Lenin inqilabının yüz illiyi ərəfəsində “Putin inqilabı”nın reallaşması təhlükəsi hər an artır
XX əsrin əvvəllərində dünya Vladimir Leninin bolşevik qiyamından sonra yeni düzənə keçdi. XXI əsrin əvvəllərində isə Vladimir Putin yenidən dünyanın siyasi xəritəsində dəyişikliklər etmək niyyətindədir.Ərazisinə görə dünyanın ən nəhəng dövləti olan Rusiya vaxtilə müstəmləkəsi olmuş dövlətləri yenidən öz orbitinə qaytarmaq, super gücə çevrilmək arzusundadır. 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən respublikalar yenidən işğal olunmaq təhlükəsi ilə üz-üzə qalıblar. Ukrayna böhranı və Krımın işğalı postsovet ölkələrini fakt qarşısında qoyub. Dünya gündəminin bir nömrəli xəbərləri Moskvadan başlayır, Moskvada da qurtarır. Yeni SSRİ-nin yaranması üçün rəsmi Kreml demək olar ki, münbit şərait yaradıb. Lenin inqilabının yüz illiyi ərəfəsində Putin inqilabının reallaşması təhlükəsi hər an artır. 1920-ci ilin aprel işğalından sonra cümhuriyyətin qurucularından biri olan Məmmədəmin Rəsulzadə iki illik hakimiyətiniz dövründə xalqa nə verdiniz sualına belə cavab vermişdi: “Çox şey verə bilmədik, ancaq əsl azadlığın dadını xalqa dadızdırdıq”. Bəs görəsən xalqımız iyirmi illik müstəqillik dövründə azadlığın dadını hiss etdimi? Yoxsa hələ də nostalji hisslərlə sovet dönəminin qayıtmasını arzulayan həmvətənlərimizin “ Putinli arzuları” çin olmaq üzrədir? Artıq əksər postsovet ölkələri dərk edir ki, Moskva işğal niyyətini reallaşdırmaq istəsə onlara arxa duracaq qüvvə yoxdur. Rusiya Gürcüstanda və Ukraynada hegomonluq edəndə Qərb ölkələrinin dəstəyi quru bəyanatlardan uzağa getmədi. Avromaydanda aylarla mübarizə aparan, qanı tökülən xalqın maraqlarını Avropa Rusiyadan aldığı qaza qurban verdi. Sabah analoji vəziyyət Qazaxıstanda, Tacikistanda, Türkmənistanda baş versə nə dəyişəcək? Zatən bu ölkələr Rusiyameyilli mövqe tutaraq hər zaman Putinin yanındadırlar. Yaxud Azərbaycan rus qoşunlarının hücumuna məruz qalsa, Amerika və Avropa hər halda üçüncü dünya müharibəsinə başlayan deyil. Xüsusilə ortada Qarabağ boyda problemin həllində biz dünyanın ikili standartlarını artıq kifayət qədər görmüşük. İşğalçı ilə işğala məruz qalan arasında fərq qoymayan dünyanın ədaləti öz maraqlarını təmin etməkdən ibarətdir. Daima Rusiyanın yanında yer alaraq formal müstəqil olan Ermənistanla Qərbin əksər siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan Azərbaycan arasında davam edən münaqişədə Amerika və Avropa ölkələri ölkəmizə heç vaxt gərəkən dəstəyi verməyiblər, əksinə daha çox qarşı tərəfə stavka ediblər. Odur ki, Azərbaycanı “sındırmaq” üçün Rusiya Qarabağı tamamilə qoparmağa start verərsə, ümidimiz uzaqbaşı bir neçə bəyanat və qətnaməyə ola bilər ki, son onilliklərdə onların sayını belə unutmuşuq. Azərbaycan Rusiyanın Ermənistan vasitəsilə təhdidləri qarşısında faktiki köməksiz durumdadır. Putinin növbəti işğal planı reallaşarsa, növbəti torpaq itkiləri və fəlakətlərin başlanması qaçılmaz olacaq. Ən azından bunu tarixi faktlara əsaslanıb deyə bilərik. Təzyiqləri gücləndirmək üçün Rusiya Ermənistana Qarabağ ərazisində Krımsayağı referendum keçirməyə icazə verər, nəticədə Dağlıq Qarabağın Ermənistana birləşməsinə, yaxud Abxaziya variantında müstəqilliyinə saxta hüquqi baza yarada bilər. Həmçinin, Rusiya hərbi birləşmələrinin bilavasitə dəstəyi ilə yeni