Sabiq komandanın ətrafında halqa daralır və yeyinti faktlarına görə adamları həbsə atılıb; “ Gündəm-xəbər”in silsilə xəbərləri təsdiqlənir
Şahin Sultanovun həbsi addım-addım yaxınlaşır. Sabiq vitse-admiral barədə “Gündəm-xəbər”in ardıcıl yazıları təsdiqini tapmaq üzrədir. Keçmiş komandanın qandallanması və dəmirbarmaqlıqlar arasına salınması üzrə hazırlıq işləri gedir. Qəzetimizin mötəbər qaynaqlara istinadən dərc etdiyin xəbərlərin rəsmiləşdiyi göz qabağındadır. Belə ki, Şahin Sultanovun ətrafında halqa daralır, adamları bir-bir həbsə atılır, elə qudası olan sabiq nazir müavini Aslan Aslanov barəsində iddialar da özünü doğrultmaqdadır. Əldə etdiyimiz xəbərdə iddia olunur ki, Şahin Sultanovun həbsi qaçılmazdır. Belə ki, bu günlərdə Şahin Sultanov tərəfindən külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxması vəziyyətini dramatikləşdirib. Mənbədən gələn son məlumatlarda iddia olunur ki, sabiq vitse-admiralın həbsi üçün münbit şərait yetişdirilir. Yuxarı dairələrdə gedən müzakirələrdə onun həbs olunması qətiləşdirilir. Ş.Sultanovun özü də məsələdən halidir və həyəcan keçirir. Sabiq komandan böyük oyunun içərisində qurban verilə bilər. Mənbə qeyd edir ki, vəzifədə olduğu dövrdə Sultanov milyonlar mənimsəyib. Bu yeyinti faktları o dərəcədə bəsit həyata keçirilib ki, onları müəyyən etmək çətin olmayıb. Onun kadrlarının həbs edilməsi də yaranmış situasiyaya adekvat sayıla bilər. Belə görünür ki, artıq Sultanovun yolu həbsxanadan düşəcək. Hazırda Azərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılır. Yanvarın sonlarından başlayan yoxlamalar nəticəsində ciddi qanun pozuntuları aşkarlanıb. Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanov tərəfindən külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir. Eyni zamanda HDQ-nin 6 hərbi qulluqçusu saxlanılıb. Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb. Bu faktların aşkarlanması nəticəsində heç bir əks arqument tapa bilməyən Sultanov həbsdən qaçış yollarını axtarmaqdadır. Ancaq gedişat belə deməyə əsas verir ki, həbsdən qaçış nonsensdir. Yaxın günlərdə bu maxinasiyalarla bağlı ən yeni məlumatlar ictimailəşdiriləcək. Rafiq Qara
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?