Bilet satışında maxinasiya, yaxud əməkdaşlar üçün tikilmiş bina necə “yoxa çıxdı”?
Azərbaycanda əksər idarə və müəssisələrdə maliyyə yeyintilərinə yol verilməsi, rüşvətxorluq və korrupsiyanın baş alıb getməsi haqda çox yazılıb. Mətbuatın bununla bağlı özündə konkret faktları əks etdirən yazılarla çıxış etməsinə, müvafiq dövlət qurumlarının təftiş və mübarizəsinə baxmayaraq bu kimi neqativ hallar azalmaq əvəzinə durmadan artır. Belə müəssisələrdən biri də Bakı Dövlət Sirkidir. Adıçəkilən müəssisədə baş verənlərlə bağlı “Gündəm xəbər” qəzetinin redaksiyasına ilginc məlumatlar daxil olub. Həmin informasiyada iddia olunur ki, Bakı Dövlət Sirkində inanılmaz yeyintilər qeydə alınıb. Sirkin rəhbərliyi imza atdığı maxinasiya ilə əməkdaşlarının haqqını yeməkdən belə çəkinmir. Belə ki,bir neçə il bundan öncə Bakı Dövlət Sirkinin əməkdaşları üçün nəzərdə tutulan yaşayış binası müəssisənin balansından çıxardılaraq satılıb. Belə ki, həmin vaxt Vaqif Bağırzadə “ara qarışıb, məzhəb itib” prinsipini rəhbər tutaraq belə bir qanunsuzluğa imza atıb. Bunun acısı və ağırlığını isə müəssisənin işçiləri çəkir. Daha sonra iddia olunur ki, sirkin mühasibatlıq işlərində də kifayət qədər qaranlıq məqamlar var.Belə ki, konsertə və sirkə gələn tamaşaçılar tutaq ki, 500 bilet aldıqları halda həmin biletlərin yalnız 200-ü rəsmi sənədləşməyə salınır. Aydın məsələdir ki, bu əməliyyat nəticəsində də Bakı Dövlət Sirki əhəmiyyətli bir məbləği vergidən yayındırmağa nail olur. Sonda qeyd edək ki, bu və ya digər məqamlarla bağlı qəzetimizin növbəti saylarında daha geniş bəhs edəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?