Meliorasiya nazirinin əmlakı müsadirə oluna, vəzifə üzünə həsrət qoyula bilər
İllərdir Azərbaycanda bütün sahələrin korrupsiya və rüşvətxorluq girdabında çabalaması haqda danışılır. Dövlət qurumlarında korrupsiyanın mövcudluğu ümumi şəkildə hər kəsə bəlli olsa da, konkret detallar, nə qədər vəsaitin yoxa çıxarılması, söhbətin təxminən də olsa, hansı məbləğdən getməsi haqda çox az-az hallarda faktlar əldə etmək olur. Maraqlıdır ki, hər hansı bir jurnalist maxinasiyalardan, mənimsəmələrdən yazanda aidiyyəti qurumlar, hakimiyyət rəsmiləri bunu əksər hallarda danmağa çalışıblar, yaxud da iş bərkə düşəndə, “konkret fakt göstərin” - deyə iddia ortaya qoyurlar. Çox böyük çətinliklər hesabına aparılan araşdırmalar nəticəsində üzə çıxarılan konkret faktlar qarşısında isə susqunluq nümayiş etdirilir. Faktlara heç bir rəsmi reaksiya verilmir, yaxud da araşdırmalar aparılması halına rast gəlinmir. Məsələn, əməkdaşlarımızın apardığı araşdırmalar nəticəsində Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Səhmdar Cəmiyyətində (ASC) üzə çıxarılan korrupsiya faktları hakimiyyəti, deyəsən, narahat etməyə başlayıb. Qeyd edək ki, sözügedən ASC-nin rəhbəri Əhməd Əhmədzadənin xeyir-duası ilə burada il ərzində milyonlarla manat dövlət vəsaiti mənimsənilir. Bu qurum Səngəçal sahilindəki villa inşasında qeyri-qanuni olaraq iştirak edib, torpaqları şorandan təmizləmək, suvarma kanalları, anbarları qurmaq adı altında milyonları göyə sovurub. Təkcə onu qeyd etmək kifayətdir ki, Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək adı altında cənab Ə.Əhmədovun sifarişi ilə 2006-cı ildə 200 min, 2007-ci ildə 2 milyon, 2008-ci ildə isə 2 milyon manat vəsait ayrılıb. Lakin həmin kəndlərdə bu məntəqələrdə milyonlar “xərclənmiş” suvarma obyektlərinin heç izi də yoxdur. Həmçinin qurum 2006-2009-cu illər ərzində sahilbərkitmə işləri adı altında 5 milyon manat “xərcləyib”. Digər maxinasiyaları bir kənara qoyaq, təkcə bu işlərdən Ə.Əhmədzadə cənabları 10 milyon manata yaxın məbləği “silib”. Ümumiyyətlə 2004-2010-cu illər ərzində Azərbaycanda su təsərrüfatı, meliorasiya, drenaj, sahilbərkitmə və bəndvurma işləri üçün dövlət büdcəsindən ümumilikdə 1.1 milyard manat, xarici kredit şəklində isə 200 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Amma nəticə ondan ibarətdir ki, daşqınlar baş verən ərəfədə Kürün lillənmə səviyyəsi yüksək, sahilbərkitmə, bəndvurma işləri qeyri- qənaətbəxş, Ehtiyyat Su Anbarlarının təmir olunması işi isə yarıtmaz səviyyədə olub. Digər tərəfdən uzun müddət lildən təmizlənməyən Mingəçevir Su Anbarının idarə olunması işi düzgün təşkil olunmamış, daha çox ölkədə su sisteminin tənzimlənməsi, idarə olunması və ehtiyyat anbar vəzifəsini yerinə yetirməli olan sözü gedən müəssisədən ucuz vasitələrlə elektrik enerjisi almaq istəyi 2010-cu ildə Kür daşqınlarının baş verməsində həlledici faktorlardan olub. Redaksiyamıza daxil olan məlumata görə bir neçə il əvvəl baş verən Kür daşqınları zamanı onun korrupsiya, rüşvətxorluq, dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-isifadə etməsi ilə bağlı hazırlanan qovluq yenidən səhifələnməyə başlayıb. Buna səbəb isə Ə.Əhmədzadənin korrupsiya əməllərinin hakimiyyət üçün ciddi problemlər yaratmasıdır. Belə ki, hazırda Kür daşqınları ilə bağlı məhkəmə gedir və orada Ə.