Milli Şura qanunsuz həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova və sabiq millət vəkili Gültəkin Hacıbəyliyə qarşı olan təzyiqlər və onların hüquqlarının müdafiəsi ilə bağlı bəyanatlar qəbul edib.
Ə.İnsanovla bağlı bəyanatda deyilir; “31 yanvar 2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində dünya hüquq praktikasında analoqu olmayan və sağlam hüquqi düşüncə ilə izah edilə bilməyəcək hadisələr baş verib. Hakim Sənan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində siyasi məhbus, keçmiş səhiyyə naziri, akademik Əli İnsanova yol verilən prosessual pozuntulara hüquq və ədalət mühakiməsi adına rəzalətdən başda ad tapmaq çətindir. YAP-ın yaradıcılarından biri olan akademik Əli İnsanovun hakimiyyəti növbəti dəfə ifşa edəcəyindən qorxan rejim və onun qanunsuz sifarişlərini icra edən məhkəmə müttəhimi məhkəmədə danışmaq, vəkili ilə məsləhətləşmək və özünü müdafiə etmək hüquqlarından məhrum edib. Əli İnsanovun son məhkəmə iclasında salındığı şüşə qəfəsdən dünya praktikasında geniş istifadə olunsa da, heç yerdə, təqsirləndirilən şəxsin danışmaq və özünü müdafiə etmək hüququ məhdudlaşdırılmır və hakimin iradəsindən asılı vəziyyətə salınmır. Bakı Şəhər Məhkəməsindəki prosesdə isə şüşə qəfəsdə yerləşdirilmiş mikrofon hakim tərəfindən idarə olunur və hakim Sənan Hacıyev istədiyi vaxt mikrofonu söndürməklə keçmiş səhiyyə nazirini danışmaq və özünü müdafiə etmək hüququndan məhrum edirdi. Eyni zamanda, məhkəmə zalına yerləşdirilmiş kimliyi bəlli olmayan mülki şəxslər fasilə zamanı Əli İnsanovun saxlandığı şüşə qəfəsə yaxınlaşıb onunla məsləhətləşmək istəyən vəkil Toğrul Babayevə qarşı zor tətbiq etməklə onu bu imkandan məhrum etmişlər. Göründüyü kimi, məhkəmə Əli İnsanova münasibətdə tərəflərin öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmasını ehtiva edən çəkişmə prinsipini kobud şəkildə pozmuş, vəkillə ünsiyyətinə maneə yaratmaqla müttəhimi müdafiə hüququndan məhrum etmişdir. Bununla da, Bakı Apelyasiya Məhkəməsində başladılan və kobud prosessual pozuntularla müşayiət olunan prosesin qanunsuzluğu hansı yekun qərarın qəbul ediləcəyindən asılı olmayaraq, öncədən bəllidir.
Demokratik Qüvvələrin Milli Şurası siyasi məhbus, keçmiş səhiyyə naziri, akademik Əli İnsanova qarşı həyata keçirilən misli görünməmiş qisasçılıq siyasətinə öz etirazını bildirir və Azərbaycan hakimiyyətini ölkəmizi dünyada rüsvay edən bu qanunsuz əməllərindən çəkinməyə çağırır.
Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarının bu günədək müxtəlif uydurma bəhanələrlə icra olunmaması, bu məqsədlə gülünc hüquqi kombinasiyaların qurulması və Avropa Məhkəməsinin birmənalı tələbinin müxtəlif məhkəmə labirintlərində azdırılması rejimin bu qərarı yerinə yetirmək niyyətində olmadığına, aparılan məhkəmə araşdırmasının isə görüntü xarakteri daşıdığına dəlalət edir.
Milli Şura olaraq biz Azərbaycan siyasi hakimiyyətini akademik Əli İnsanova qarşı bu qisasçı və qanunsuz davranışlarından əl çəkməyə çağırırıq. Bu barədə Avropa Məhkəməsinin birmənalı qərarı mövcuddur, bu qərar icra olunmalı və akademik Əli İnsanov dərhal azad edilməlidir”.
