Rauf Həbibovla Nizami Ələkbərov görüşüblər və rayonlardakı üsyanların arxasında kimlərin dayandığını müzakirə ediblər
Devrilmiş icra başçılarından şok xəbər var. Qubanın və İsmayıllının sabiq icra başçıları Rauf Həbibovla Nizami Ələkbərov görüşüblər. Bu sensasion məlumatı “Gündəm-xəbər”ə sızdıran mənbənin sözlərinə görə, sabiqlərin görüşündə ümumi məsələlər müzakirə olunub. İddia olunur ki, onları vəzifədən kənarlaşdıran qüvvələr, baş vermiş hadisələrin bu şəkil almasından söz açıblar. Mənbənin sözlərinə görə, R.Həbibov Nəqliyyat Nazirliyində işlədiyini, N.Ələkbərov isə işsiz qaldığını deyib. Qubanın keçmiş başçısı ona qarşı olan üsyanın arxasında hansı qüvvələrin dayandığını deyərək özünün günahsız olduğunu bir daha dilə gətirib. Qaynağımız iddia edir ki, görüşməkdə məqsəd dərdləşmək, hər ikisinin başına gələn hali-qaziyəni bölüşmək olub. Sabiqlər haqda qəzetimizi bilgiləndirən qaynaq iddia edir ki, görüşdə sabiq nazir Füzuli Ələkbərovun da işdən çıxarılması müzakirə olunub. R.Həbibov qubalıları təhqir etmədiyini, N.Ələkbərov isə İsmayıllı işində onun günahı olmadığını, qohumlarının güdazına getdiyini qeyd ediblər. Qubanın keçmiş rəhbəri külli-miqdarda borcu olmasını da söyləyib. Mal-mülkünü satdığını, əlindən milyonlar çıxdığını bildirib. Hər halda bütün bunları mənbə belə şərh edir. Onun sözlərinə görə, görüş yaxın keçmişdə paytaxtda baş tutub. O da əlavə olunur ki, Qubanın sabiq başçısı tez-tez ölkəni tərk edir, xaricdə yaşayan övladlarını ziyarətə gedir. Onun bu hadisələrdən sonra qohum-əqrəbası ilə onsuz da soyuq olan münasibətləri tamamilə kəsilib. Qeyd edək ki, Qubada və İsmayıllıda xalq üsyanları olub, icra başçıları əhalinin etirazları nəticəsində devriliblər. Hazırda İsmayıllı işi üzrə məhkəmə prosesləri davam etdirilir. İsmayıllı işinə görə qondarma ittihamla iki siyasətçi - Tofiq Yaqublu və İlqar Məmmədov həbs ediliblər.
Sorğu
Yeni dizaynımız necədir?