“İçərişəhərdəki “Aşur” (“Ləzgi”) məscidində dini radikalizm, vətəndaşların öyrədilib Suriyaya göndərilməsi ilə bağlı mənə çoxlu şikayət daxil olmaqdadır”.
Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin İçərişəhərdəki məscidlər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli deyib. Onun sözlərinə görə, müraciət edən valideynlər bildirirlər ki, övladları həmin məsciddə namaz qılmağa getdikdən sonra işindən, ailəsindən uzaqlaşaraq naməlum şəxslərin təsiri altına düşür, başqa ölkələrə, xüsusilə Suriyaya getməyə meyllənirlər: “Artıq bir çoxu Suriyaya gedib. Həmin məscid təhlükə mənbəyinə çevrilib. Valideynlərin bəziləri mənə deyirlər ki, məcbur olub “Aşur” məscidində namaz qılan övladlarının pasportlarını gizlədiblər ki, ölkədən qaçmasınlar. Məndə bununla bağlı həmin gənclərin analarının məktubları var. Şikayətçilərə söyləmişəm ki, bütün faktları yazılı şəkildə mənə təqdim etsinlər, mən də lazım olan yerlərə çatdırım”.
“Aşur” məscidinin (“Ləzgi məscidi”) məxsus olduğu “Samur dindarları” dini icmasının sədri Hacı Faiq Mustafa isə APA-ya açıqlamasında ittihamları cəfəngiyat adlandırıb: “Bu ittihamlar, xüsusən də Hacı Surxayın bizim məscid haqqında dedikləri tamamilə yalandır. Biz heç kimi yoldan çıxarmırıq, heç kimi harasa döyüşə göndərmirik. Bir dəfə harasa döyüşə getməklə bağlı bir fakt olub, o barədə də mən özüm məlumat vermişəm, Hacı Surxay özü də bunun təfərrüatlarını bilir. Amma bu yalandır ki, biz kimilərinsə harasa göndərilməsini təşkil edirik. Məscidə yüzlərlə mömin qardaş namaza gəlir, mən onlara cavabdeh deyiləm ki, nə düşünürlər, haradasa döyüşmək istəyirlər... Onlar gəlib burada namaz qılırlar, bizim də müsəlman olaraq borcumuzdur ki, onların namaz qıldığı məscidin rahatlığına baxaq. Biz kim hara getdiyinə, nə iş gördüyünə nəzarət etmirik ki...”
Azərbaycanlıların Suriyaya döyüşməyə getməsinə münasibətinin necə olması barədə suala isə Faiq Mustafa cavab verməkdən imtina edib: “Buna münasibət bildirmək mənlik deyil. Mənim buna ixtiyarım yoxdur. Mən kiminsə şəxsi istəyinə qarışa bilmərəm. Hər kəsin öz düşüncəsi var, hər kəs öz düşüncəsi ilə hərəkət edir. Heç kim heç kimi istiqamətləndirmir. Mənə bu barədə sual verməyin”.
Hacı Faiq Hacı Surxayı qərəzlilikdə ittiham edib: “Əgər Hacı Surxay həqiqətən Suriyaya gedənlərin təəssübünü çəkirsə, niyə maraqlanmır, yaxud açıqlamır ki, Nardarandan, Maştağadan neçə şiə Əsədin tərəfində döyüşmək üçün Suriyaya gedib? Hətta bəziləri ora gedib, qayıdıblar da. Məndə bununla bağlı kifayət qədər məlumat var, tanıdıqlarım da var. İndi bizim məsciddən bir nəfər Suriyaya gedib deyə, gözümüzə soxurlar, Nardarandan göndərilənləri isə gizlədirlər”.
Faiq Mustafa onu da bildirib ki, sədri olduğu “Samur dindarları” dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyatdan keçirilməyib.
