“Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin dövlətin milyonlarla manatını harda və necə xərclədiyi araşdırılır
gundemxeber.az “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadənin başının üstünü yenidən qara buludlar alıb. Bu barədə qəzetimizə daxil olan məlumata görə bir neçə il əvvəl baş verən Kür daşqınları zamanı onun korrupsiya, rüşvətxorluq, dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-isifadə etməsi ilə bağlı hazırlanan qovluq yenidən səhifələnməyə başlayıb. Buna səbəb isə Ə.Əhmədzadədən yenidən yuxarılara şikayət olunmasıdır. Qeyd edək ki, hazırda Kür daşqınları ilə bağlı məhkəmə gedir və orada Ə.Əhmədzadəyə qarşı da ittihamlar olduğundan bir neçə dəfə ASC sədrinin məhkəməyə gətirilməsi tələb olunub. Hazırda gündəmə gətirilən və qismən təzələnən köhnə cinayət qovluğunda isə çox müdhiş faktlar var. Qəzetimizə bu barədə daxil olan məlumatda həmin faktlardan bir neçəsi ardıcıl olaraq sadalanır. Qovluqdan məlum olur ki, Ə.Əhmədzadə bir neçə il ərzində 10 milyonlarla manat dövlət vəsaitini talayıb.Məsələn göstərilir ki, ASC sədrinin sifarişi ilə Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılması üçün 2006-cı ildə 200 min, 2007-ci ildə 2 milyon, 2008-ci ildə isə 2 milyon manat ayrılıb. Ancaq dövlətə verilən hesabatdan fərqli olaraq nəzərdə tutulan işlərin heç biri görülməyib, dövlət vəsaiti mənimsənilib. Bundan başqa Ə.Əhmədzadənin rəhbərlik etdiyi qurum 2006-2009-cu illər ərzində sahilbərkitmə işlərinin görülməsi adı ilə dövlətdən 5 milyon manat alıb. Ancaq yenə nəzərdə tutulan işlər görülməyib. Bundan başqa Ə.Əhmədzadənin Zaqatala, Qax rayonlarında da müxtəlif işlər görülməsi adı altında milyonlarla manat dövlət vəsaitini mənimsədiyi iddia olunur. Bu bölgədə təbii fəlakətdən məmurların qazandığı barədə bir neçə dəfə yazmışıq. Zaqatalada isə vəziyyət daha dəhşətlidir. Rayonda fəaliyyət göstərən sahibkarlar deyir ki, icra başçısı Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə onlardan 1500-2000 manat civarında pul tələb edir. İcra başçısının tələbinə əməl etməyən sahibkarlara hədə-qorxu gəlinir. Maraqlıdır ki, icra başçısının fərraşları sahibkarları "zəlzələ" ilə qorxudurlar: "Bizə deyirlər ki, əgər deyilən məbləği verməsəniz bu səfər zəlzələ obyektlərinizi dağıdacaq. Doğrusu, başa düşmürük ki, nəyə işarə vururlar. Amma belə söhbət gəzir ki, obyektlərimizi icra hakimiyyətinin nümayəndələri zəlzələ adı ilə darmadağın edəcəklər". Xatırladaq ki, Şəki, Qax, Zaqatala, Balakəndə baş vermiş zəlzələ nəticəsində 5939 evə və sosial obyektə ziyan dəyib.3200 ev qəza vəziyyətində olduğundan sökülüb, yeni evlərin tikintisi qərara alınıb. Lakin 6 aydan çoxdur ki, təbii fəlakətdən zərər çəkmiş adamların çoxu çadırlarda yaşayır, onlar üçün ev tikilməyib. Qeyd edək ki, Əhməd Əhmədzadənin korrupsiya əməlləri və “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Səngəçal sahilindəki villa inşasında qeyri-qanuni olaraq iştirak etməsi, torpaqları şorandan təmizləmək, suvarma kanalları, anbarları qurmaq adı altında milyonları göyə sovurması uzun zamandı araşdırılır. Bu vaxtadək Ə.Əhmədzadə müxtəlif vasitələrlə məsuliyyətdən yayına bilsə də, bu dəfə ASC sədrinin işinin üstünə daha sərt gəlindiyi deyilir. Redaksiyamıza daxil olan xəbərlərdə ASC sədrinin yenidən gündəmə gətirilən qovluğundakı başqa məqamlara aid faktların da olduğu bildirilir. Həmin faktları da əldə etməyə çalışacağıq. Taleh
Sorğu
Yeni dizaynımız necədir?