Bəli, məşhur sovet “dava” filmindən fərqli olaraq bizdə qocalar ancaq korrupsiya uğrunda, başqasının varidatını yağmalamaq uğrunda, buna nə əqli, nə də ərkanı çatan adamlardan pul alıb deputat düzəltmək uğrunda “döyüşə” gedirlər. “Köhnə qaydalar”la yaşamaqdan bezən cavanlar “döyüşə” çıxanda tutub basırlar zindana. Çünki onları həmin o qocaların tamah dişini vurub sındıra biləcək yeganə və potensial təhlükə kimi görməkdədirlər. Analar..! Onlar həmişə bir mələk kimi övladlarını qorumağa vəzifəlidirlər. Ancaq hər ananın da oğlu deputat, şirkət rəhbəri, Prezident Administrasiyasında şöbə müdiri ola bilmir. Onlarınsa müdafiəyə daha çox ehtiyacları var. Çünki ortada itiriləcək şeylərin böyük bir siyahısı durur. Son günlərin nurçular söhbəti hakimiyyətin xəlvətlərindəki qüvvələr balansını, vəzifə ierarxiyasında kök salıb sümükləşmiş klanların dizaynını, təkəbbürlərin, ambisiyaların qaynama hərarətini, bəzi məmurlar üçün riyakarlıqdan heç də az əhəmiyyət daşımayan əsəb və təmkin sinirlərinin fizioloji durumunu “nur”a boyamaqdadır. Aralıq qızışdıqca sandıqdan tökülən pambığı toplamağa adam çatmır. Ortada kifayət qədər maraqlı, düşündürücü və eyni zamanda da siyasi rənglərin kakafoniyası ilə fərqli bir tablo var. Postmoderndə icra olunmuş “əsərin” personajları sırasında deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanovun, qəzet və sosial şəbəkələrin lağnanmı, yoxsa tam ciddi “baş analitik” adlandırsa da, indiyədək “göstərilən hər barmağa” irişməkdən savayı ortaya bir fərasət qoymamış Fərhad Məmmədovun, ötən deputat seçkilərində opponentləri ilə debat vaxtı Kür çayının səsini almağa hazırlaşdığı kəndlərdən hansını basdığını düz-əməlli bilməyən Ceyhun Osmanlı və K0 -nın mübarək “fizionomiyası” görünməkdədir. Bütün bu oyunların hansı “armudun” başında cərəyan etdiyini bilməyəcək qədər sadəlövh olmadığımızdan “Yusif Sərrac”lıq etməyə də lüzum görmədik. Və həmin lal sükutu qorumaqda qərarlı idik ki, “söz güzərgahına” yeni sima təşrif buyurdu – oğlunu və oğlunun “nüfuz dairəsində” olan uşaqları “qarğa-quzğundan” (onların dilində – mətbuatdan) qoruyan deputat Rəbiyyət Aslanova! Bilsəniz, bu nəyə oxşadı?! Məhəllədə çuğulu, jiqanı, nə bilim, həmişə dar ayaqda sivişib aradan çıxmağı şakərə çevirmiş birini “kruqa” salıb kötəkləyərkən bəyirtisinə anasının yun çubuğu, ya da ki, kəfkiri başının üstündə hərləyərək uşaqların üstünə şığımağına. Düzdür, Rəbiyyət xanım natiq olduğu üçün sağına-soluna nizə-əmud deyil, söz şimşəkləri yağdırmağa başladı. Amma nə üçün məhz virtualaz.org?
