Azərbaycan bazarında faciəli vəziyyət yaradan məmurlar niyə cazasız qalır?
Azərbaycanda bazar münasibətlərində insanların daha çox əziyyət çəkdikləri yalançı reklamlardır. Ölkədə özünə hörmət edən iri şirkətlərdən tutmuş ən xırda ticarət obyektlərinə qədər kütləvi şəkildə yalançı reklam bazarı mövcuddur. İllərdir ki, mətbuat bu yalançı reklamlarla bağlı olaraq mübarizə aparır. İllərdir ki, bununla bağlı külliyat olan faktlar sadalanır. Lakin nədənsə, bu reklamlarla bağlı rəsmi qurumlar hər hansı bir şəkildə nüfuz edə bilmirlər. Ölkənin ən iri banklarından tutmuş, mobil rabitə operatorlarına qədər, sığorta şirkətlərindən tutmuş «Binə» Ticarət Mərkəzinə qədər ən müxtəlif yerlərdə ciddi şəkildə reklamlarlabağlı olaraq yalançılıq faktları aşkarlanır. Bu sahədə cəzasızlıq o qədər yüksək səviyyədədir ki, rəsmi qurumların, bu sahəyə cavabdeh olan nazirlik və nazirlərin faktiki olaraq hərəkətsizliyi mövcuddur ki, bu da vəziyyətin daha da ağırlaşması ilə nətiələnir. Məsələ burasındadır ki, istənilən bir halda ortada olan faktlar mühimdir. Artıq dözülməz bir şərait yaranıb. İnsanlar yalançı reklamlardan sonra şikayət etməyə elə ünvan tapa bilmirlər. İlk olaraq «Gündəm xəbər»ə müraciət edən Suraxanı rayon sakini Kərim Səlimzadə deyir ki, bir həftə əvvəl «Mənim ailəm» adlı günəbaxan tumları alıb. Aldığı paketin içindən «Ləbləbi qabı» udub. Amma həftələrdir ki, udduğu hədiyəni ala biləcək ünvan tapa bilmir. «Aldığım məhsulun üzərindəki telefonlardan normal cavab vermirlər. Hədiyyəni haradan alacağımı dəqiq bilmirəm. Bu səbəbdən də şikayət etmək fikirinə düşdüm. Axı bu mənim bir istehlakçı olaraq aldadılmağım deməkdir» deyə bizə müraciət edən vətəndaş deyir. Bu vətəndaşın şikayət edə biləcəyi ünvan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ola bilər. Çünki istənilən istehsalçı stimullaşdırıcı lotoreya ilə bağlı olaraq həmin qurumdan rəsmən icazə almalıdır. Keçirdiyi tiraj üzrə təqdim edəcəyi uduşlarla bağlı məlumatlar verməlidir. Və təkcə razılıq alıb bu uduşları keçirməklə bağlı deyil, həmçinin də uduşlar üçün göstərilən hədiyyələri həqiqətən də istehsal etdiyi məhsulla bağlı olaraq təqdim etməlidir. Lakin bunu edən varmı? Bu sahədə nəzarətsizlik o qədər yüksək səviyyədədir ki, məhz narazı insanların da şikayət etməyə ünvan tapa bilmədikləri təqdirdə çətin duruma düşəcəyi və dövlət qurumlarına etibarsızlıq yaranacağı qaçılmazdır. Yalançı reklamlarla bağlı bu günə qədər Bakının ən iri ticarət mərkəzləri olan «Binə» və «Sədərək»də heç bir fəaliyyət həyata keçirilməyib. Redaksiyamıza daxil olan çox ilginc məlumatlara əsasən, əslində İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları xəbərdardırlar ki, bu ticarət mərkəzlərində «türk malı» adı altında məhsulların kütləvi şəkildə saxtalaşdırılması prossesi həyata keçirilir. Bu ticarət mərkəzlərində fəaliyyət göstərən sexlərdə konkret olaraq «Made in Türkiyə» sözləri yazılmış etiketlər istehsal olunur. Bəzən «türk malı» kimi təqdim edilən məhsullar o qədər keyfiyyətsiz olur ki, vətəndaşların da inamı nəticə etibarilə sarsılır. Məhz belə saxta etiket istehsal edən sexlərin mövcudluğundan isə nazirliyin əməkdaşlarının da xəbəri olmamış deyil. Daxil