Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Gülən camaatı”nın terror qruplaşması elan ediləcəyinin anonsunu verib.
Virtualaz.org saytı xəbər verir ki, Ərdoğan Türkiyənin Rizə şəhərində vətəndaşlarla görüşündə Suriyanın Kobani şəhərində baş verənlərin arxasında “paralel dövlət”in, yəni “Gülən camaatı”nın olduğunu iddia edib.
Ərdoğan Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) “paralel dövlət” və onun tərəfdarları barəsində əhəmiyyətli addımlar atacağını da söyləyib.
Türkiyənin “Taraf” qəzeti MTŞ-nin “Gülən camaatı” ilə bağlı qəbul edəcəyi qərarların bəzi detallarını əldə etdiyini iddia edib. Qəzetin yazdığına görə, MTŞ “Gülən camaatı”nın terror təşkilatı elan edilməsi haqqında təklif hazırlayır. Bu təklif qəbul edilsə, Fətullah Gülənin liderlik etdiyi camaat terrorçu təşkilat sayılacaq.
Qeyd edək ki, Ərdoğanın rəhbərlik etdiyi AKP hakimiyyətə gəlmək üçün “Gülən camaatı”nın böyük dəstəyini almışdı. 2013-cü il, dekabrın 17-də Türkiyədə həyata keçirilən rüşvət və korrupsiya əməliyyatlarından sonra Ərdoğan “camaat”a qarşı mübarizə aparır. Ərdoğan “camaat”ı “paralel dövlət” adlandıraraq hökuməti yıxmağa çalışmaqda ittiham edir.
“Camaat”a qarşı mübarizəyə başlayan Ərdoğan Türkiyədə və dünyanın bir çox ölkələrində “gülənçilər”in məktəblərini və kurslarını bağlatdırıb. “Camaat”a yaxınlığı ilə seçilən şəxslər Türkiyənin hüquq-mühafizə orqanlarından uzaqlaşdırılıb.
Sorğu
Yeni dizaynımız necədir?