APA-nın əməkdaşı Hacı Faiqin ittihamları ilə əlaqədar yenidən Hacı Surxay Məmmədli ilə əlaqə saxlayıb. S. Məmmədli bildirib ki, F. Mustafa belə ittihamlar səsləndirməklə, səhvə yol verir: “Onun əlində fakt varsa, ortaya qoysun, biz də bilək ki, Nardarandan kim gedib şiələrin tərəfində döyüşür. Amma mənim əlimdə məktublar, faktlar var ki, Faiqgilə məxsus məsciddən Suriyaya göndərilənlər var. Bu məktubları o gənclərin anaları mənə yazıb, bizdən yardım istəyirlər, onlar haray çəkirlər ki, övladları “Aşur” məscidində zombiləşdirilir. Mən onun ittihamlarını qəbul etmirəm və əsassız sayıram”.
Nardaran “Cümə” məscidinin axundu Hacı Əli Nur da APA-ya açıqlamasında Faiq Mustafanın ittihamlarını rədd edib: “Bizdə döyüş ruhunda olanlar ancaq Qarabağa gedərlər, öz torpaqlarını qoruyarlar, başqa ölkəyə niyə getsinlər?.. Biz bilirik ki, Azərbaycandan Suriyaya gedən adamlar hansı qruplara, dəstələrə qoşulur, nəyin uğrunda vuruşurlar. Bunlar müxalifət adı altında muzdlular olan xəvaricilərdir. Nardarandan, Maştağadan Suriyaya kiminsə döyüşə getməsi iddiası isə tamamilə absurddur”.
Axund müvafiq orqanların bunun qarşısının alınması üçün lazımi addımlar atmalı olduğunu da vurğulayıb. Hacı Əli Nur onu da əlavə edib ki, Suriyada şiələrə məxsus müqəddəs yerlərin mühafizəsi üçün daha çox İrandan bu ölkəyə axın var: “İranda könüllü dəstələr yaradıb, Suriyadakı müqəddəs yerləri qorumaq üçün kütləvi şəkildə oraya üz tuturlar”.
Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimov isə APA-ya açıqlamasında bildirib ki, “Aşur” məscidi ilə bağlı araşdırma aparmaq lazımdır: “Mən Faiq Mustafadan fərqli olaraq, Suriya ilə əlaqədar onlara qarşı ittiham irəli sürmürəm, özləri bilərlər. Amma hüquq-mühafizə orqanları araşdırma aparmalıdır ki, məsələ aydınlaşsın. O ki qaldı Nardaran və Maştağadan kiminsə Suriyada şiələrin tərəfdarı kimi döyüşməyə getməsinə, mən bunu ilk dəfədir eşidirəm. Belə hal olsaydı, mən dərhal bilərdim, gözümüzdən yayınmazdı. Onlar guya cihad elan edib, İslam adı ilə döyüşə gedirlər, halbuki bunun İslama heç bir aidiyyəti yoxdur”.
N. Kərimov Suriyada şiələrə məxsus müqəddəs məkanların mühafizəsi üçün dünyanın müxtəlif yerlərindən şiələrin bu ölkəyə getməsinə də münasibət bildirib: “Əvvəla, müqəddəs məkanın mühafizəsi hər bir müsəlmanın borcudur. Lakin Azərbaycandan bu məqsədlə ora getməyə hələlik ehtiyac yoxdur. Çünki orada hökumətin özünün ordusu, gücü, yaxın ətrafda şiələrin dəstəyi var və bu, kifayət edir. Sələfilər orada müqəddəs məkanları dağıdıb məhv edirlər, onların bu hərəkəti insanlıqdan, dindən uzaq addımdır. Kiminsə başını kəsməyi, qətliam törətməyi İslam qadağan edir. İslamda cihad var. Vətəni müdafiə eləmək, məsələn, Qarabağı azad etmək, müqəddəs məkanların mühafizəsinə qalxmaq üçün cihad elan etmək mümkündür. Bu, müsəlmanların birbaşa borcudur. Açıq deyirəm, Suriyaya nəyisə qorumağa, nəyinsə dağıdılmasının qarşısının alınmasına bizdən kimsə yönəlsə, mən bunu ancaq alqışlayaram. Amma gedib kəndləri yandırmaq, ailələri qırmaq, qadınlara təcavüz eləmək, İslamda olmayan nikahlar düzəltmək ki, guya bu cihad nikahıdır və sair - bütün bunlar İslamın düşmənlərinin işidir”.
