Elçin Xəlilov və Yunus Məmmədovdan sonra növbə Rauf Kişiyevə çatıb; vitse-admiralın ən yaxın kadrı barəsində qərar hazırlanır
Həbsdəki sabiq vitse-admiral Şahin Sultanovun adamı həbs edilə bilər. Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi Rauf Kişiyevin sabiq komandanın yanına göndərilməsi üzrə hazırlıq gedir. Mötəbər qaynaqdan “Gündəm-xəbər”ə sızan məlumatda iddia olunur ki, R.Kişiyevin Ş.Sultnaovla əlaqələri araşdırılıb. Onun həbs etdirdiyi hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun işində barmağı olduğu aydınlaşıb. Eyni zamanda Ş.Sultanovun maxinasiyalarının təşkilində iştirak edib. Bu da idarə rəisinin həbsini yaxınlaşdırıb. Qarşıdakı günlərdə Kişiyevlə bağlı həbs qəti-imkan tədbiri seçilə bilər. Ş.Sultanovun istintaq altında verdiyi ifadələrdən asılı olaraq R.Kişiyev barəsində qərar çıxarılacaq. İdarə rəisi həbsinə hazırlıq getdiyindən xəbər tutub və önləyici tədbirlərə əl atıb. Özünü həbsdən xilas etmək üçün danışıqlara girişib. Ancaq buna müyəssər olacağı bilinmir. Qaynağımız qeyd edir ki, R.Kişiyev Ş.Sultanova ən yaxın adamlardan olub. Nazirlikdə isə yeni nazirlə münasibətləri çox da ürəkaçan deyil. Bu mənada onun da həbsi real görünür. Mənbə qeyd edir ki, R.Kişiyev hüquq müdafiəçisinin həbsində canla-başla fəallıq edib. Vitse-admiralın korrupsiya əməliyyatlarında isə birbaşa rol alıb. Bütün bunlara araşdırılıb ortaya çıxarılandan sonra, Kişiyevin həbsi ehtimalı güclənib. B.Məmmədov özü də yazıb ki, Kişiyev onu şərləyib tutdurmaq qərarında yer alıb: “Keçmiş nazir Səfər Əbiyevin tapşırığı ilə Şahin Sultanov barəsində daxili araşdırma aparıldığını bildirərək şikayətləri dayandırmağım(?) və onlardan imtina etməyim(?) tələb olundu. Bundan əvvəl isə bu mövzulu xahişlər nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu, nazir müavini Çingiz Məmmədov, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində dərs deyən doğma qardaşım Bayram Məmmədov tərəfindən də edilmişdi. Mən çoxsaylı xahişləri, nazirliyin nüfuzunu nəzərə alaraq humanistlik göstərdim və şikayətlərdən imtina etməyim barədə izahat yazdım və cəmi 1 aydan sonra da sifarişli şəkildə həbs edildim. Şahin Sultanov istintaqa ərizə ilə müraciət edərək bildirmişdi ki, guya ondan 18 min manat pul istəmişdim”. Maraqlıdır ki, həbsdəki hüquq müdafiəçisinin çəkdiyi adların heç biri artıq nazirlikdə vəzifə almayıb. Sabiroğlu çıxarılıb, Ç.Məmmədov yola salınıb, Elçin Xəlilov həbsdədir, Sultanov da məlum. Növbə Kişiyevə çatıb. Bu arada isə Şahin Sultanovun həyat yoldaşının prezident İlham Əliyevə ünvanladığı məktubda həbslə əlaqədar “yaxşı münasibətlərdə olduğu” şəxslər sırasında yalnız “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyevlə əlaqə saxladığını deməsi araşdırmalara yol açır. Vitse-admiralın həyat yoldaşı məlum müraciətində E.Pirverdiyevin onu arxayın saldığını bildirmişdi: “Etibar Pirverdiyevlə telefonla danışmışam. Mənə dedi ki, ürəyini buz kimi saxla, bizdə hər şey tər-təmizdir”. Göründüyü kimi, söhbət Bayraq Meydanının tikintisində zabitlərin köçürülməsi zamanı maliyyə yeyintilərinə yol verilməsi prosesinin istintaqın araşdırdığı barədə mediaya sızan xəbərlərin heç də təsadüfən yaranmadığını təsdiqləyir. Maraqlıdır ki, mediada Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Şahin Sultanovla “Azərenerji” sədri Etibar Pirverdiyevin yalnız bir dəfə - Bayraq Meydanı tikilərkən müştərək çalışdığı barədə məlumat var. Dövlət Bayraq Meydanının yerləşdiyi ərazidə vaxtilə 28 hərbiçi ailəsinin yaşadığı mənzillər vardı. Həmin mənzillərin sökülməsinə və orada yaşayan Hərbi Dəniz Qüvvələrinin zabitlərinin yeni mənzillə təmin olunmalarına dövlət büdcəsindən 2 milyon manat ayrılmışdı. Bayraq Meydanının inşasına Etibar Pirverdiyevə məxsus olduğu iddia olunan “Azenko” şirkəti məsuliyyət daşıyırdı və Meydanın tikintisində də hesabatı E.Pirverdiyev verirdi. Vəkili isə Bayraq meydanı ətrafında baş verən köçürülmə prosesi ilə bağlı mənimsəmə faktlarında Şahin Sultanovun adının hallanmasına münasibət bildirib: “Orada köçürülmə çox sürətlə həyata keçirilib. Ola bilər ki, layihə çərçivəsində kimsə kimisə aldadıb. Lakin Şahin Sultanovun bu məsələdə günahı olmayıb”. Vitse-admiral Şahin Sultanovun hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçirilib. Vəkil Ş.Sultanova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunduğunu vurğulayıb: “ Bu maddədə “Külli miqdarda mənimsəmə” dedikdə 7 min manat və daha çox məbləğ nəzərdə tutulur. Şahin Sultanova da guya 7-8 min manat verildiyi iddia olunur. İndi isə ona qarşı ittihamın necə irəli sürüldüyünü açıqlayıram. Təqsirləndirilən şəxs Elxan Hacıyev həbsindən 3 ay sonra vəkilindən imtina edib və öz əleyhinə sərbəst ifadə verib. Bu zaman o, ifadəsində Şahin Sultanova xidməti otağında 8 min manat pul verdiyini bildirib. Lakin üzləşmə istintaq hərəkətində həmin məbləğin 7 min manat olduğunu göstərib. Göründüyü kimi sərbəst ifadə ilə üzləşmə ifadəsi arasında ziddiyyətlər var. Sultanova qarşı verilən ziddiyyətli ifadə onun günahsız olduğunu bir daha sübut edir”. Xatırladaq ki, Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. RAFİQ
Sorğu
Yeni dizaynımız necədir?