əməliyyatların başlanması və digər Azərbaycan ərazilərinin ələ keçirilməsi də istisna olunmur. Rusiya Gömrük İttifaqı adıyla bərpa etmək istədiyi imperiyaya Azərbaycanı qatmaq üçün əlindəki digər mühüm kartlardan da istifadə edə bilər. Buraya ölkədə digər etnik azlıqların separatçı hərəkətlərinə dəstək verməklə bölücülük fəaliyyətini də əlavə etmək olar. Bunun üçün rəsmi Kremlin əmrinə müntəzir olan qüvvələrə kiçik bir işarəsi kifayətdir. Yenidən ölkənin şimal və cənub bölgələrində etnik ləzgilər və talışlar vasitəsilə qarışıqlıq salmaq Moskva rəsmilərinin ehtihat variantlarından biridir. 90-cı illərin əvvəllərində olduğu kimi Azərbaycanı kiçik “xanlıqlara” parçalamaqla hərc-mərcliyə, özbaşınalıqlara meydan açmaqla vəziyyəti hər an nəzarətdən çıxartmaq Rusiya üçün ənənəvi siyasət metodudur. Ölkənin şimal bölgələrində, xüsusilə Quba, Qusar, Xaçmaz ərazilərində Rusiya yönümlü əhval-ruhiyəni gücləndirmək, cənub ərazilərində İranın aktiv dəstəyi ilə qarışıqlıqlar salmaq Moskvaya əlavə dividentlər qazandırmaq üçün mühümdür. Qeyd olunan ərazilərdə İran və Rusiya xüsusi xidmət orqanlarının daima aktiv fəaliyyət göstərdiyini nəzərə alsaq, planı işə salmağın o qədər də çətin olmadığı aydın olar. Azərbaycanın təkrar işğalında Rusiyanın ən yaxın müttəfiqi müstəqil Azərbaycan dövlətinin yaranmasından heç də xoşhal olmayan İrandır. İran rəsmi Moskvanın planlarının həyata keçirilməsində aktiv iştirakçı qismində pərdəarxası fəaliyyət göstərə bilər. Ölkədə qarşıdurma şəraiti yaratmaq, Rusiya meyilli qüvvələr vasitəsilə hakimiyyətə qarşı güclü müxalif cəbhə formalaşdırmaqla xaos yaratmaq, kütləvi aksiyalara meydan açmaq variantı da aktiv variantlardan biridir. Sözəbaxan hökumət formalaşdırmaq üçün hakimiyyət dəyişikliyinə cəhd etmək, fürsət gözləyən qüvvələri önə çıxartmaq da çətin deyil. Azərbaycanda xaotik durum yaratmaqla ölkənin federal mahallara bölünməsinə şərait yaratmaq, nəticədə “güclü Rusiyasız” yaşamanın mümkünsüzlüyünə dair rəy formalaşdırmaq Kreml texnoloqlarının planlarının tərkib hissəsidir. Azərbaycana təzyiq etmək üçün Moskvanın əlində olan və tez-tez istifadə etdiyi variantlardan biri də miqrantlar məsələsidir. Məlumdur ki, bu gün milyonlarla həmvətənimiz Rusiyada yaşayır, xalqın əhəmiyyətli qisminin dolanacağı bu ölkədən gələn pullar hesabına təmin olunur. Həmin miqrantların kütləvi şəkildə Rusiyadan çıxarılması Azərbaycanda böyük narazılıqlara səbəb olar, iqtisadi durumu gərginləşdirə bilər. Miqrantların ölkəyə dönməsi ilə yaranan kütləvi işsizlik yeni kütləvi aksiyalara başlatmaq üçün münbit şərait yaratmağa imkan yaradardı. Eyni zamanda “Rus pulunun” dadını görən və ölkədə istədiyi şəraitlə təmin olunmayan həmin çoxmilyonluq miqrantlar Rusiyanın Azərbaycanda maraqlarının təmin olunmasına da fəal yardımçı ola bilərlər. Bir çox ekspertlər mümkün variantlar içərisində Xəzərin hüquqi statusu məsələsinə də önəm verirlər. Rusiya istənilən anda İranın və Türkmənistanın mövqelərini müdafiə etməklə bu mübahisəli durumda Azərbaycanı təkləyə, bir çox əhəmiyyətli neft və qaz yataqlarının istismarına maneçilik törədə bilər. Bunun üçün Azərbaycan sektorunda olan yataqlar tamamilə ələ keçirilməklə ölkənin iqtisadi vəziyyəti gərgin duruma salınar, imzalanmış beynəlxalq müqavilələrin icrası təhlükə altına alınardı. Rusiya Xəzər regionunda Azərbaycana