olan informasiyalara əsasən, nazirlik işçiləri hər ay bu ticarət mərkəzlərində «yalançı reklam» mafiyası ilə əlbir olaraq külli miqdarda pullar qazanırlar. Redaksiyamıza daxil olan çox ilginc bilgilərə əsasən, belə yalançı reklamlarla bağlı olaraq ortada olan əsas məqamlardan biri də bu işlərin ən yüksək səviyyədə himayə edilməsidir. Ekspertlərin fikirincə markaların saxtalaşdırılması və sənaye məhsulu olaraq satışa çıxarılması konkret olaraq məsuliyyət yaradır. Lakin məsuliyyətin yaranma tendensiyası birbaşa olaraq nazirliyin fəaliyyəti ilə tənzimlənməli olan bir məsələdir. Məsələ burasındadır ki, belə məsuliyyətin yaranmasına da cavabdeh olan əlaqədar qurumlar istənilən halda hərəkətsizlik edirlər. Çox mühim olan bir fakta, yazımızın əvvəlində yanaşmaya yenidən nəzər salaq və faktlara diqqət edək : Azərbaycanda aldadıcı reklamlar geniş yayılıb və onların qarşısı təcili alınmalıdır. Ekspertlər əlaqədar qurumların bu istiqamətdə təxirə salınmaz addımlar atmasını istəyirlər. Baxmayaraq ki,belə qurumlara bu cür çağırışlar mütəmadi səsləndirilir, amma açıq etiraf etmək lazımdır ki, onların haqqında danışılan problemə reaksiyası ürəkaçan deyil. Məsələn, bu günlərdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı danışarkən deyib ki, qanunvericiliyə görə, tütün məhsullarının reklamı qadağan edilsə də, buna əməl edilmədiyinin şahidi olmuşuq: «belə ki, Heydər Əliyev adına hava limanında “Slims” siqaretləri reklamı yerləşdirilən lövhə asılıb. Digər bir problem spirtli içki reklamı ilə bağlıdır. 2010-cu ildə Müqəddəs Ramazan ayında Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində Rusiya araqlarının reklamına rast gəlmişdik və onların yığışdırılmasına nail olduq”. Ekspert hazırda aldadıcı reklamların insanları daha çox narahat etdiyini və bununla mübarizənin daha da gücləndirilməsinin vacib olduğunu açıqladı: “Mən Səhiyyə və İqtisadi İnkişaf Nazirliklərinə və həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məktub yazmışam. Araşdırmamıza görə, paytaxtın 6 müxtəlif yerində “İvanovka” mal nişanı ilə məhsul istehsal edirlər və satışını həyata keçirirlər. Əslində isə onların bu marka ilə heç bir əlaqəsi yoxdur. Tezliklə bu aldadıcı reklamların qarşısı alınmalıdır”. Ekspert hesab edir ki, istehsal olunan məhsulların üzərində tarixlərin göstərilməsi ilə bağlı da problemlər var: “Qarşımda “Fermerskaya smetana” məhsullarından nümunələr var. Qablaşdırmanın üzərində yalnız istifadə üçün son tarix yazılıb. İstehsal tarixi isə göstərilməyib. Bu, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması deməkdir”.QHT rəhbəri istehlakçıların hər gün endirim kampaniyaları ilə bağlı reklamlara rast gəldiyini, amma əksər hallarda real qiymətlərin göstərilənlərdən qat-qat baha olduğunu deyir: “Hazırda bankların aşağı faizli kredit vermələri və geyim mağazalarında isə endirim kompaniyaları ilə bağlı reklamlar gedir. Amma, əksər hallarda bu müəssisələrə müraciət edən müştərilər məyus olurlar”.Xatırladaq ki, “Reklam haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələbinə əsasən, orta məktəblər, universitetlər, uşaq bağçaları və başqa bu tipli müəssisələrin 100 metr yaxınlığına qədər heç bir reklam yerləşdirilə bilməz.Həmin qanunun tələbi ilə isə siqaret və digər tütün məhsullarının reklam edilməsi qəti qadağandır.İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi müxtəlif təminatlar nəzərdə tutur. Belə ki, bu cür hərəkətlərə yol verən vəzifəli şəxslərə 1500 manatdan 2 min manatadək, hüquqi şəxslərə isə 4 min manatdan 5 min manatadək inzibati cərimənin tətbiq edilməsi nəzərdə tutulur.İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsi ilə nəinki malın xidməti ölçüsü, çəkisi hesabına istehlak xüsusiyyətləri, hətta keyfiyyətinə dair istehlakçıların aldadılması inzibati xəta hesab edilir. Həmin inzibati xətanı törədən fiziki şəxslərə 600 manat, vəzifəli şəxslərə 1000 manat, hüquqi şəxslərə isə 3 min manat miqdarında cərimə sanksiyası tətbiq edilir.Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən, istehlakçını xeyli miqdarda - 40 manatdan 500 manatadək - aldatma 3 mindən 5 min manatadək cərimə, yaxud 180 saatdan 240 saatadək ictimai işlərlə cəzalandırılır. Təkrar törədilərsə, yaxud 500 manatdan yuxarı ziyan vurmaqla törədilərsə, 5 mindən 7 min manatadək cərimə, yaxud 2 ilədək müddətə vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cəzalandırılır.Aldadıcı reklamlarla bağlı mübarizəni isə əsasən iki qurumun - Şahin Mustafayevin rəhbəri olduğu İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ramiz Həsənovun sədri olduğu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparmalıdır. Bu qurumlardan problemin qarşısının alınması üçün gərəkən addımların atılmamasının əsas səbəbi isə əksər aldadıcı reklamların arxasında bir çox oliqarx-məmurların biznes maraqlarının dayanması göstərilir. Əgər belə deyilsə, o zaman həm Mustafayevin nazirliyi, həm də Həsənovun komitəsi aldadıcı reklamların baş alıb getməsinin və onların qarşısının alınmamasının əsl səbəbini mətbuata və cəmiyyətə açıqlamalıdırlar. Lakin fakt faktlığında qalır. Ölkənin reklam bazarında vəziyyət sözün bütün mənalarında faciəlidir. Sadalanan faktlara «Azərbaycan dili haqqında» dövlət qanunundakı tələbləri də əlavə edə bilərik. Bazara çıxarılan istənilən əmtəə ilə bağlı dövlət dili tələblərinin pozulmasının şahidi oluruq. Bəzən heç də kiçik olmayan şirkətlərin belə dövlət dili ilə bağlı tələbləri kobud şəkildə pozduğunun şahidi oluruq. Məsələ burasındadır ki, istənilən bir adam bu məqamla bağlı olaraq yüzlərcə fakta rast gəldiyini deyə bilər. Küçələrdəki reklamlarda dövlət dilinin tələblərininpozulması faktı demək olar ki, adiləşib. Məhz bu səbəbdən də ortada olan faktlar ondan ibarətdir ki, həmin sahə üzrə istənilən bir vətəndaş narahatlıq keçirir. Dövlət dilinin tələblərinin pozulması faktları isə demək olar ki, heç bir halda ortada olan məqamlarla bağlı qorunmur. Məsələ burasındadır ki, bu gün Azərbaycan dövlət dilinin qorunması ilə bağlı təkcə qanunlar deyil, prezidentin imzaladığı saysız-hesabsız sənədlər toplusu da ortadadır. Lakin məhz bu sahəyə nəzarət etməli olan dövlət qurumları, xüsusilə də İqtisadi İnkişaf Nazirliyi hərəkətsiz haldadır. Əziyyət çəkən sıravi azərbaycanlı istehlakçı, qazanan isə faktiki olaraq oliqarx-məmurlardır. Eldar QASIMOV
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?