Elxan Şahinoğlu: “Moskva əlindən gələn hər şeyi edəcək ki, Yanukoviç getdikdən sonra yeni hakimiyyət uğur qazana bilməsin”
Ukraynada proseslər sürətlə dəyişir. Artıq 3 aydır ki, davam edən etirazlar onlarla insanın həyatı bahasına başa gəlib. Lakin Rusiya meylli hökumət, parlament sədri, hətta bəzi məlumatlara görə prezident Yanukoviç istefa verib. Ölkədə vəziyyət müxalifətin nəzarətinə keçir. Bir çoxlarına görə, Ukraynada baş verənlər Rusiya hakimiyyətinin Avrasiya Birliyi ideyasının iflası oldu. Siyasi şərhçi Elxan Şahinoğlu Ukraynada baş verənlər və onun Azərbaycana təsiri mövzusuna suallarımızı cavablandırdı.
“Elnur Aslanovun açıqlaması Türkiyə və ABŞ-a mesajdır”
- Elxan bəy, Ukraynadakı hadisələrdən hansı nəticəni çıxarmaq olar? Bu prosesin ümumi mənzərəsi nələri deyir?
- Ukraynadakı hadisələrdən iki nəticə çıxarmaq mümkündür. Birinci nəticə odur ki, Rusiya indiki mərhələ üçün məğlub duruma düşdü. Çünki, Moskva son ana qədər əlindən gələni etdi ki, Ukrayna prezidenti Yanukoviç təslim olmasın, qan hesabına olsa belə, müxalifəti darmadağın etsin. Hətta iş o yerə çatdı ki, Rusiyanın baş naziri Dmitri Medvedev çıxışında Ukrayna prezidentinə işarə edərək, “əski parçası olma, cəsarətini göstər” kimi mesaj yolladı. Kreml Yanukoviçə maliyyə dəstəyini artırmağa da hazır idi. Ancaq olmadı. Rusiyanın dəstəyi Yanukoviçə kifayət etmədi və o müxalifətin təzyiqi nəticəsində təslim oldu. Bununla Moskvanın da hesablarını pozulmuş oldu. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putinin Kiyevə göndərdiyi xüsusi nümayəndəsi Lukin Ukrayna prezidentinin müxalifət liderləri və Avropa Birliyi təmsilçiləri ilə imzaladığı sazişə imza atmadı. Ona görə imza atmadı ki, Rusiyanın Ukrayna müxalifətinə və Avropa Birliyinə təslim olduğu görüntüsü yaranmasın.
“Vaxtilə rəngli inqilablar da Ukraynadan başlamışdı, daha sonra Gürcüstan və Qırğızıstana keçdi”
- İkinci nəticə nədən ibarət oldu?
- İkinci nəticə isə ondan ibarətdir ki, Ukraynadakı hadisələr başqa məkanlar üçün detonator rolu oynaya bilər. Vaxtilə rəngli inqilablar da Ukraynadan başlamışdı, daha sonra Gürcüstan və Qırğızıstana keçdi. Ukraynadakı hadisələrin hazırkı nəticəsi o deməkdir ki, avtoritar hakimiyyətə dirənəndə, müqavimət göstərəndə iqtidar geri çəkilmək məcburiyyətində qalır. Ukraynanın yenidən parlament idarəçiliyinə keçməsi də ətraf aləm üçün ciddi mesajdır. Bundan əvvəl Gürcüstan da prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçmişdi.
- Ukraynadakı proseslərin artıq müxalifətin xeyrinə yekunlaşdığını demək olarmı?
- Məncə, proses hələ yekunlaşmayıb. Vəziyyət yenidən dəyişə bilər. Məsələ burasındadır ki, Kreml Ukraynadakı mübarizədə birinci mərhələdə məğlubiyyəti ilə barışmayacaq. Moskva əlindən gələn hər şeyi edəcək ki, Yanukoviç getdikdən sonra yeni hakimiyyət uğur qazana bilməsin. Vaxtilə Qərbpərəst prezident Yuşşenkoya qarşı da eyni siyasəti həyata keçirmişdilər. Ukraynaya qarşı enerji embarqosu elan etmiş, bu ölkəni diz üstə çökdürməyə çalışmışdılar. Moskva yenidən bu siyasətinə qayıda bilər. Digər tərəfdən Şərqi Ukraynadakı və Krımdakı rus separatçılarını hərəkətə gətirə bilərlər. Ancaq əgər Kreml bu təhlükəli oyunlara baş vursa, özünü təcrid etmiş olacaq.