Eynulla Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, professor Rəbiyyət Aslanova qələmə aldığı məqaləni eksklüziv olaraq virtualaz.org saytının redaksiyasına göndərib. İlk baxışdan burada qeyri-adi nə var ki?! Amma işin “məmmədqulusu” ondadır ki, həmin sayt istedadlı jurnalist Eynulla Fətullayevə məxsusdur. Oxucuları çox intizarda saxlamaq fikrində deyilik. Sadəcə,aşağıdakı monoloqlara diqqət verin: - Eynulla Fətullayevin həbs olunması tam qanunauyğundur. (Trend) – Bu ölkədə heç nə onu qane etmir. Nə cəmiyyətdəki durum, nə islahatlar, nə Azərbaycan vətəndaşının bugünkü dövlətinə sədaqəti. Heç nə onu qane etmir. Cəmiyyətdə yaşayanda da onu qane etmirdi, həbsxanada da qane etmir. – Əgər o gənclər Eynullanı yaxından tanısalar, heç onun müdafiəsinə qalxmazlar. Eynullanın bu dövlət, bu xalq qarşısında hansı xidməti var ki, onu qəhrəmana çevirir, müdafiəsinə qalxırlar? (Mediaforum) – … Ona görə də Eynulla Fətullayev cəza çəkir və cəzasını da almalıdır. Fətullayevi müdafiə edən QHT-lər və insanlar necə olur ki, bu formada şərin müdafiəsinə qalxır? (Yeni Müsavat) Bu fikirlərin müəllifi Milli Məclisdə İnsan Hüquqları Komitəsinə rəhbərlik edən bir xanımdır. Bəs nədən sinəsini ambrazura çevirib yüksək vəzifəli oğlunu müdafiə edən bu ana vaxtilə şərlənib ömrünün neçə ilini həbsxanada keçirmiş və savadından tutmuş bütün fərasətlərinədək Elnur bəyə ən azı bir marafon məsafəsi qədər dədəboyu verə biləcək Eynulla tutulanda səsini çıxartmadı? Həm də nəinki hüquq müdafiəçisi, heç ana kimi də! Əksinə! Şərə qahmar çıxdı, nahaqqa çiyin verdi. Sən demə, doğrudan da, dünya fırlanırmış.
“Seksot” təfəkkürü Bir şey də var ki, mətbuatdakı nurçu söhbəti kütləvi ifşalara yol açdı. İman bir yerə getdi, güman min yerə. Ümumiyyətlə, bu nə bədgümanlıqdır, bu nə əndişədir? Dəbə minib! Yağışqabağı sərçələr civildəşən kimi hər yerindən duran əlinə yekə bir teleskop alıb iqtidar komandasında düşmən axtarır. Əslinə qalsa, o komandadakıların əksəriyyəti elə bu xalqın düşmənidir. Aralarında bölüşə bilmədiklərinin düşmənidirlər. Bu hakimiyyətin cəfasına arxa çevirib səfasından barınanlar dövlətdən, xalqdan, Prezidentə sədaqətdən danışanda nə qədər miskin olurlar!
Fərqindədirlərmi? Müəllif neçə illərdir tanış ssenarilər, köhnə oyunlar və ənənəvi gedişlərin bəlli mənbələrdən məlum ünvanlara yönəldiyini söyləyir. Azərbaycanın uğurlarını həzm edə bilməyənlərin olduğunu bəyan edir. Yenə də belletristika! Qara eynəklər, “göstəbək” ovu, “şpionomaniya”! ceyhun_osmanli_240813_2Başımıza xeyir, əcəba, bu işlərlədəmi mətbuat məşğul olmalıdır? Bəs hanı iqtidarın “topu-tüfəngi”? Nə əcəb Ceyhun Osmanlı indiyədək belələrinin beş-onunu deşifrə edib səslərini yazmayıb?! Siz bir onu tərpədin, Rəbiyyət xanım, sözünüzdən çıxmaz. Yoxsa da, şalvarının arxa cibindən, pencəyinin astarından üç-dörd yağlı kompromat çıxara bilər. Məqalədə həmrəylik, xalqla iqtidarın birliyi, Xocalı faciəsi, dünyanın Azərbaycana ögey münasibətilə bağlı şüarvari fikirlər səslənir. Maraqlıdır, xalqın cibinə girəndə, dişiynən-dırnağıynan biznes quranların müəssisələri diri-diri əlindən alınanda, namuslu adamlar şərlənib “atdöşü” ediləndə heç Xocalı faciəsi, milli birlik, ikili standartlar yada düşmür.