təzyiq etmək üçün özünün və İranın hərbi dəniz qüvvələrindən aktiv istifadə edə bilər. Azərbaycanın təhdid olunduğu vasitələrdən biri də terrorçu qrupları aktivləşdirməklə ölkədə silsilə terror aktlarının təşkil olunması, kriminogen durumun nəzarətdən çıxarılmasıdır. Həmin qruplar vasitəsilə mühüm strateji obyektlərdə partlayışlar təşkil etmək, tanınmış dövlət və ictimai şəxslərin həyatına sui-qəsdlər həyata keçirmək respublikada vəziyyəti çətin duruma salmaq üçün kifayətdir. Bunları həyata keçirmək üçün Rusiyanın bölgədə kifayət qədər nəzarətində olan qruplaşmalar var. Ölkədə hökm sürən stabil durumu gərginləşdirmək, narazı eloktoratı təşkilatlandırmaq çox ağır sonluqlara gətirib çıxarmaq baxımından əhəmiyyətli variant hesab olunur. Artıq Rusiyanın son addımlarından sonra Azərbaycanda da Rusiya pərəst qüvvələrin xeyli aktivləşdiyi nəzərə çarpır. Düzdür, bu qüvvələr o qədər də güclü eloktorata, sosial bazaya malik olmasalar da yuxarıda sadaladığımız variantları işə salmaqla Rusiya onlara əlavə güc verə bilər. Azərbaycan kommunistləri, Kremldən doğan günəşin həsrətini çəkən digər təşkilatlar, partiyalar fəallaşaraq rəsmi Moskvaya açıq dəstək nümayiş etdirirlər. Söyün Sadıqov, Abbas Abbasov, Telman Nurullayev və nə qədər də qəribə olsa, Əbdürrəhman Vəzirov yenidən siyasət müstəvisində tez-tez adları hallandırılan simalar olublar. Qəribə burasıdır ki, bu və digər şəxslər Kremlyönlü fəaliyyətlərinin sırf milli mənafelərə xidmət etdiyini əsaslandırır, Azərbaycanın nicatının Rusiyadan asılı olduğunu səsləndirirlər. Putinə dəstək verənlər içərisində Rusiyada yaşayan, bu ölkədə kifayət qədər nüfuz və mövqe sahibi olan həmyerlilərimiz də az deyil. Onlar üçün Azərbaycanın müstəqilliyindən daha çox Rusiyanın qoltuğunda olması əlverişlidir. Son dövrlərdə Moskvada belə insanların “yada düşməsi” heç də təsadüfi sayılmamalıdır. Qanlı yanvar hadisələrindəki fəaliyyəti ilə Azərbaycan tarixində qara ləkə kimi qalan Əbdürrəhman Vəzirovun son fəallığı da Kremlin əski müttəfiqlərini unutmadığını göstərir. Uzun müddət gözə görünməyən, az qala unudulan Vəzirov indi Rusiya kommunist təşkilatlarının sevimli qəhrəmanına çevrilib. İlk kosmonavt Qaqarinin dostu olduğunu söyləyən Vəzirov müasir komsomolçulara alovlu kommunist salamını da yetirməyi unutmayıb. Azərbaycanda qoz ağacı əkdiyi illərin xiffəti ilə yaşayan Əbdürrəhman Xəliloviç yəqin ki, əbəs yerə ümüdlənməyib. Görünən odur ki, onu bu hallara bir salanlar var! İndi Azərbaycan müstəqillik tarixinin ən çətin və məsuliyyətli dövrünü yaşayır. Yaranmış gərgin beynəlxalq vəziyyətdə, böhran şəraitində dövlətçiliyimizin başı üzərini qara buludlar örtüb. Dünyanın bu qarışıq dönəmində müstəqil dövlətçiliyimizin qorunub saxlanılması ən vacib məsələdir. Belə məsuliyyətli bir zamanda bütün siyasi iddiaları bir kənara qoymaq, mövcud təhlükələrə qarşı milli birlik nümayiş etdirmək şərəf məsələsidir. Ümumilli maraqlar naminə iqtidar-müxalifət cəbhələrinə bölünmədən dövlətimizi qorumasaq, hər birimizin taleyi təhlükə altında qala bilər. Unutmayaq ki, fərdlər, partiyalar müvəqqəti və keçicidir, amma Vətən, dövlət əbədidir. Kimin kim olduğunu zaman göstərəcək. Rəhmətlik Sabir demişkən, çalxalandıqca, bulandıqca zaman, yağı yağ üstə çıxacaq, ayranı ayran üstünə... SƏRDAR MUSA
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?