“Aqrolizinq” ASC-də pulunu ödədikləri texnikanı ala bilməməkdən şikayətlənən bir qrup fermer AzNews.az-a müraciət edərək problemin həllində yardım istəyib. Fermerlərin sözlərinə görə, bir çox hallarda müraciətlərə aylarla baxılmaması onların işinin yubanmasına səbəb olur.
Cəlilabaddan olan fermer Həsənov Cahanşah Qulam oğlunun sözlərinə görə, traktor almaq üçün artıq 10-cu dəfə paytaxta gəlib: “Mənim istəyim traktor almaqdır. Bir adam tapıb pulumla istədiyim texnikanı ala bilmirəm. Başqaları isə hansısa yolla bir günün içində işlərini həll edirlər”.
Şikayətçinin sözlərinə görə, etdiyi müraciətlər indiyə qədər cavabsız qalıb: “”Aqrolizinq” ASC-nin sədri Əli Bayramovun qəbuluna düşmək mümkün deyil. Onun müavini Aydın müəllimin, lizinq şöbəsinin müdiri Heydər müəllimin, digər əməkdaş Tahir müəllimin yanında olsam da, onlar məni get-gələ salırlar”.
Qubanın Alpan kənd sakini Abgül Camalov da süründürməçiliyin qurbanı olduğunu vurğulayıb: “Traktor almaq üçün “Aqrolizinq”in kassasına pul ödəmişəm, qəbz də verilib. Amma bu artıq 4-cü dəfədir ki, gedib-gəlirəm. Nə vaxt çağırıblarsa, o vaxt da burda olmuşam. Məni maraqlandıran məsələ odur ki, necə olur, məndən 10 gün sonra növbə tutan, pul köçürənlər texnikalarını ala bilir, mən isə yox?”
Məsələ ilə bağlı “Aqrolizinq” ASC-nin sədri Əli Bayramovla əlaqə saxlamaq cəhdimiz baş tutmadı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?