Türkiyə baş nazirinə yaxın qəzet Azərbaycan hakimiyyətinin nurçularla əlaqələrinə dair məxfi materialları yayır
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə tanınan “Yeni Şəfəq” qəzeti Fətullah Gülənlə Azərbaycan hökumətinin əlaqələrini növbəti dəfə gündəmə gətirib. Bu dəfə qəzet iddialarını “Wikileaks”də yer alan məxfi teleqramlarla əsaslandırıb. Məqalə müəllifi sözə son günlər həm Azərbaycan, həm də Türkiyə mediasının gündəmində olan məsələdən – Azərbaycanın yeni Müdafiə naziri Zakir Həsənovun Fətullah Gülənlə yaxın münasibətlərdə olmasından başlayıb: “Fətullah Gülənin internetdə yayılan səs yazısında Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun “Gülən camaatı”na yaxın fiqur kimi təqdim olunması ölkəni qarışdırıb. Azərbaycan hökuməti bu iddianı təkzib edib. “Wikileaks” sənədlərinə görə isə “Gülən camaatı”nın nəzarətində olan məktəblərdə din dərsi tədris olunmadığı üçün ölkənin elit təbəqəsi bu məktəbələrə üstünlük verir. ABŞ isə bundan olduqca məmnundur. Fətullah Gülən və Mehmet Günayın səs yazısının yayılmasının ardından Azərbaycanda gündəm dəyişib. Fətullah Gülənin həmin səs yazısında Zakir Həsənovun Müdafiə naziri təyin olunmasının sevindirici xəbər kimi qiymətləndirilməsi və yeni nazirin “Gülən camaatı”na yaxın biri kimi təqdim olunması Azərbaycan ictimai rəyində mübahisələrə səbəb olub. Azərbaycan hökuməti Zakir Həsənovla Fətullah Gülən arasındakı yaxınlığı yalanlasa da, “Wikileaks”dəki gizli teleqramlar bunun əksini göstərir. Həmin teleqramlarda “Gülən camaatı” nın Azərbaycan hökuməti ilə münasibətlərinə dair maraqlı fikirlər yer alıb. Sənədin 08.05.2008 tarixli, “Fətullah Gülən camaatının Azərbaycandakı mövcudluğu” başlıqlı qeydlərində ABŞ-ın Azərbaycandakı keçmiş işlər vəkili Donald Lu tərəfindən göndərilən məlumatlar var. Məlumatlarda ABŞ-ın “Gülən camaatı”nın Azərbaycandakı varlığından narahat olmadığı, Gülən məktəblərində din dərsinin tədris olunmadığı vurğulanır. Qeyd olunur ki, Azərbaycanda Gülən camaatına məxsus 13 dərsxana, 11 kollec və Qafqaz Universiteti var. Bütün bu məktəblər bir qurum altında birləşdirilib və “Çağ Öyretim” adı ilə tanınır. “Wikileaks” sənədlərinə görə, dini istiqaməti olmayan bu məktəblərdə Azərbaycanın elit ailələrinin övladları təhsil alır. Məktəblərin Türk İş Adamları Dərnəyi – “TUSİAB” tərəfindən idarə olunduğu, lakin bu barədə detalların məlum olmadığı bildirilir. Azərbaycan hökumətinin “Gülən camaatı” ilə münasibətindən danışan Donald Lunun eyni zamanda camaata məxusus məktəbləri tərəflədiyi diqqət çəkir. Lu azərbaycanlı məmurların təhsildə bu məktəblərə üstünlük verməsini Gülən tərəfdarlarının hökumətlə yaxın münasibətlərinin açar nöqtəsi kimi dəyərləndirib. ABŞ-ın sovetlər birliyi üzrə diplomatı kimi tanınan Donald Lunun bu qeydləri Birləşmiş Ştatların bu məktəblərin Azərbaycanda mövcudluğundan olduqca məmnun olduğunu göstərir. Qeydlərdə Azərbaycan hökumətinin İslami fəaliyyətlərə qarşı məsafəli davrandığı bildirilir. Din dərsinin tədris edilməməsinə, əsasən riyazi elmlərə üstünlük verilməsinə baxmayaraq, hökumətin bu məktəblərin fəaliyyət və məramını yaxından izlədiyi qeyd olunur. Hətta 2001-2002-ci illərdə camaata məxsus Qafqaz Universitetində İlahiyyat fakültəsi qapadılanda Bakı Dövlət Universitetində eyniadlı fakültənin fəaliyyətini davam etdirdiyi vurğulanır. ABŞ-a göndərilən məlumatlarda qeyd olunur ki, prezident İlham Əliyev Türkiyə Diyanet İşlərinin (Dini Komitə) faəliyyəti ilə “Gülən camaatı”nın fəaliyyəti arasında nəzərəçrpacaq məsafə qoyub. Belə ki, Əliyev “Gülən camaatı”na qarşı daha məsafəli davranır. 2002-ci ildə AKP-nin hakimiyyətə gəlməsi isə Əliyevin mövqeyi bir qədər yumuşalsa da, ölkə başçısı daha çox dövlətin rəsmi strukturu olan Türkiyə Diyanet İşlərinə yaxın münasibət göstərib. Üstəlik ölkənin bəzi rəsmi şəxslərinin “Gülən camaatı”nın Azərbaycanda Diyanet İşlərini də nəzarətə götürməsindən şübhələndikləri dilə gətirilib. “Wikileaks” teleqramlarında “Gülən camaatı” ilə Azərbaycan hökumətinin münasibətlərinin olduqca yaxşı olduğu qeyd edilir. Həmçinin “Gülən camaatı”nın ölkədə fəaliyyətini möhkəmləndirmək üçün Azərbaycan hökumətində təmsil olunan bəzi məmurlara “əməliyyat xərcləri”, diplomatik dillə desək, rüşvət verdikləri iddia edilir”.
Sorğu
Yeni dizaynımız necədir?