- Söhbət hansı təcriddən gedir? Ümumiyyətlə, Qərb Ukrayna hadisələrinə görə Rusiyanı cəzalandıra bilərmi?
- Ukraynanın parçalanmasına yönəlik siyasət Avropa Birliyində ciddi etirazla qarşılanacaq. Rusiyanın əsas ticarət və enerji tərəfdaşı isə məhz Avropa Birliyidir. Rusiya əsas pulunu Avropa Birliyi ölkələrinə satdığı qazdan, neftdən qazanır. Avropa Birliyi Ukraynanın sıxışdırılmasına görə, Moskvaya qarşı embarqo tətbiq etsə, Rusiya iqtisadiyyatı anında çökər. Ona görə də Moskva Ukraynanın yeni hakimiyyətinə qarşı səlib yürüşünə başlamadan öncə min dəfə ölçüb qərar verməlidir. Krımda separatçıları işə salmaq da Rusiyaya yaxşı heç nə vəd etmir. Krım yalnız orada yaşayan rusdilli əhalinin məskəni deyil. Yarımadanın əzəli sakinləri Krım türkləri Ukraynanın bütövlüyünə dəstək verirlər və ruspərəstlərin separatçılığına qarşı gərəkli cavab verməyə hazırdırlar. Ukraynanı gələcəkdə başqa təhlükə də gözləyir. Bu təhlükə isə daxildən qidalana bilər. Yeni hakimiyyət ciddi iqtisadi islahatlara baş vurmalı, ölkəni indiki ağır iqtisadi və sosial durumdan qurtarmalıdır. Əks halda, Ukrayna yenidən qanlı günlərinə qayıda bilər.
“Azərbaycan indiki oliqarxik sistemdən qurtulmalıdır ki, Ukraynadakı kimi təlatümlərlə üzləşməyək”
- Ukraynadakı hadisələrin Azərbaycan üçün hansı dərslərindən danışmaq olar?
- Ukraynadakı hadisələrin bizim üçün də önəmli dərsləri var. Birincisi, Ukraynada olduğu kimi, Azərbaycanda da Avropa Birliyi ilə Rusiyanın maraqları kəsişir. Hələ ki, Azərbaycan hakimiyyəti nə Avropa Birliyi ilə assosiativ anlaşma imzalamağa hazırdır, nə də ki, Kremlin istəyi əsasında Gömrük İttifaqına maraq göstərir. Ancaq sonunda rəsmi Bakı seçim etmək məcburiyyətində qalacaq. Bizim maliyyə durumumuz Ukraynadakı qədər ağır deyil, ancaq bu o demək deyil ki, bu hər zaman belə olacaq. Azərbaycanın Avropa bazarına ehtiyacı var və bu bazar yalnız neft və qazdan ibarət deyil. Ukraynadakı olayların Azərbaycan üçün bir başqa dərsi oliqarxik sistemin təhlükəli olmasındadır. Ukraynada olduğu kimi Azərbaycanda da oliqarxlar iqtisadiyyata, idxal-ixraca nəzarət edirlər. Azərbaycandakı oliqarxlar hakimiyyətə bağlı olsalar da, pulları, əsas mülkləri xaricdədir, övladları Qərbdə təhsil alır, orada lobbiçiliklə məşğul olurlar. Həmin oliqarxlar pullarını qorumaq məqsədilə istənilən təhlükəli oyuna baş vura bilərlər. Ona görə də Azərbaycan indiki oliqarxik sistemdən qurtulmalıdır ki, Ukraynadakı kimi təlatümlərlə üzləşməyək. Ukraynadakı hadisələrin Azərbaycanda təkrarlanmamasının başlıca şərti siyasi, iqtisadi islahatların dərinləşdirilməsindən, 2015-ci ilin parlament seçkilərinin ədalətli keçirilməsindən keçir. Azərbaycan hakimiyyətində bəzilər elə düşünür ki, dünyəvi, liberal dəyərləri bölüşən müxalifəti sıxışdırmaqla təhlükəsizliklərini təmin ediblər. Ən böyük təhlükə elə bu siyasətin davamındadır. Ruslar demişkən, müqəddəs yer boş qalmır. Müxalifət parlamentə buraxılmırsa, köşəyə sıxışdırılaraq zəiflədilirsə, onların yerini başqaları tutacaq. Bu ya Ukraynada olduğu kimi radikalizmin artmasına, ya da dinin siyasətə sirayət etməsinə yol açacaq. Ona görə də, Azərbaycan hakimiyyəti Ukraynadakı olayların səbəb və nəticələri haqqında ciddi düşünməlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?