Asim Mollazadə: “Ukraynadakı etirazlar Yanukoviçin istefasına səbəb ola bilər” “Yanukoviç hökümətinin Avropaya inteqrasiya yolundan imtina etməklə bağlı qərarı nəticəsiz qalacaq”. Bu sözləri PİA.AZ-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə söyləyib.
Xatırladaq ki, Ukrayna hökuməti Avropa Birliyi ilə assosiativ saziş layihəsi imzalanmasına hazırlıq prosesini dayandıraraq, Avropa Birliyi və Rusiya ilə birgə üçtərəfli komissiyanın formalaşdırılması qərarı çıxarıb. Xarici İşlər, İqtisadi İnkişaf və Sənaye Siyasəti nazirliklərinə isə Rusiya, eləcə də Gömrük İttifaqı və MDB ölkələri ilə iqtisadi və ticari münasibətlər barədə fəal dialoqu bərpa etmək tapşırılıb. Bu isə Ukraynada ciddi etirazla qarşılanıb və yüzminlərlə insan küçələrə axışaraq, hökümətin bu qərarına etiraz ediblər.
Millət vəkili Asim Mollazadə hesab edir ki, Ukrayna xalqının dirənişi Yanukoviç rejimini geri çəkilməyə təhrik edəcək: “Heç kimə sirr deyil ki, Viktor Yanukoviç Rusiyanın adamıdır və Vladimir Putin onu Leonid Kuçmanın yerinə hələ neçə illər qabaq prezident seçdirməyə çalışırdı. O zamanlar “narıncı inqilab” nəticəsində bu baş tutmasa da, Rusiya ciddi səylərdən sonra onu yenidən hakimiyyət başına gətirməyə müvəffəq oldu. İndiki halda Yanukoviç Rusiyanın qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışaraq, ölkəsini Avropaya inteqrasiya yolundan geri çəkilməyə təhrik etmək istəyir. Amma o, bu dəfə də öz məqsədinə nail ola bilməyəcək. Hətta proseslərin Ukraynada yenidən hakimiyyət dəyişikliyinə gətirib çıxaracağı və Yanukoviçin istefaya gedəcəyi də istisna edilmir. Bütün hallarda Rusiya Ukrayna ilə bağlı ssenarilərini işə sala və bu ölkəni qərbə inteqrasiya yolundan yayındıra bilməyəcək”.
Ukraynadakı hadisələrin Azərbaycana təsirindən danışan ADİP sədri bildirdi ki, Rusiya Azərbaycanı nəzarətə ala bilməyəcək: “Əlbəttə, Rusiya nəinki Ukraynanı, bütövlükdə postsovet məkanını, o cümlədən Azərbaycanı da “Gömrük İttifaqı”na cəlb etmək və bu yolla öz imperialist maraqlarını həyata keçirməyə çalışır. Amma Azərbaycanın bu prosesdə Rusiyanın yanında olacağı və “Gömrük İttifaqı”na qoşulacağı heç bir halda gözlənilən deyil”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?