Ölkəmizdə kreditlər əmanətlərdən daha sürətlə artmağa başlayıb.
Bu barədə Mərkəzi Bank məlumat yayıb. Belə ki, 2020-ci ilin sonuna nisbətən 2021-ci ilin 11 ayı ərzində bank sektorunun kredit qoyuluşları 2 milyard 125 milyon manat, əhalinin əmanətləri isə 873,8 milyon manat artıb.Yəni kreditlərin artması əmanətlərlə müqayisədə 2,4 dəfə çoxdur.
Qeyd edək ki, 30 noyabr 2021-ci il tarixində kredit qoyuluşları 16 milyard 282 milyon manat, əhalinin əmanətləri (fiziki şəxslərin depozitləri) isə 9 milyard 51,7 milyon manat təşkil edib. 2020-ci ilin sonundakı kredit qoyuluşları isə 14 milyard 157 milyon manat, əhalinin əmanətləri isə 8 milyard 177,9 milyon manat təşkil etmişdi.
Görünən odur ki, son illər pandemiya, inflyasiyanın artması, işsizlik insanları kredit hesabına yaşamağa vadar edib.
Gundemxeber.Az-ın məlumatına görə, cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, bu statistikanı həyəcan siqnalı kimi qəbul etmək lazımdır:
“Çünki, bu, əhalinin real gəlirlərinin onların kredit yükündən geri qaldığını göstərir. Yəni real gəlirlərin artımındakı dinamika kredit yükünün artımından xeyli aşağıdır. Nəzərə alaq ki, kreditlərin strukturunda çox böyük payı istehsal deyil, istehlak kreteditləri tutur. Ümumiyyətlə, istehlak kreditləri lazım olandan daha çoxdur. Bunun əksinə olaraq, istehsal üçün verilən kreditlər isə xeyli aşağıdır. Hesab edirəm ki, bu, çox ciddi bir vəziyyətdir”.
Ekspertin fikrincə, bu proseslər kredit problemlərinin əmələ gəlməsinə şərait yarada bilər:
“Əgər əhalinin real gəlirləri ilə kredit yükünün artımında mütənasiblik olmasa, bu, maliyyə sektorunun şişməsinə gətirib çıxarar. O, həmçinin real sektordakı istehsalla bağlı olan proseslərdəki müsbət trendlərin kölgə altına düşməsinə səbəb olar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?