Azad Rəhimov yola salınır, gənclər siyasəti dəyişir
Mayın ortalarında ölkədə dialoq dövrü başlayacaq, iqtidar balanslaşdırılmış siyasətdən imtina edib, Qərbyönümlü siyasətin icrasına qərar verib Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin tərkibində Gənclər təşkilatları ilə iş sektoru yaradılıb. Əldə etdiyimiz xəbərə görə, hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir. Yeni yaradılmış sektor həmin təşkilatlarla əlaqələrin inkişaf etdirilməsini, bu qurumlarla iş aparan dövlət orqanlarının və qurumların fəaliyyətinin əlaqələndirilməsini təmin edəcək. Qeyd edək ki, bu günə qədər Azərbaycanda gənclər sektoru ilə işin təşkili qeyri-rəsmi olaraq Prezident Administrasiyasının siyasi-təhlil şöbəsinin müdiri Elnur Aslanova tapşırılmışdı. Lakin 2013-cü ilin prezident seçkilərindən sonra proses fərqli istiqamətdə inkişaf edirdi. Dövlətin gənclərlə bağlı ictimai-siyasi fəaliyyəti PA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun nəzarətinə verilmişdi. Hətta bir müddət gənclər və idman naziri Azad Rəhimovun belə səlahiyyətləri əlindən alınmışdı. Dövlətin təşkil etdiyi gənclərlə bağlı tədbirlərdə Azad Rəhimovun müavini İntiqam Babayev məşğul olurdu. İntiqam Babayevin isə Əli Həsənovla birgə fəaliyyət göstərməsi barədə mətbuatda informasiyalar verilirdi. “Gündəm xəbər”ə daxil olan məlumata əsasən, Elnur Aslanovun işini itirməsindən sonra Rəsmi Bakı gənclər siyasəti ilə bağlı kordinal dəyişikliklər etmək qərarına gəlib. Aldığımız informasiyalara əsasən, Əli Həsənov yaxın zamanlarda hətta “İrəli” İctimai Birliyinin fəaliyyəti ilə bağlı da ciddi korrektələrin aparılmasına dair tapşırıqlar verəcək. Bildirilir ki, bu prosesdə gənclər və idman naziri Azad Rəhimovla yanaşı millət vəkili Ceyhun Osmanlının da “vurulması” planlaşdırılıb. Ölkə mediasında dünən Ceyhun Osmanlının dövlət maraqlarını ABŞ-dakı bəzi siyasi institutlarla əməkdaşlıq edərək qorumamasına dair xəbərlər yayılmışdı. Bu mövzu ilə bağlı bilgi verən mənbə dünən Ceyhun Osmanlı haqda yazıların tirajlanmasını təsadüf kimi qiymətləndirmir. Mənbə israr edir ki, “İrəli”nin fəaliyyəti ilə bağlı artıq 2012-ci ildən qurumun hərəkat formatından çıxaraq, ictimai birliyə çevrilməsi dövründə mənfi qərar verilib. Məsələ burasındadır ki, dövlətin gənclər siyasəti ilə bağlı olaraq aparılan siyasi kurs artıq fundamental olaraq dəyişdirilir. Daxil olan informasiyaya görə, hətta yaxın zamanlarda Azərbaycanda siyasi parityalar, gənclər təşkilatları və müstəqil media ilə dövləti münsibətlər sistemində ciddi dəyişikliklər ediləcək. Yaxın dövr üçün rəsmi Bakı daxili siyasi münasibətlər sistemini fərqli müstəviyə çıxarmaq istəyir. Bu barədə informasiya verən qaynaq iddia edir ki, İctimai Televiziyada müxalifət liderlərinə efir vaxtının ayrılmasına dair açıqlamalar, həmçinin Mətbuat Şurasının “qara siyahısı”nda adları olan xeyli saylı KİV orqanının “əfv” edilməsi və s. kimi mesajlar təsadüfi deyil. Mənbəmiz iddia edir ki, hakimiyyət dairələrində vətəndaş cəmiyyəti ilə hakimiyyətin münasibətləri də fundamental olaraq dəyişəcək. Prosesin təxmini olaraq may ayının ortalarından etibarən başlanacağı bildirilir. May ayında isə ölkədəki siyasi məhbuslarla bağlı olaraq mühim əfv fərmanın imzalanacağı və bununla da yeni siyasi münasibətlər dövrünün başlanacağı gözlənilir. Məhz Əli Həsənovun gənclər siyasətinə kardinal olaraq dəyişiklik etməsi də gözləniləndir. Gözlənilən başqa bir məqam odur ki, hətta yaxın zamanlarda Gənclər və İdman Nazirliyi ilə müstəqil və hətta müxalifyönümlü gənclər təşkilatları arasında da əməkdaşlıq dövrü başlaya bilər. Qeyd edək ki, yeni mərhələnin başlanması həm də ABŞ-ın və Qərbin rəsmi Bakıdan istəkləri əsasında formalaşır. Xəbərlərə görə, Azərbaycanın Ukrayna məsələsində AŞPA və digər beynəlxalq təşkilatlarda tutduğu mövqedən sonra bu tövsiyyələr Azərbaycana göndərilib. Məhz Ukrayna məsələsi ilə bağlı Azərbaycan iqtidarının tutduğu mövqedən sonra Rusiyanın aqressivləşə biləcəyi, hətta ölkə daxilində müxalifəti maliyyələşdirmək istəməsi də gözlənilə bilər. Bu baxımdan da rəsmi Bakı tutduğu mövqeyi ilə ABŞ və Qərbin mövqelərinə daha da yaxın olub. Bu isə artıq balanslaşdırılmış xarici siyasət kursunun başa çatması, qərbyönümlü siyasi kursun başlanğıcı deməkdir. Rüfət ƏLİCANLI
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?