Uzun müddətdir cəmiyyətdə neft pullarının əhaliyə gətirilməsi müzakirə olunur. Hətta Milli Məclisin 2014-cü ilin büdcə layihəsi müzakirələrində millət vəkili Qüdrət Həsənquliyev bank faizlərinin həddindən artıq çox olduğunu deyərək, bununla bağlı Mərkəzi Bankın rəhbərliyinə suallar ünvanlamışdı: “Xaricdəki neft pullarının bir hissəsini Azərbaycana gətirmək mümkündür. Ancaq Mərkəzi Bank deyir ki, Azərbaycan iqtisadiyyatı buna yol vermir. O zaman aydınlıq gətirilsin ki, niyə Azərbaycanın pulu xarici bankda 0.89 faizlə saxlanıldığı halda, o pul Azərbaycan bankları vasitəsilə sahibkarlara yeni iş yerlərinin açılması üçün verilməsin?”.
Vəsait ölkədə saxlansın, yoxsa xaricdə, hansı sərfəlidir?
İqtisadçı ekspert Samir Əliyev deyir ki, həmin gəlirlərin Azərbaycan banklarında saxlanılması fikri ilk baxışdan cəlbedici görünür. Məsələn, başqa yerlərdə illik 1,2 ən çoxu 4 faizlə saxlayınca gətirib həmin gəlirləri Azərbaycan banklarında 10 faizlə qoysalar daha çox qazanarlar: "Belə baxanda nəzəri cəhətdən mümkündür. Ancaq xarici banklar bizim banklardan daha etibarlıdır axı. İkincisi, həmin pulların bizim banklarda saxlanılması Azərbaycan iqtisadiyyatına əlavə pul gəlməsi deməkdir. Yəni, ölkə iqtisadiyyatı həmin pulun qarşısında dayana bilməz. Banklarda bu qədər pulun olması iqtisadiyyatda problemlər yarada bilər. Məsələ ondan ibarətdir ki, bizdə idarəetmə pis olduğundan sabah ölkədə o qədər məbləğin qarşılığında iqtisadi böhran ola bilər. Pullar tamam dəyərsiz olub, qiymətdən düşə bilər".
"Azərbaycan iqtisadiyyatı bu qədər pulu həzm etmək iqtidarında olacaqmı?"
Neft Pulları Ölkəyə Gətirilərsə ...Ekspert deyir ki, Neft şirkətinin gəlirlərinin ölkəyə gətirilib banklara qoyulması məsələsi neçə vaxtdır müzakirə olunur. Çünki bu gün bizdə kredit faizləri yüksəkdir: "Bunun bir çox səbəbi var. Ancaq ən böyük səbəb resurs qıtlığının olmasıdır. Banklar daha qiymətli yerdən pul tapıb gətirir və 10 faizə əmanətçi cəlb edir ya da xaricdən az da olsa faizə kredit götürür. Kredit vermək üçün əldə etdiyi vəsaitin qiyməti çox bahadır. Buna görə də kredit faizi yüksəkdir. Amma neft fondunun vəsaitləri banklara yönəldilib, Azərbaycana gətirilərsə, nəticədə kredit vermək üçün ucuz resurs əldə oluna bilər. Bu zaman kredit faizləri də aşağı olar. Ona görə də bu fikri dəstəkləyirəm. Yaxşı fikirdir amma məsələ bundan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı bu qədər pulu həzm etmək iqtidarında olacaqmı? Düzdür, Azərbaycanda kredit qoyuluşunun həcmi 15 milyard manatdır. Bunun ÜDM-də faiz payı 30-dur. İnkişaf etmiş ölkələrdə isə kreditin payı ÜDM-də 60-70 faiz çıxır. Yəni, bu gün Azərbaycan iqtisadiyyatının mövcud kreditlərdən 2-3 dəfə daha çox kreditləşməyə ehtiyacı var".
Samir Əliyev bu sahədəki problemlərin çox olduğunu deyir: "Monoploiya, inhisarçılıq, iqtisadi baxımdan qanunların işləməməsi, məhkəmə və gömrük sisteminin problemli olması. Neft Fondunun bu qədər pulunun ölkəyə gətirilməsi nəticədə ölkə iqtisadiyyatının çökməsinə, kəskin sürətdə infliyasiya olmasına gətirib çıxara bilər. Qiymətlər kəskin sürətdə bahalaşa bilər. Ancaq idea kimi fikirləşirəm ki, bəzi vəsaitlərimizin bir hissəsini gətirib banklara vermək olar. Onlar da bunu əhaliyə kredit verib pul qazanarlar”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?