Cəbhədə atəş səslərinin susmadığı, şəhid tabutlarının sıralandığı günlərdə ölkənin baş səhnəsində lüt-üryan efir göstərmək ən azından xalqa, onun milli-mənəvi dəyərlərinə hörmətsizlik, təhqirdir
Bir neçə gün əvvəl Heydər Əliyev Sarayında konserti keçirilən Röya bugünkü Azərbaycan mədəniyyəti simasını öz əndamı kimi tam çılpaqlığı ilə göstərdi. Özünü dünyaca məşhur ulduzlara bənzətmək istəyən Röyanın səviyyəsi, mədəniyyəti onun geyimindən o yana keçmədi
Son dövrlərdə cəmiyyətin bütün sahələrində olduğu kimi mədəni-mənəvi sahədə də böyük uçurum, geriləmə baş verməkdədir. Bayağılıq, şitlik ölkənin efir məkanını tamamilə məhv etmişdir. Sanki qəsdən milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə yad olan mədəniyyətimizə ləkə vuran insanlar hər gün təbliğ olunur. Məhz bu mədəni terrorun acı nəticələrini hiss etmək üçün müasir Azərbaycan gənclərinin dünyagörüşünə, zövqünə baxmaq kifayətdir. Arvad kimi əzilib-büzülən, qaşını alan, ənlik kirşan vuran, şit-şit qəhqəhələri ilə savadsız, mənasız sözləri ilə tamaşaçının əsəbini korlayan şitlikləri ilə, lüt-üryan elmi ilə, yerə, göyə sığmayan ədası ilə aşnasından, sponsorundan danışan xanımcıqlarla doludur. Müharibə şəraitində olan, torpaqlarının 20%-i düşmən tapdağında qalan bir ölkənin teleməkanında düz-əməlli verliş tapmaq mümkün deyil. Amma, səhərdən axşama kimi ərini qoyub qaçan gəlinlər, atasını-anasını döyənlər efirdə at oynadırlar. Müasir Azərbaycan gənci Üzeyir Hacıbəylini, Niyazini, Fikrət Əmirovu, Qara Qarayevi, Rəşid Behbudovu, Xan Şuşinskini tanımır. Çünki, müasir dövrün öz “Üzeyirləri” vardır. Bir vaxtlar Fatma Mehraliyeva , Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova kimi xanım-xatın sənətçilərimizin ifası ilə bütün dünyada tanınan musiqimiz bu gün Aygünlərin, Röyaların, İradələrin, Natəvanların əlində məhv olmaqdadır. İndi səhnəyə çıxmaq, müğənni olmaq üçün səs və səhnə mədəniyyəti lazım deyildir. Babat sponsoru və fiqurası olan səviyyəsiz, qanacaqsız, təkcə soyunmağı bacaran hər kəs müğənni ola bilər. Qısa müddət ərzində “rastkurutka” olandan sonra isə telekanalların ulduzuna çevrilərək, millətə əxlaq, mədəniyyət dərsi keçməyə başlayırlar. Azərbaycan mədəniyyəti, incəsənəti toy xanəndələrinin, palatka ulduzlarının əlində can verir. Azərbaycan mədəniyyətinin inkişafına, təbliğinə bilavasitə cavabdeh olan, məsuliyyət daşıyan Mədəniyyət Nazirliyi, Teleradio Komitəsi isə bütün bu mənəviyyatsızlıqlara isə sanki göz yumur. Hətta, daha da rəvac verir. İfası ilə, elmi ilə, sözü ilə xalqı təhqir edənlər təmtəraqla fəxri adlar alır, mənzillə mükafatlandırılırlar. Qarabağ qaziləri, əlillər, imkansızlar halsızlıqdan, çarəsizlikdən özünü yandırdığı, intihar etdiyi günlərimizdə dırnaqarası ulduzlarımız bahalı maşınları, dəbdəbəli villaları ilə efirlərdə reklam olunurlar. Sanki bu xalqa mesaj vermək istəyirlər ki, bu ölkəyə vətənpərvər əsgər lazım deyil. Çalıb-oxuyan, əzilib-büzülən ulduzcuqlar lazımdır. Azərbaycanın dövlət himnini, ərazisinin sahəsini bilməyənlər bu gün ölkəni təmsil etmək iddiasındadırlar. Primadonnalar, əjdahalar, elit starlar, pişiklər ümidindədir mədəniyyətimiz. Bir neçə gün əvvəl Heydər Əliyev Sarayında konserti keçirilən Röya isə bu günkü Azərbaycan mədəniyyəti simasını öz əndamı kimi tam çılpaqlığı ilə göstərdi. Ərinin, uşağının da əyləşdiyi auditoriyanın qarşısına çıxdığı geyimi ilə bütün Azərbaycan xalqını təhqir etdi. Özünü dünyaca məşhur ulduzlara bənzətmək istəyən Röyanın səviyyəsi, mədəniyyəti onun geyimindən o yana keçmədi. Cəbhədə atəş səslərinin susmadığı, şəhid tabutlarının sıralandığı günlərdə ölkənin baş səhnəsində lüt-üryan efir göstərmək ən azından xalqa, onun milli-mənəvi dəyərlərinə hörmətsizlik, təhqirdir. Bütün bunlara göz yuman Mədəniyyət Nazirliyimiz isə yəqin ki, onu az vaxtda onu cəzalandıraraq, onu xalq artisti adı ilə mükafatlandıracaqdır. Maraqlıdır ki, ölkənin bir nömrəli səhnəsində belə mənəviyyatsızlığa göz yummaqla Heydər Əliyev Sarayının rəhbərliyi hansı məqsədləri güdür. Günlərlə sarayın səhnəsini striptiz salona döndərməklə saray rəhbərləri daha çox pul qazanmaq məqsədi güdürlərlsə, bəs xalqın tapdanan heysiyyatının, təhqir olunan dəyərlərinin hesabatını kim verəcəkdir? Bir vaxtlar dahi, böyük şəxsiyytələrin yer aldığı bu böyük səhnəni bu qədər cılızlaşdırmaqla baş verənlərdə Heydər Əliyev Sarayının rəhbərliyi bilavasitə şəxsən Əbülfəz Qarayev böyük məsuliyyət daşıyır. Daha çox qazanmaq, pul əldə etmək üçün mədəniyyətimizin bu qədər ucuzlaşmasına göz yummaq cinayətdir. Bu gün Azərbaycan mədəniyyəti böyük təhlükə qarşısındadır. Səviyyəsiz, əxlaqsız ulduzcuqlar xalqımıza qarşı əsl mədəni terror aparırlar. Azərbaycanı böyük bir toyxana hesab edənlər, xalqımızı onun min illik adət-ənənələrini aşşağlamaqdadırlar. Qəsdən, bilərəkdən gənclərin zövqü və əxlaqı korlanır, pozulur. Bəlkə millət olaraq bu röyadan ayılaq?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?