Hələlik piyadalar qurban verilir, oyuna isə bütün hakimiyyətin taleyi qoyulub
Yeni ilin ilk günü ictimai-siyasi arenanın ilk bombasını mərhum Sevinc Babayevanın oğlu Ayxan partlatdı.O, anasının zəhərlənərək öldürüldüyünü iddia etdi, təfərrüata vardı. Özlüyündə bu, kifayət qədər ciddi və bu işin sonrakı istintaqı baxımından mühüm hərəkətdir. Onsuz da 3-5, yaxud 7-8 aydan, ildən sonra bu iddia mütləq səslənəcəkdi. Ayxan Məmmədovun bu iddiasını məhz indi, dəfndən iki gün sonra irəli sürməsi bu işi obyektiv araşdırmaq istəyən kriminalistlərin işini yüngülləşdirir, cinayəti ört-basdır etmək istəyənlərin işini isə ağırlaşdırır. Qeyri-leqal yolla Türkiyəyə qaçdığı güman olunan və orada belə bir aqibətlə üzləşəcəyi gözlənilsə də, hər halda şokedici bir biçimdə həyatını itirən Babayevanın ölümündə şübhəli şəxs kimi çəkilən ad da kifayət qədər sensasion xarakterlidir. Ayxan anasının sabiq rəhbəri, iş və əməliyyat yoldaşı Gülər Əhmədovanın adını çəkib, bir sıra detallar sadalayıb. Onun dediklərindən belə çıxır ki, anası heç də ürək xəstəsi olmayıb, video qalmaqalının ortaya çıxacağı bilinəndən sonra qəfildən onda bilinməz bir xəstəlik əmələ gəlib və mərhum S.Babayeva oğluna G.Əhmədova tərəfindən qəsdən zəhərləndiyini deyib. Təbii ki, bu tipli bütün məsələlərdə olduğu kimi, G.Əhmədova mediaya açıqlama verərək ittihamları rədd edib. O, Sevinci Türkiyəyə yola salması barədə Ayxanın iddiasına cavab olaraq deyib ki, hüquq-mühafizə orqanları onun Türkiyəyə necə yola salınmasını yaxşı bilirlər. G.Əhmədovanın bu bəyanatı əslində bir neçə ay öncə səsləndirdiyi “mənim ağzımı açdırmasınlar” tipli bir ifadədir. Sabiq deputat bununla demək istəyir ki, qoy biriləri S.Babayevanın Türkiyəyə qaçırılması olayına onun adını qarışdırmasınlar. Bununla da o, dolayısı ilə Sevincin zəhərlənməsinə və ölümünə qarışmadığını bildirir. G.Əhmədova Ayxan Məmmədovun bu sayaq ittihamlarla çıxış edərkən kiminsə tərəfindən öyrədildiyinə əminlik ifadə edərək, bilərəkdən həmin adamların yox, Fransaya sığınmış Elşad Abdullayevin adını çəkib. Əslində burada əsas vurğu Ayxanın öyrədilmiş olması məsələsinə salınır, onun kim tərəfindən öyrədilməsi isə işin gedişatında ortaya çıxacaq. Beləliklə, Elşad-Gülər-mandat-rüşvət-Sevinc-qətl silsiləsi üzrə yeni-yeni təfərrüatlar ortaya çıxdıqca durum aydınlaşmaqdansa, müəmmalar artır, kələf daha da dolaşır və sanki çözülməz hala gəlir. Ancaq hər kələfin bir çözülən yeri var, çətini ipin ucunu tapmaqdır. Qədim kriminalistlər belə hallarda “bu qətl kimə sərf edirdi?” sualı qoyar və onun düzgün cavabını taparaq işi açardılar. Baxaq, görək, S.Babayevanın qətli (oğlunun müvafiq iddiasından sonra artıq bunu əminliklə söyləmək olar) kimə sərf edirdi. Bu, müəyyən dərəcədə G.Əhmədova üçün yararlıdır, indi onun üzünə duran olmayacaq. Amma bir məqam da var. İş elə bir hala gəlib çıxıb ki, G.Əhmədovanın özü də eynilə S.Babayeva kimi əsas şahidə çevrilib və kiminsə üzünə durmalıdır. Belə bəlli olur ki, o qüvvələr S.Babayevanın Türkiyəyə qaçırılmasını təşkil edib və bunu, G.Əhmədova demişkən, hüquq-mühafizə orqanları da bilir. Demək, artıq dövlətin bir çox strukturları bu və ya digər şəkildə bu işə qatılıblar. Ancaq mandat alverinə dair ortalıqda bu qədər səs yazılıları, videomateriallar, sair dəlil-sübutlar olduğu halda bir qadının zəif bənd hesab edilərək aradan götürülməsi ilə bu məsələnin yat-yut olacağına ümid bəsləmək əlacsızlığın göstəricisidir. Bu, mümkün olmayacaq. Bu, artıq faş olunmuş cinayətdir. Hakimiyyət orqanları heç nəyə məhəl qoymaya, bu xüsusda heç bir tədbir görməyə bilərlər, amma bu halda da Cinayət Məcəlləsində “hərəkətsizlik” kimi nəzərdə tutulan cinayətə qol qoymuş olacaqlar. Üstəlik, ictimai-siyasi arenadakı qüvvələr seçki ilində bu faktdan lazımınca yararlanacaq, onu təbii olaraq əsas hücumçu tezisə çevirəcəklər. Ən qəribəsi odur ki, Sevinc Babayevadan tutmuş rüşvət piramidasının ən zirvəsində duranlara qədər hamı video qalmaqalının başlayacağını hələ yay aylarından bildikləri halda, Elşad Abdullayevin mandata və oğurlanmış qardaşına görə verdiyi çamadan-çamadan pulları ona geri qaytarmaq istəməyiblər. Əlbəttə, o, qane olmayacaqdı, çünki hiss olunur ki, E.Abdullayevin əsas tələbini yerinə yetirmək – qardaşını ona geri vermək mümkün deyil. Bəlkə də ona görə onlar sabiq rektorun heç bir tələbini yerinə yetirməmək və onunla müharibəyə getmək qərarına gəliblər. Alın, bu da sizə müharibə. Hələlik piyadalar qurban verilir. Əsas dilemma budur: bu fəlakətdən xilas olmaq üçün daha kimlər qurban veriləcək. Kart altına bütün hakimiyyətin taleyi qoyulub. İndilikdə hər şey sırf detektiv romanların süjet xəttinə uyğun olaraq gedir. Bir cinayəti ört-basdır etmək istəyənlər bundan ötrü başqa cinayətlər də törədirlər. Axırı hara gedər, gedər. Azər Talıbov
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?