Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən növbəti sessiyasında Azərbaycan baxımından qalmaqal baş verib. Virtualaz.org saytı xəbər verir ki, sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti Krımın işğalına görə Rusiyanı pisləyən qətnamə layihəsinin əleyhinə çıxıb və Ermənistan nümayəndə heyəti ilə birlikdə Rusiyanın bu məsələdəki mövqeyini dəstəkləyib. Sessiyada baş verənlər və Rusiyanın mövqeyinin əksər iştirakçılar tərəfindən necə pisləndildiyi haqda bu ölkənin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin rəhbəri, Vladimirovsk vilayətinin qubernatoru Svetlana Orlova bəyanat verib. Bəyanatda deyilir ki, sessiyanın birinci iş günündə-martın 25-də Ukrayna nümayəndə heyəti Rusiyanı təcavüzdə və sərhədləri zorla dəyişdirməkdə ittiham edən vərəqələr yaymağa başlayıblar. “Onların tərəfindən başqa belə cəhdlər də oldu. Konqresin üzvlərinin çoxu özlərini olduqca isterik aparırdı. Referendumu tanımırlar. Bizi ancaq Azərbaycan və Ermənistan dəstklədi. Buna baxmayaraq Rusiya nümayəndə heyəti təxribatlara tutarlı cavab verdi, bildirdi ki, Rusiya prezidentinin addımlarını çoxmillətli Rusiyanın əhalisinin 75 faizi və Krım əhalisinin 95 faizdən çoxu dəstəkləyir. Referendum beynəlxalq hüquqa əməl olunmaqla keçirilib. Krım xalqı öz iradəsini azad şəkildə ifadə edib. Belə çıxır ki, Kosovada olar, indi yox? Bu, ikili standartlardır” deyə Orlova bəyan edib. Sessiyada Ukraynadakı vəziyyətlə bağlı Avropa Şurasının baş katibi Turborn Yaqland da çıxış edib. S.Orlova deyib ki, onun çıxışı olduqca korrekt idi. “Yaqland Ukraynadakı böhranın kökləri haqda danışdı, bildirdi ki, konstisusiya islahatları aparlmır, qubernator seçkiləri keçirilmir, normal qanunvericilik bazası yoxdur, korrupsiya baş alıb gedir. Problemlər həm ölkənin şərqində, həm qərbində mövcuddur” deyə qubernator bildirib. Sessiyada Ukraynadakı vəziyyət və Krımın ilhaqından narahatlıq ifadə edən qətnamə qəbul edilib, Konqresin xüsusi missiyasının Krıma göndərilməsi haqda qərar qəbul olunub. S.Orlova bunu Konqresin və Avropa Şurasının nizamnaməsinə zidd qərar hesab edir. Sessiya martın 27-də işini yekunlaşdıracaq. “Kommersant” qəzeti xəbər verir ki, sessiyanın gündəliyinə Belçika nümayəndəsi Markus Kuul tərəfindən Krıma dair qətnamə layihəsi təqdim olunmuşdu. Həmin layihədə Rusiyanın Krımı işğal etməsi və orada saxta referendum keçirməsi pislənilirdi. Sessiya zamanı bu qətnamə layihəsinə düzəlişlər təklif olunub. Rusiya nümayəndə heyətinin “işğal” ifadəsinin layihədən çıxarılmasına dair təkliflərini Konqresin keçmiş vitse-prezidenti, Ermənistan nümayəndə heyətinin üzvü Emin Eritsyan dəstəkləyib. Azərbaycan nümayəndə heyətindən kimin Rusiyanın mövqeyini dəstəklədiyini dəqiqləşdirmək mümkün olmayıb. Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki milli nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin deputatı Anar İbrahimov başçılıq edir. Nümayəndə heyətinin rəhbərinin müavini Sumqayıt bələdiyyəsindən Əbülfəz Babayevdir. Heyətin tərkibində müxtəlif şəhər və kənd bələdiyyələrinin təmsilçiləri də yer alırlar. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Avropa Şurası yanında məşvərətçi orqandır. Qeyd edək ki, rəsmi Bakı Krım məsələsində ehtiyatla da olsa Ukraynanın ərazi bütövlüyünə dəstək verib və yarımadada keçirilən referendumun nəticələrini tanımayıb. Ermənistan isə prezident səviyyəsində bu referendumun nəticəsini tanıyıb və dəstəkləyib. Bu baxımdan Strasburqdakı sessiyada Ermənistan nümayəndələrinin Rusiyanı dəstəkləməsini başa düşmək olardı, Azərbaycan nümayəndə heyətinin mövqeyi isə ən azından rəsmi Bakının mövqeyi ilə üst-üstə düşmür və ərazilərinin bir hissəsi işğal altında olan ölkənin təmsilçiləri üçün anlaşılmaz görünür. F.Məmmədov
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?