Oxuyuruq:” … adları hallandırılan bu insanlar (yəni oğlu və dostları – !) dünyada Azərbaycan həqiqətlərini yaymaqla bütün gücünü səfərbər etdiyi vaxtda onlara qarşı iyrənc böhtan kampaniyasına start verilir”. Bəli, hər uşaq isə dədəsi güclü olduğu kimi, ana üçün də balası dünyanın ən ağıllı, bacarıqlı zürriyyətidir. Amma burada, fəlsəfədə də deyildiyi kimi, fetişizmin dozası bir az yox, lap yuxarıdır. Axı, bu uşaqlar Afanasi Nikitin kimi səyyahlıqdan savayı neynəyiblər bu dünyada? Hansı işin qulpundan yapışıblar, hansının öhdəsindən gəliblər (təbii ki, şəxsi biznes xaric – !)? Hər gün nahar və şamını “Art Garden” kimi uğuz sayılmayan restoranlarda edənlərin xaricdə hansı ünvanları dolaşa biləcəkləri də “yeddi möhür arxasında gizlədilə biləcək” sirr deyil. Çəkin onların arxasından inzibati rıçaqları, ana dəstəyini, dostu köməyini, onda görərik bu “gül balalar”ın nəyə qadir olduğunu?! Birilərinin dədəsi məmləkətdə yol-nəqliyyat infrastrukturunu həzm-rabedən keçirib milyardlar yağmalayıb, o birininki uçan quşdan, sürünən tırtıldan gömrüyədək hər şeyi məngirləyib. Birinin dədəliyi məmləkətin boğazında kal armuda çevrilib, dəyərlər adına nə varsa, hər şeyi çığnayıb dağıtmaqla məşğuldur. Di gəl, danışanda da ağızlarına çullu dovşan sığışmır, deyirlər ki, övladımız xaricdə Azərbaycanın milli maraqlarını qorumaqla məşğuldurlar. El arasında deyildiyi kimi, Alış, nəynən? Onlardan daha tərbiyəli, daha ağıllı, daha boy-buxunlu oğlanlar öz məmləkətlərində işləyib pul qazana bilmirlər. Oliqarx-məmur dədələr dünyanı dar eləyiblər başlarına. Amma deməyəsən ki, bu “milli burjuyların” zürriyyətləri Amerikada, İngiltərədə qaz vurub qazan doldururlar. Şair demişkən, kimi aldadırsan, a zalım oğlu?! “Qui prodest”-mi, Rəbiyyət xanım? Düz deyirsiniz, böhtan cəzalandırılmalıdır. “Dövlətçiliyə sadiq insanlara çirkab atmağa, təhqir etməyə, Azərbaycan cəmiyyətini və iqtidar komandasını məhz bu şəkildə təqdim etməyə heç kimin haqqı yoxdur. Bu da demokratiyanın mühüm meyarıdır”. Lap sapa inci kimi düzüləsi kəlamlardır. Rəbiyyət xanım bu məmləkətdə azlıqda olan natiq qadınlardandır. Ancaq söylədikləri həmişəmi səmimidir? “İqtidar komandası”, “dövlət başçısının kadr siyasəti” kimi laflar sıradan obıvatelə hesablanmayıbmı? Bu arada statistika komitəsinin verdiyi son məlumata görə, məmləkətdə çörəyi qulağının dibinə yeyənlərin sayı da kəskin şəkildə azalıb. Heç şübhəsiz, Rəbiyyət xanımın müdafiəsinə qalxdığı kadrların xalqın qulağının dibində salamat yer qoymadıqlarına görə.
Qəribə tendensiyadır. Hər cür hərcayılıq, “kefkomluq” yapılır və yol dalana dirənəndə mütləq dövlət başçısının adı girir dövrəyə. Bu da siyasi möhtəkirliyin bir populyar növüdür. Axı, bu ölkədə camaatın inandığı bir kəs varsa, o da Prezident İlham Əliyevdir. Barı, onun adından sui-istifadəyə yol verməyin. Xanım deputat sosial şəbəkəni qınayır, interneti qeybət məkanı adlandırır. “Üzdəniraq KİV-lər getdikcə özləri çirkab və böhtanın mənbəyinə, totalitar təriqətə çevrilib öz buyruqçularına sözsüz itaət quluna dönürlər… “ – deyir. Niyə? Nədən? “Zati alilərinizin” maraqlarına toxunduğuna görəmi? Homo homini lupus est! “Artıq alnıaçıq şəkildə dövlətçiliyə sadiq olduğumuzu sübut edən əhəmiyyətli zaman yaşamışıq. Heç nəyə baxmayaraq yalnız əqidəmizə sadiq