Böyük öndərin yubiley tədbirlərinin səviyyəsi birmənalı qarşılanmır Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi təntənəli mərasimlə qeyd edilib.
Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirdən əvvəl teatrın foyesində M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi təşkil edilib. Yubiley mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın, Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb.
M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı, professor Şirməmməd Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov M.Ə.Rəsulzadənin fəaliyyətinin əhəmiyyətindən, onun siyasi publisistikasının ictimai fikir tariximizdəki rolundan danışıblar.
Yubiley mərasimində M.Ə.Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə babasının xatirəsinə göstərilən diqqət və ehtirama görə ölkə başçısına minnətdarlığını bildirib. Mərasim Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və digər incəsənət ustalarının ifasında bədii-musiqili kompozisiya ilə davam edib.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış istiqlal abidəsini də Rəsulzadənin yubileyi münasibətilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ziyarət edib, abidənin qarşısına gül dəstəsi qoyub.
Bu isə bəzi insanlarda belə təəssürat yaradıb ki, sanki hökumət Məhəmməd Əmin Rəsulzadənin siyasi xadim yox, mədəniyyət xadimi obrazını yaratmaq istəyir. Bəs Müsavat Partiyası prezidentin Rəsulzadənin yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə verdiyi sərəncamın həyata keçirilməsi prosesini necə qiymətləndirir? Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli bildirdi ki, bu sərəncam verilərkən müsbət qiymətləndirilmişdi və ümid edilirdi ki, sərəncam kağız üzərində qalmayacaq, həqiqətən dövlət səviyyəsində böyük tədbirlər həyata keçiriləcək: “Hələ ki bu ümidlər doğrulmayıb. Dövlət səviyyəsində keçirilən tədbirlər Rəsulzadənin adına layiq səviyyədə deyil. Keçirilən tədbirlər həm də geniş işıqlandırılmadı. Hələ vaxt var və ümid edirik ki, bəlkə qarşıda nəsə daha ciddi addımlar olacaq. Çünki bu, yubiley ili elan olunub və bir-iki günlük deyil. Dövlət səviyyəsində nəsə eləmək üçün vaxt var. İlk növbədə Rəsulzadəyə Bakı şəhərində abidə qoymaq lazımdır. Bu, ciddi addım ola bilər. Heç olmasa, o sərəncam çərçivəsində abidə qoyulması məsələsi həll edilsə yaxşı olar. Rəsulzadənin həyat yolu, Azərbaycan üçün hansı nəhəng işləri gördüyü gənc nəsilə çatdırılmalıdır. Bunun üçün təkcə hansısa mədəniyyət tədbirləri ilə yanaşı, digər mühüm tədbirlərin, təbliğat işlərinin keçirilməsinə ehtiyac var. Telekanallara bunun üçün xüsusi göstəriş verilməlidir. Çünki telekanallarda Rəsulzadə ilə bağlı təbliğat xəsiscəsinə aparılır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?