Milli Şuranın Gültəkin Hacıbəyli ilə bağlı yaydığı bəyanatda isə qeyd olunur ki, Milli Şuranın Koordinasiya Şurasının üzvü və Beynəlxalq Münasibətlər Komissiyasının sədri Gültəkin Hacıbəyliyə qarşı Azərbaycan hakimiyyətinin 2011-ci ildən bəri başlatdığı qisasçılıq və təqib kampaniyası getdikcə daha rüsvayçı şəkil almaqdadır: "Hakimiyyət özünün bütün inzibatı, informasiya və hüquq-mühafizə resurslarını cəlb etməklə, sanki amansız düşmənlə mübarizə aparırmış kimi, siyasi opponentinə qarşı repressiya siyasəti həyata keçirir. Bu proses Azərbaycan Konstitusiyasının, qanunvericiliyinin fiksiyaya çevrilməsi, milli-mənəvi dəyərlərimizin tapdalanması ilə müşayiət olunur. Belə ki, öncə hakimiyyətin təzyiqləri nəticəsində çalışdığı Qafqaz Universitetindəki işindən ayrılmalı olan Milli Şura üzvünə qarşı sonradan insan ləyaqətinə yaraşmayan, iyrənc şərləmə və böhtan kampaniyası təşkil edilərək rejimin verdiyi geniş informasiya dəstəyi ilə bütün ölkəyə yayımlandı. Ardınca Nəsimi Rayon Məhkəməsi hüquq və insanlıq adına rəzalət olan qətnaməsi ilə Gültəkin xanımın 9 yaşlı övladının faktiki olaraq ondan ayıraraq 9 il ərzində övladı ilə bir dəfə maraqlanmayan və hətta aliment ödəməyən atasına verilməsi ilə bağlı qərar qəbul etdi. Daha sonra uydurma və iddia müddəti 8 il əvvəl bitmiş pul tələbi əsasında Gültəkin Hacıbəylinin dəyəri hətta saxta iddia tələbindən dəfələrlə çox olan bütün əmlakına həbs qoyuldu. Bu o zaman baş verirdi ki, bir milyon dollar pul alması ilə bağlı dələduzluq cinayəti məhkəmə tərəfindən sübuta yetirilmiş Gülər Əhmədovanın heç bir əmlakına həbs qoyulmamışdı. Bu faktın özü, yəni rejimin öz kriminal uzantısı olan Gülər Əhmədovanı belə açıq şəkildə himayə etməsi, Gültəkin Hacıbəylini isə yalnız həqiqətin yanında olduğu üçün açıq şəkildə təqib etməsi bu hakimiyyətin mahiyyətini əyani şəkildə cəmiyyətə təqdim edərək vətəndaşlarımızı bundan düzgün nəticə çıxarmağa sövq edir.
Gültəkin Hacıbəyliyə qarşı təqibin növbəti mərhələsi isə ona qarşı Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibinin başlanmasıdır. Saxta, əsassız məhkəmə baxışının davam etdiyi 4 ay ərzində "xüsusi ittihamçıların" şikayətin mahiyyətini izah edə bilmədiyi və dəfələrlə yalan ifadə verməklə cinayət qanunu pozduqları təsdiq olunan, hakim Sərdar Mehralıyevin də bunlara izah verməkdən və müvafiq tədbir görməkdən imtina etdiyi prosesdə Gültəkin Hacıbəyli açıq mətnlə hədələnir, təhdid və təhqir edilir. Hakimin şərait yaratması nəticəsində "xüsusi itihamçıların" səsləndirdiyi bu hədələr tərəfimizdən hakimiyyətin Gültəkin Hacıbəyliyə qarşı təhdidi kimi qiymətləndirilir. Belə ki, bu "xüsusi ittihamçıların" məhz hakimiyyət tərəfindən Gültəkin Hacıbəyliyə qarşı alət rolunda istifadə edildiyi cəmiyyətdə heç kim üçün sirr deyil.
Bu addımı ilə mövcud rejim mənəvi naqisliyini müxtəlif rəsmi sənədlərlə özünün də etiraf etdiyi insanları hətta müqəddəs ailə dəyərlərinin tapdanması hesabına üzəduranlığa, çuğulçuluğa təşviq etməklə mənəviyyatsızlığı həyat norması olaraq stimullaşdırır. Bu təqib həm də Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinə hazırlaşan və bu mötəbər qurum qarşısında diffamasiyanın kriminal təqibinə qarşı moratorium tətbiq etməklə bağlı öhdəlik götürmüş Azərbaycan hakimiyyətinin siyasi riyakarlığının göstəricisidir. Rejimin cəza aparatının imkanları, şübhəsiz ki, istənilən siyasi opponentə böhtan atmağa, təqib etməyə, həbs etməyə, hətta onu fiziki cəhətdən məhv etməyə yetəcək səviyyədədir. Ancaq bu rejim mübariz və ləyaqətli insanları sındırmaq gücündə deyil. Əksinə, mübarizə belə şəxsiyyətləri daha da mətinləşdirir və ucaldır. Dövlətin bütün şər, böhtan, təzyiq və təqib arsenalını bir qadına və onun artıq əsəb xəstəsinə çevirdikləri 9 yaşlı övladına qarşı səfərbər etmiş bir repressiv rejimlə mübarizədə də mənəvi qələbə artıq çoxdan Gültəkin Hacıbəylinin tərəfindədir.
Milli Şura hakimiyyətdən Gültəkin Hacıbəyliyə qarşı olan bu cılız və insan ləyaqətinə sığmayan təqiblərə son qoymağı tələb edir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?