Aydın Bəşirovun maxinasiyalarının ciddi araşdırılmasına göstəriş verildi; “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də fövqəladə toplantı olub “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də quruma tabe olan bütün idarə və təşkilatların rəislərinin iştirakı ilə toplantı keçirilib. Gunxeber.com-a daxil olan məlumata görə, Rauf Vəliyevin rəhbərliyi ilə keçirilən toplantıda qurumun keçmiş rəisi Aydın Bəşirov iştirak etməyib. Tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə real vəziyyət qiymətləndirilib, A.Bəşirovun quruma rəhbərlik etdiyi dövrdə baş verənlər tənqid olunub. Sabiq rəisin qatılmalı olduğu tədbirə gəlməməsi yeni rəhbərliyin qəzəbinə səbəb olub. Qaynağımız bildirib ki, tədbirdən sonra R.Vəliyev A.Bəşirovun bütün maxinasiyalarını sona qədər araşdırılması üçün göstəriş verib.
“Yeni Müsavat”a daxil olan xəbərdə isə bildirilir ki, toplantı çox gərgin keçib: “Xüsusilə Aydın Bəşirovun böyük məbləğdə büdcə vəsaitlərini "sildiyi" tərsanə və təmir körpülərinin direktorları ciddi şəkildə tənbeh olunublar. Tərsanə rəisi Bəxtiyar Rəhimova gəmilərdə aparılan cüzi təmir işlərinin əsaslı təmir kimi rəsmiləşdirilməsi haqda ilkin məlumatların olduğu deyilib. Həmin məlumatların təsdiqlənəcəyi təqdirdə faktların araşdırılması üçün Baş Prokurorluğa göndəriləcəyi bildirilib".
Qaynağımız deyib ki, toplantıda müzakirə mövzularından biri də “Naftalan” tankeri ilə bağlı olub. Tankerin Rusiya tərəfindən geri alınması ətrafında müzakirələr aparılıb: “Toplantıda məlum oldu ki, Rusiya Federal Təhlükəsizlik Xidməti "Naftalan"ı saxlayandan sonra Krasnavodsk limanından Mahaçqalaya hidrotəmizlənmiş dizel yanacağı ilə yüklü olan “Mühəndis Mustafa Əli” tankeri kursunu təcili şəkildə dəyişib. Tanker Bakıya istiqamət alaraq həbsdən yayınıb. “Mühəndis Mustafa Əli” tankeri Dübəndi limanında ay yarım dayanandan sonra yenidən yükdaşımalarına buraxılıb. Əgər “Mühəndis Mustafa Əli” tankeri həmin vaxt kursu dəyişib Dübəndiyə gəlməsəydi, hazırda Rusiya FTX-nın 2 Azərbaycan tankerini saxladığından söhbət gedəcəkdi".
“Naftalan” tankerini bu il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidməti saxlayıb. Tankerin kapitanı Asif İsmayıl oğlu Məhərrəmov və köməkçisi Ülvi Nobel oğlu Sultanzadə bu gün də Mahaçqalada həbsdədir. Tankerin saxlanılmasından sonra belə məlumatlar da vardı ki, Rusiya tərəfi tankerin və heyət üzvlərinin azad edilməsi üçün A.Bəşirovdan 5 milyon dollar tələb edir. A.Bəşirov isə bu məbləği ödəməkdən yayınırdı. “Naftalan”ın saxlanılmasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə idarəsində neft oğurluğu faktına görə Rusiya Cinayət Məcəlləsinin 226.1 - strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, Aydın Bəşirovun tutduğu postdan kənarlaşdırılandan sonra Baş Prokurorluq ləğv olunan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” yük gəmisində yol verilmiş qanun pozuntularına dair Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmaların başlandığını açıqlayıb. Bu günlərdə Almaniyaya müalicəyə getmək istəyən A.Bəşirovu Bakı Beynəlxalq Hava Limanından geri qaytarıblar. Orada A.Bəşirova deyiblər ki, əmr yuxarıdan verilib, dekabrın 22-nə qədər ölkədən çıxmasına qeyri-rəsmi qadağa var. A.Bəşirovun hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunduğu bildirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?