Kiçik sement müəssisələrində irimiqyaslı yoxlamalar
gundemxeber.az İqtisadi İnkişaf Nazirliyi kiçik sement müəssisələrində yoxlamaları davam etdirir. Yoxlamalar nəticəsində 5 müəssisədə qeyri-sağlam rəqabət faktı üzrə iş başlanılıb, amma qəbul edilən qərarlar açıqlanmır. 24 dekabrda İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Laçın-1” firmasının sexində yoxlama zamanı aşkarlanan nöqsanları açıqlamışdı. Pozuntular başqa sement müəssisələrindəki kimidir: dövlət standartına uyğunluq sertifikatının olmaması, sementin təyinatı barədə müştərilərə yalan məlumat verilməsi, çəkidə aldatma və s. Buna qədər İİN “Qaradağ-AND”, “Qaradağ-S”, “Qaradağ-H” və “A.M. Emal Sənaye”də nöqsanlar barədə məlumat vermişdi. Turan müxbiri “Qaradağ-AND” MMC rəhbərliyinə müraciət edərək şərh istəyib. Müəssisənin baş mühasibi Cəvahir Süleymanova bildirib ki, “Qaradağ-AND” MMC-yə qarşı iddiaların heç biri doğru deyil. Ona görə heç bir tədbir görülməyib. Qeyd edək ki, 29 noyabrda İİN mətbuat xidməti məlumat vermişdi ki, sementin Qaradağ-AND” MMC-nin laboratoriyasında yoxlanıldığına dair məlumat verilsə də, laboratoriyanın müvafiq akkreditasiyadan keçirilmədiyi, sementlərin etiketində çəkidəki kənarlaşma həddinin normativ texniki sənədlərlə müəyyən edilmiş normadan artıq göstərildiyi, həmçinin bu sementlərin ümumi təyinatlı olduqları halda, onların etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, habelə istehsal olunan sementlərin etiketində netto və brutto çəkilərinin qeyd olunmadığı aşkar olunub. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Turan-a bildirib ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyəti ziyanlıdır. «İsti izlərlə yoxlamanın nəticələri barədə informasiya yayılması istehlakçıların yerli istehsala inamına zərbə vurur», deyə o qeyd edib. Hüseynov bildirib ki, bu barədə sentyabrın 11-də dövlət başçısına müraciət edib və bildirib ki, yoxlamalar yerli istehsalın zəifləməsi və tam dayanmasına səbəb olmamalıdır. Azərbaycanda sement üzrə inhisarçı “Holcim (Azərbaycan)” ASC-dir. O, ildə 1,3 mln ton məhsul satır. Yerli bazarın tələbatı isə ildə 3-3,5 mln tondur. Hazırda Qazax və Qaradağda 2 iri sement zavodu tikilir. “İqtisadiyyat şöbəsi”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?