olmuşuq”. Bəlağətdə kəsalət! Mübaliğədə nimdaşlıq! Tərənnümdə miskinlik! Vətənpərvərlikdə uraçılıq! Millətə minnət, dövlətə minnət, Prezidentə minnət! Sədaqətin ölçüsü Zaman deyil, Əməldir! Zaman şahiddir, əməlsə sübut! Bir filosofun bunun fərqinə varmaması qəbahətdir. Həqiqətin gücünün gücün həqiqətini yenməsi Rəbiyyət Aslanovanın mənsub olduğu kəsim üçün planetar faciədir, kainatın zülmətə qərq olması kimi bir şeydir. İnsanların doğru bildiklərini söyləmək kimi fundamental və təbii hüquqları onların doğal haqqı deyilmi? Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Konstitusiya ilə təsbit edilmiş söz və fikir azadlığını dar konyunkturaya xatir gözümçıxdıya salırsa, vay o məkanda qanun axtaranların halına. Bu, bilirsinizmi nəyə oxşayır? Vaxtınız varsa, gəlin, Sizinlə fəlsəfi fikir tarixinə qısaca bir ekskurs edək. Heç şübhəsiz, Tomas Hobbsu tanıyırsınız. Bu adam hüquq və dövlət haqqında təlimi həndəsə kimi dəqiq elmə çevirmək istəyirdi: - Həndəsə bütün elmlərin anasıdır! – deyirdi. Həmin ingilis filosofuna görə, riyazi metod subyektiv qiymətləndirmədən azaddır. Hüquq və ədalət haqqında təlim daima həm qələm, həm də qılıncla müdafiə olunub: “Bununla belə, xətlər və fiqurlar haqqında təlim mübahisə mövzusu deyil. Çünki insanların, xüsusilə də varlı zümrənin mənafelərinə toxunmur. Əgər Pifaqor teoremi varlı təbəqənin mənafelərinə qarşı yönəlmiş olsa idi, həndəsəyə aid bütün kitablar yandırılardı”. Xatırlatmaq istədiyim bu hikmətdir! Yalandımı ki, bizdə milli deyil, şəxsi maraq və mənafelərə xatir nəinki oxunmayan kitablar, hətta qanunlar belə zavala gəlir?! Sizin kimilər, dolaşdığınız dairəyə aid olanlar tənqidlə, düz sözlə qarşılaşanda milli mənafedən, dövlətçilikdən dəm vurursunuz, mənfur ermənilər, Azərbaycanın inkişafını gözü götürməyən “geosiyasi güclər” yada düşür. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin ki, senzura və ölüm hökmünü vaxtında ləğv etdi. Yoxsa Azərbaycan sayənizdə ya lallar məmləkətinə, ya da özü boyda bir qəbiristanlığa çevrilərdi.
Şüşə eyvan məsələsi… Elnur Aslanov hər bir halı ilə bəllidir ki, mətbuat və sosial mediada Elnur Aslanova “səlbə atanlar” anasını xeyli qəzəbləndiriblər. İnsansa əsəbiləşdikcə, farslar demişkən, əssəbrül, miqrazül məhəbbət (səbirsizlik məhəbbətin qayçısıdır – !) real hissləri üstələyir, emosiyalar kükrəyib yatağından çıxır. “On illərlə oturub, heç nəyə cavabdeh olmadan, heç bir əziyyət çəkmədən, xalq üçün heç nə etmədən fəallıq görüntüsü yaradanlar da var. Bununla onlar diqqəti başqalarının üzərinə yönəltməklə cəmiyyətdə yanlış təsəvvürlər formalaşdırmağa çalışırlar”. Bu cümlələr də R.Aslanovanın müəllif yazısından iqtibasdır. Sadə bir hesablama aparsaq, görərik ki, hakimiyyətdə on illərlə oturan azlıq içərisində PA-nın rəhbəri, akademik R.Mehdiyev və Prezidentə sədaqəti şübhə doğurmayan nazirlərdən hörmətli R.Usubovun adları keçir. Tənqidin əqrəblərini onlaramı tuşlayıb xanım-deputat?! Biri Elnur Aslanovun başgicəlləndirici karyerasının memarı, o biri isə ikinci oğlunun çalışdığı qurumun rəhbəri. Düz deyiblər ki, qərəzdən, hikkədən etibarlı yol yoldaşı çıxmaz. Anadolu türklərinin ibrətamiz bir misalı var: şüşə eyvanda oturanlar başqasının eyvanına daş atmasınlar. Maqsud Səmədzadə
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?