Dini İşlər üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Samur dindarları” dini icmasının qeydiyyata alınmaması ilə bağlı APA-ya bildirilib ki, qeyd olunan məscid və icma diqqət mərkəzindədir və araşdırma aparılır. Komitə icmanın hansı səbəbdən qeydiyyata alınmadığını açıqlamayıb.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) isə bəyanat yayaraq Müşfiqabad qəsəbə məscidi ilə yanaşı, “Aşur” (“Ləzgi”) məscidinin də idarənin təşkilati tabeliyində olmadığını açıqlayıb: “Həmin məscidlərdəki dini icmalar, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməyiblər və adı çəkilən məscidlərə QMİ tərəfindən din xadimlərinin təyinatı da həyata keçirilməyib. Müşfiqabad məscidinə toplaşmış bir qrup şəxsin qeyri-qanuni əməlləri nəticəsində orada vaxtilə mövcud olmuş dini icma özünü buraxmağa məcbur olub. Deyilən səbəblərə görə, “Aşur” və Müşfiqabad məscidləri QMİ-nin təşkilati strukturuna daxil deyil, buna görə də həmin məscidlərə tərəfimizdən heç bir din xadimi təyin edilməyib. Odur ki, QMİ özünü həmin məscidlərin imamı, axundu kimi təqdim edənləri tanımır”.
QMİ Suriyada döyüşlərə qatılan Azərbaycan vətəndaşları ilə əlaqədar da fətva verib. İdarənin Qazılar Şurasının fətvasında deyilir ki, son dövrlər cihad və şəhadət kimi İslamda müqəddəs məqamlara dair təhrifli düşüncələrin məqsədli şəkildə cəmiyyətimizə sirayət etdirilməsinə cəhdlər müşahidə olunur: “Bizi narahat edən məqam bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunmasıdır. Azərbaycan xalqının Qarabağ kimi böyük dərdi var, torpaqlarının 20 faizi erməni ekstremistləri tərəfindən işğala məruz qalıb, Xocalı qətliamının acısını bu günədək çəkməkdəyik. Müharibə şəraitində yaşadığımız bir dövrdə bəzi vətəndaşlarımızın digər ölkələrdə baş verən iğtişaşlarda, məzhəb qarşıdurmalarında guya dinin təəssübünü çəkmək adıyla dinc əhaliyə yönəlik qərəzli və təmənnalı savaşı, çoxsaylı günahsız insanların məhvinə bais olması dinimizin mahiyyətinə ziddir. İslam dininə görə niyyət vacibdir. Peyğəmbərimiz Mühəmməd (S) buyurur ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyil. QMİ Qazılar Şurası bəyan edir ki, bu şəxslərin əməllərinin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur. Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin, dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yoluyla cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar. Qafqaz Müsəlmanlarının dini mərkəzi olaraq, hər zaman dünyanın istənilən nöqtəsində baş verən terror, zorakılıq, ekstremizm, din pərdəsi altında radikalizm əleyhinə etiraz səsimizi ucaltmışıq. Biz xalqımızın milli-mənəvi dəyərləri ilə bir araya sığmayan məzhəb ayrı-seçkiliyinə şərait yaradan, bölgəmizdə xəvaricilik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək dövlətimizin “Dini etiqad azadlığı haqqında” qanununa zidd hərəkətlərə yol verən şəxslərin həm müqəddəs dinimizə, həm də xalqımızın, dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayırıq. Qazılar Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətlərindəki iradəsini nəzərə alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?