Suriyada döyüşən azərbaycanlı kişilərə qadınlarımızın da qoşulduğu xəbəri gündəmdə “soyuq duş” effekti yaratdı. Deməli, gələcəkdə potensial radikal Azərbaycan nəslinin təməlləri öz torpaqlarımızda deyil, məhz Suriyada atılır. Azərbaycanlı kişilərin bu yolu tutması şokundan ayılmamış qadınların da başqa torpaqlarda din uğrunda savaşa yollanması həyəcan siqnalını işə salmalıdır desək, yanılmarıq. Xüsusilə, bəzən Suriyaya gedən qadınlar özləri ilə övladlarının da aparırsa. Amma ortada fakt olsa da, bunun qarşısını ala biləcək addımlar hələ ki görünmür. Səbəblər isə qaranlıq və naməlumdur. Suriyada neçə azərbaycanlı qadın vuruşur? Konfliktoloq Arif Yunus mətbuata müsahibəsində deyir ki, ondan olan dəqiq məlumata görə, Suriyada bu gün iki azərbaycanlı qadın vuruşur: “Üçüncüsünün də olduğu deyilir, amma bu dəqiq deyil: “Başqa torpaqlarda din uğrunda döyüşən azərbaycanlı qadınların da getməsi faktı hələ 2009-cu ildən var. Bu gün Suriya ilə yanaşı, Əfqanıstanda olan azərbaycanlı qadınlar da var. Suriyada iki azərbaycanlı qadının olduğu dəqiqdirsə, Əfqanıstanda onların sayı 3-dür. Bu dəqiq informasiyadır. Gedən qadınlar da əsasən Azərbaycanın Şimal bölgəsindən olan 25-30 yaşlı cavan qızlardır. Bu qadınlar əsasən sələfi təriqətinə mənsubdurlar və Suriyaya gedən kişilər kimi 100 faiz Türkiyə yolu ilə gedirlər. Əvvəlcə Türkiyəyə gedir, oradan da asanlıqla Suriyaya keçə bilirlər”. Ekspert qeyd edib ki, bu qadınların əksəriyyəti ərlərinin arxasınca gedib və orda da qalıblar. “Orda ərsiz qadın yoxdur. Bəzən Əsəd tərəfdarları və şiələrə yaxın saytlar Suriyaya gedən qadınların cinsi istismar üçün getdiklərini yazırlar, amma bu belə deyil. Sələfilərlə yaxın saytlar da şiələr haqqında siğə etdiklərinə görə, müxtəlif informasiyalar yazırlar. Amma bir var informasiya müharibəsi, bir də var reallıq. Reallıq odur ki, bu qadınlar da kişilər kimi əqidələrinə görə bu yolu tutublar. Söhbət ondan getmir ki, onlar düz yol tutublar, ya yox. Bu yol yanlış da olsa onlar bunu edirlər və inanırlar ki, Allah yolunda vuruşur, öldükdə də cənnətə gedəcəklər. Güman ki, ora gedənlərin 90 faizi sağ qayıtmayacaq və özləri də bunu yaxşı bilirlər, buna rəğmən də bu yolu tuturlar”, - deyə A.Yunus qeyd edib. “Quru çörək yesinlər, öz torpaqlarında, evlərində olsunlar”, - millət vəkilindən çağırış Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva məsələ ilə bağlı açıqlamasında Azərbaycanın Suriyada səfirliyi bu ölkədə işini dayandırıbsa, həmin qadınların, uşaqların taleyi ilə bağlı məlumat almaq, onları geri qaytarmaq çətindir: “Axı bilinmir ki, o qadınlar uşaqları ilə Suriyada hansı bölgədədirlər. Milli Məclis Suriyaya döyüşə yollananlarla bağlı qanunvericiliyi sərtləşdirdi. Biz daha nə edə bilərik. Günah o qadınlardadır ki, onlar həyat yoldaşlarının düz yolda olmadığını bilə-bilə onlarla Suriyaya yollanırlar. Düzdür, bəziləri ora gedənə qədər bilmirlər nə üçün gedirlər. Amma bilə-bilə uşağı da götürüb bu ölkəyə gedəndə təhlükəni hiss etməli idilər. Mən həyat yoldaşları bu cür radikal dini təriqətlərə qoşulanlara demək istəyirəm ki, ac qalsalar da öz ölkələrində qalmağı seçsinlər. Quru çörək yesinlər, öz torpaqlarında, evlərində olsunlar. “Cihad” adı ilə Suriyaya döyüşə gedən həyat yoldaşlarına qoşulub bu səhv addımı atmasınlar ki, sabah geri də qayıtmaq problem olsun”. “Suriyaya gedənlərə insan alveri faktoru kimi baxmalıyıq” Qadın Krisiz Mərkəzinin rəhbəri Mətanət Əzizova Publika.Az-a deyib ki, Suriyaya qadınların getməsi faktı ilə bağlı onlara müraciət olunmayıb. Onun sözlərinə görə, ər, arvad, bəzən də uşaqların Suriyaya getməsi “ideya” uğrundadır: “Ona görə də bununla bağlı kimsə müraciət etmir. Məsələ o vaxt ortaya çıxır ki, valideynlər övladlarını axtarmağa başlayır. O da ora gedənlərin ölüm, yaxud itkin düşməsi xəbəri gələrkən baş verir. Mən burdan o valideynlərə üz tutaraq demək istəyirəm ki, nə üçün vaxtında müvafiq orqanlara müraciət etməmisiniz. Çünki, bu bir gün içində baş verən məsələ deyil. Ən azından övladlarının bu yola düşdüyünü valideyn bir il öncədən də bilə bilər”. M. Əzizova qeyd edib ki, burda təkcə din amili deyil, insan alveri faktoru da var: “Hansısa müharibəyə kimisə sövq etmək, vədlər verərək müharibə zonasına göndərmək insan alveri faktorudur. Müxtəlif qüvvələr bundan dvidentlər əldə edir. Çünki, ora gedənlərə əsas vəd cənnətə düşməkdir. Digər vədlər isə “döyüş, qayıdanda ev ala bilərsən” və digərdir. Yəni birinci məsələ maliyyə məsələsidir”. Ekspert təklif edir ki, bu məsələyə dini durum kimi deyil, insan alveri kimi baxmaq lazımdır. “İstər uşaqları, istər qadınları və kişiləri müharibə zonasına göndərmək, müxtəlif vədlər verməklə hansısa qüvvələr gəlir əldə edir. Kimlər gəlir əldə edir, bu aydınlaşmalıdır. Mən bildirirəm ki, buna insan alveri faktoru kimi baxmalıyıq. Çünki, ora getmək üçün Türkiyəyə gedirlər, Türkiyəyə getmək üçün də əlində pul olmalıdır. Orda müxtəlif insanlarla görüşür, Suriyaya keçirlər. Yəni bütün bu işləri kimlərsə görür və bu Azərbaycan, Türkiyə və Suriya üzrə bölüşdürüb. O da məlumdur ki, Azərbaycandan Suriyaya döyüşçü göndərməkdə kimlərsə maraqlıdır. Eyni ssenari Orta Asiyada da var. Lakin onlar buna insan alveri faktoru kimi baxırlar. Dövlət qurumları, QHT-lər eyni mövqedən çıxış edirlər”. M. Əzizova “Azərbaycandan Suriyaya əsgər göndərməkdən kimlər gəlir əldə edir? Buna cavab tapmaq lazımdır”, - deyə qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?