, ikinci hissənin 25 milyon, üçüncü hissənin isə dəyəri 4 milyon ABŞ dollarıdır.
2010-cu ilin may ayında Dünya Bankının Direktorlar Şurası Azərbaycanda avtomobil yollarının təkmilləşdirilməsinə dair üçüncü layihəyə 241,6 milyon ABŞ dolları həcmində krediti təsdiqləyib. Həmin kreditin 171,6 milyon ABŞ dolları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (İBRD) şərtlərinə əsasən, 4 il imtiyazlı olmaqla 17 illik müddətə, 70 milyon ABŞ dolları isə Beynəlxalq İnkişaf Assosiasiyasının (İDA; hər ikisi DB-nin alt qurumlarıdır) şərtinə əsasən, 10 ili imtiyazlı olmaqla 20 illik müddətə verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?