Maliyyə Nazirliyi sığorta şirkətləri üçün nizamnamə kapitalını kəskin artırmağa hazırlaşır
Azərbaycanın sığorta bazarının xarici iştirakçıları ölkəni tərk etməyə hazırlaşır. Bunun səbəbi Maliyyə Nazirliyinin sığorta şirkətləri üçün nizamnamə kapitalını kəskin artırmaq planları ilə bağlıdır.
Sığorta bazarının iştirakçılarından biri ABC agentliyinə bildirib ki, Maliyyə Nazirliyi sığorta bazarını nizamlayan orqan kimi şirkətlər üçün nizamnamə kapitalının həcmini 5 milyon manatdan 10 milyon manata qaldırmağa hazırlaşır.
“Bu, xarici sığortaçılar üçün Azərbaycan bazarının cəlbediciliyini kəskin aşağı salacaq” - deyə mənbə bildirib.
Mənbə müqayisə üçün deyib ki, hazırda qonşu Türkiyədə sığorta şirkətləri üçün minimal kapital tələbi 5 milyon dollar, yaxud 3,9 milyon manata yaxındır.
“Hansı ki, Türkiyənin sığorta bazarı 70 milyon potensial sığortaçıdan və 18 milyard məbləğində məcmu ödəmədən ibarətdir. Bu şərtlər çərçivəsində aydındır ki, istənilən xarici investor 12,75 milyon dollar yatırıb məhdud Azərbaycan bazarına girməkdənsə cəmi 5 milyon dollar yatırıb böyük Türkiyə bazarına girməyi üstün tutardı” - deyə mənbə bildirib.
Qaynağın sözlərinə görə, nazirliyin minimal kapitalın həcmini artırmasından sonra Azərbaycan bazarında fəaliyyət göstərən xarici sığortaçılar da ölkəni tərk edəcək: “Eyni zamanda bir çox yerli sığorta şirkətləri də bağlanacaq. Çünki il ərzində onların əksəriyyəti 10 milyon manat sığorta ödənişi yığa bilmir, artımın olacağı da gözlənilmir. Nizamnamə kapitalının artırılmasından sonra onlar sığorta fəaliyyətinin sərfəli olmayacağını görüb bazarı tərk edəcəklər. Ola bilsin Maliyyə Nazirliyinin də məqsədi elə sığortaçıların sayını azaltmaqdır”.
Hazırda Azərbaycan bazarında 28 sığorta şirkəti fəaliyyət göstərir. Maliyyə Nazirliyinin sığorta şirkətləri üçün nizamnamə kapitalını 10 milyon manata qaldırmaq planları çoxdan məlumdur. Ekspertlərin qənaətinə görə, bu addım sığorta şirkətlərinin sayının 28-dən 20-dək azalmasına səbəb olacaq.
Göründüyü kimi, xarici şirkətlər artıq bu artıma tab gətirməyəcəklərini görərək “çamadanlarını yığmaqla” məşğuldur.
Qeyd edək ki, sığorta bazarında fəaliyyət göstərən əsas oyunçuların hamısı ayrı-ayrı oliqarxlara məxsusdur. Bazar isə məhduddur və oliqarxların sığorta şirkətləri yaxşı qazanc götürə bilmir. Belə görünür ki, sığorta bazarını tənzimləyən orqan yeni qaydalar tətbiq etməklə ölkədə sığorta biznesinin sonda üç-beş şirkətin əlində cəmləşməsinə nail olmaq istəyir.
Sığorta biznesindəki mənbə onu da bildirib ki, Maliyyə Nazirliyinin struktur disbalansının yumşaldılmasına yönəlmiş tədbirləri nəticəsində ölkədə sığorta bazarı ümumiyyətlə çökə bilər. Mənbənin bildirdiyinə görə, 2003-cü ildən ölkənin sığorta bazarında ağır struktur disbalansı formalaşıb.
“Bu müddət ərzində sığorta şirkətlərinin kapitalı 20 dəfə, ziyan 14 dəfə artıb. Məcmu sığorta ödənişlərinin həcmi isə cəmi 8 dəfə artıb. Maliyyə Nazirliyi bu vəziyyəti dəyişmək üçün sığorta yığımını kəskin artırmaq istəyir. Bu məqsədlə məcburi kənd təsərrüfatı və tibbi sığorta növləri tətbiq olunacaq. Lakin bu halda sığorta şirkətlərinin bu növ sığortalara görə ödənişlər etməyə gücü sadəcə olaraq çatmayacaq. Dövlət subsidiyası olmadan bu mümkün deyil” - deyə mənbə bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?