Əhmədzadəyə qarşı da ittihamlar olduğundan bir neçə dəfə ASC sədrinin məhkəməyə gətirilməsi tələb olunub. Məhkəmə prosesində Kür daşqınlarından zərər çəkmiş 100-dən artıq vətəndaş iddiaçı qismində çıxış edir. İddiaçıların bir qismi daşqınlardan sonra dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq Meliorasiya və Su Təsərrüfatı ASC- nin Kür və Araz çayları ətrafında sahil bərkitmə və bəndatma işlərini həyata keçirərəkən ucuz iş metodundan və işçi qüvvəsindən istifadə edərək onlara məxsus təsərrüfatları, bağ- bağçaları, hətta yardımçı tikililərini, tövlələrini, həyətyanı torpaqlarını belə böyük traktorlar vasitəsi ilə yerlə-yeksan edib bəndlərə sərf olunduğunu bildiriblər. Nəticədə onlara xeyli həcmdə ziyan dəyib, torpaqları zəbt olunub və ya yararsız hala düşüb. Məhz buna görə də zərərçəkən iddiaçılar Meliorasiya və Su Təsərrüfatı ASC-ni və onun sədri Əhməd Əhmədzadəni məhkəməyə verdiklərini bildirərək, gəlib məhkəmədə cavab verməsini və vurduğu ziyanı ödəməsini tələb ediblər. 100-dən artıq şikayətçi artıq bir neçə yüz vətəndaşın etirazçı kimi hakimiyyətə qarşı durması deməkdir ki, bu da kifayət qədər böyük qüvvədir. İndiki məqamda iqtidarın belə bir qüvvəni özünə qarşı qaldırmayacağı aydındır və mənbəmizin məlumatına görə bu işdə ciddi qurban veriləcəyi gözlənilir. Mənbəmizin sözlərinə görə bu şəxs Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə olacaq. Bəs Ə.Əhmədzadənin yuxarıda qeyd etdiyimiz əməlləri hansı cinayət məsuliyyəti yaradır? Qeyd edək ki, əgər bu deyilənlər məhkəmə istintaqında təsdiqini taparsa(obyektiv araşdırmanın isə bu təsdiqi ortaya qoyacağına şübhə yoxdur), bu əməl sahiblərini olduqca ağır cəzalar gözləyir. Çünki burada söhbət bir qrup şəxs tərəfindən dövlət əmlakının külli miqdarda mənimsənilməsindən gedir. 7 min manatdan yuxarı pulun mənimsənilməsi külli miqdar hesab edilir. Bu cinayət mütəşəkkil dəstə tərəfindən törədildiyinə görə ağır və ya xüsusi ilə ağır cinayət əməli kimi tövsif edilməlidir. Bu halda Cinayət Məcəlləsinin 179.3.2 (mütəşəkkil dəstə tərəfindən onlara etibar edilmiş dövlət əmlakını külli miqdarda talama) maddəsi ilə cinayət işi başlanılmalıdır. Bu əmələ görə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bu şəxslərin əməlləri təkcə bu maddə ilə yekunlaşmayacaq. Deyilənlər təsdiqini taparsa, təkcə bu maddə ilə deyil, digər maddələr üzrə də onlar məsuliyyətə cəlb edilə bilərlər. Çünki onlar digər cinayət əməlləri də törədiblər. Bu şəxslərə Cinayət Məcəlləsinin 308.2 (vəzifəli şəxsin səlahiyyətlərindən ağır nəticələrə səbəb olan şəkildə sui-istifadə etməsi) maddəsi ilə də cinayət işi başlanıla bilər. Bu maddə ilə mühakimə olunan şəxslər 3 ilədək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək həbs cəzasına məhkum oluna bilərlər. Bundan başqa, onların əməllərində 313-cü (vəzifə saxtakarlığı) maddəsində nəzərdə tutulan cinayət əməli də var. Qeyd edək ki, bu maddə ilə mühakimə olunan şəxs əmlakı müsadirə olunmaqla 2 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Həmçinin bu mütəşəkkil dəstə şəklində həyata keçirilən əməldə 311.3-cü (rüşvət) maddəsində nəzərdə tutulan cinayət əməli aşkarlana bilər. Bu maddə ilə şəxsi 8 ildən 12-dək cəza gözləyir. Sonda onu da bildirək ki, KİV Cinayət Prosessual Məcəlləsinin 206-cı maddəsinin tələblərinə görə, bu faktları dərc etdikdən sonra fakt üzrə cinayət işinin başlanması tələbi ilə baş prokurora müraciət edə bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?